Putin bu il ən çox Əliyev və Ərdoğanla görüşüb - Qarabağa şans pəncərəsi

Azərbaycan və Türkiyənin Rusiya üçün önəmi artır, iki qardaş ölkə liderinin Putinin yanında söz sahibliyi güclənir; Ermənistanın yeni rəhbərliyi yeni və sərt reallıqla üz-üzə...

“Bu il Rusiya-Azərbaycan münasibətləri çox sürətlə inkişaf edib. Prezident Vladimir Vladimiroviç Putinlə 6 dəfə, o cümlədən mənim Rusiyaya rəsmi səfərim və onun Azərbaycana səfəri, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşmüşük”. Bu barədə prezident İlham Əliyev “Rossiya 24" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, həmin görüşlərin hər biri uğurla nəticələnib. “Şadam ki, bu gün azərbaycanlı investorlar kimi, rusiyalı investorlar da ölkələrimizin iqtisadiyyatına sərmayə yatırır, mal dövriyyəsinin artırılması, birgə istehsalların yaradılması üçün çox güzəştli şərtlər yaradılır”, - prezident qeyd edib.

İlham Əliyev qarşılıqlı münasibətlərin müxtəlif istiqamətlərinin inkişafı üzrə “yol xəritələri”nin hazırlandığını da deyib. “Düşünürəm ki, nəqliyyat sahəsində birgə təşəbbüslərimiz ikitərəfli ticarətin inkişafına ciddi təkan verəcək. ”Şimal-Cənub" layihəsi artıq həyata keçirilir. Yalnız bu il biz Azərbaycan vasitəsilə tranzitin on dəfə artmasını müşahidə edirik", - dövlət başçısı vurğulayıb.

Prezident onu da qeyd edib ki, Bakı və Moskva ikitərəfli münasibətlərin inkişafına kompleks şəkildə yanaşır. “Münasibətlərimizə kompleks şəkildə yanaşırıq. Bunun özülü isə tarixi dostluğumuzdur. Həmin özül üzərində biz siyasi münasibətlərin çox ciddi bazasını qurmuşuq” - İlham Əliyev əlavə edib.

*****

Erdoğan Putin ile ilgili görsel sonucu

Maraqlıdır ki, Rusiya lideri xarici ölkə başçıları arasında bu il Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da rekord sayda - 7 dəfə görüşüb. Az öncə Moskvadan bunu rəsmən bildiriblər. Demək ki, iki qardaş ölkənin Rusiya üçün strateji önəmi xeyli artıb. Bu il Bakı həmçinin iki dəfə (aprel və dekabr) Rusiya və NATO Silahlı Qüvvələri Baş Qərargah rəislərinin görüş məkanı olub ki, bu da sözsüz ki, Azərbaycanın dünyada artan avtoritetinin və ona etimadın başqa bir təzahürü sayıla bilər.

Bütün bu pozitiv gəlişmələr əlbəttə ki, gələn il ikitərəfli münasibətləri daha yüksək səviyyəyə qaldırmaq və regiondakı problemləri müştərək şəkildə aradan qaldırmaq üçün daha yaxşı zəmin, unikal fürsət deməkdir. Söhbət həm də 30 ildir həlli uzanan Dağlıq Qarabağ konfliktindən gedir.

Nikol Paşinyan ile ilgili görsel sonucu

Sirr deyil ki, rəsmi Bakı 2019-a xüsusi optimizmlə baxır. Bir səbəb də odur ki, Ermənistanda hakimiyyətə əli günahsız insanların, uşaqların qanına batmayan qüvvə, Nikol Paşinyan gəlib. Hərçənd onun Qarabağla bağlı mövqeyi hələ ki sələflərindən ciddi şəkildə fərqlənmir. Ümid edək ki, öz komandasını tam formalaşdırdıqdan sonra Paşinyan Qarabağ reallıqlarına daha realist gözlə baxa biləcək və konstruktivlik göstərəcək.

Daha bir səbəbə görə: Ermənistanın “demokratik” hökuməti də əvvəlki kursu davam etdirsə, işğal rejimini süni şəkildə uzatmağa çalışsa, gələn il müharibə riski olduqca yüksək olacaq. Azərbaycanın dözüm limiti sonsuz deyil, hətta artıq bitib. Bakı xalqın boğazından kəsərək aldığı ən müasir, bahalı silahları da illərlə vitrinə qoymaq fikrində deyil. 2016-cı ilin aprel dərsi var. Nikol bunu qulaqardı edə bilməz. 

Başqa yandan, yeni müharibə sanksiyalardan əziyyət çəkən Moskvaya əsla lazım deyil. Çünki bu müharibə minimum Azərbaycan və Türkiyə kimi strateji tərəfdaş ölkələrlə yüksəlişdə olan əlaqələri ciddi sınağa çəkəcək. Yeri gəlmişkən, bu yaxınlarda Türkiyə lideri də Qarabağ ixtilafının həllində ciddi irəliləyiş əldə eləməyin vaxtı çatdığını söyləmişdi.   

İlham Əliyev Putin ile ilgili görsel sonucu

Bu üzdən hərbi əməliyyatların daha geniş miqyasda qızışmaması üçün Moskva, Putin gələn il real addımlar atmalıdır. Kreml gələn il ya Azərbaycan torpaqlarının heç olmasa, bir hissəsinin qeyd-şərtsiz azad edilməsinə zəmin yaratmalı, ya da Bakının silah gücünə bir (neçə) rayonu azad etməsinə göz yummalıdır ki, işğalçı Ermənistan Azərbaycanın hərbi qüdrətinə əmin olub danışıqlarında konstruktiv mövqeyə köklənsin.                  

*****

Maraqlıdır ki, bu arada Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov gələn il Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha əlverişli ab-havanın yaranacağına dair ehtiyatlı nikbinlik duyduğunu söyləyib. Diplomat bunu mətbuat konfransında konfliktin həlli perspektivləri barədə danışarkən söyləyib.

Mixail Boçarnikov ile ilgili görsel sonucu

Lakin səfir xatırladıb ki, nikbinlik üçün əsaslar bu il  - Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərinin keçirilməsi ilə qoyulub. “Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bununla bağlı qiymətləndirməsini eşitmişəm və bilirəm ki, yanvar ayına növbəti görüş planlaşdırılıb. Rusiya bu tendensiyanı alqışlayır və ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi, bu cür görüşləri dəstəkləməyə davam edəcək” - səfir əlavə edib.

Əlbəttə, səfir işin içində olan şəxs deyil. Üstəlik, Azərbaycana təzəcə gəlib. Məsələdə əsas söz sahibi əlbəttə ki, prezident Putindir - bu il rekord sayda Əliyev və Ərdoğanla görüşən Rusiya prezidenti. Bu görüşlərin təsadüfi olmadığını Kreml başçısının 2019-da sübut etməsi lazım gələcək - ələlxüsus Qarabağ məsələsində...

“Rossiya 24"ə müsahibəsində İlham Əliyev bildirib ki, görüşlər zamanı ikitərəfli qarşılıqlı münasibətlərin müxtəlif istiqamətlərinin inkişafı üzrə ”yol xəritələri" hazırlanıb. Onlardan biri niyə də Qarabağ üçün hazırlanmasın?.. 

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar