POLİTOLOQ: "MOSKVA ANLAYIR Kİ, RƏSMİ BAKI İLƏ YAXIN ƏLAQƏLƏR QURMAQ HƏM RUSİYA, HƏM DƏ ÜMUMİLİKDƏ BÖLGƏ ÜÇÜN FAYDALIDIR"

"Azərbaycanın yeritdiyi siyasət çox uğurlu və funksionaldır. Müstəqil siyasət yürüdən Azərbaycan qonşu ölkələr üçün əlverişli və etibarlı tərəfdaşdır”. Bunu "Sherg.az”a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
 
Ekspert bildirib ki, hər ölkənin öz siyasi çəkisi var və dövlətlərin gücü birbaşa ölkəyə rəhbərlik edən liderin mövqeyindən, onun siyasi hazırlığından və nüfuzundan asılıdır: 
 
"Bu baxımdan Azərbaycanla Ermənistanı müqayisə etmək qətiyyən doğru deyil. Regionun lideri Azərbaycanla münasibət qurmaq istəyən dövlətlər çoxdur. Təbii olaraq bizimlə sıx əməkdaşlıq etmək istəyən, münasibətləri inkişaf etdirməyə çalışan dövlətlər arasında şimal qonşumuz Rusiya da var. Moskva anlayır ki, rəsmi Bakı ilə yaxın əlaqələr qurmaq həm Rusiya, həm də ümumilikdə bölgə üçün faydalıdır. Düzdür, yaxın münasibətlərimizi qısqanan, buna zərbə vurmağa çalışan qüvvələr mövcuddur. Ancaq şəxsən prezident Vladimir Putin başda olmaqla Rusiyanın siyasi elitası Azərbaycana və dövlət başçısı İlham Əliyevə xüsusi hörmət və diqqətlə yanaşırlar. Kreml birmənalı olaraq rəsmi Bakının mövqeyi ilə razılaşır. İrəvana münasibət isə hər gün daha da mənfiyə doğru dəyişir”.
 
Qeyd edək ki, Rusiya və Azərbaycan ikili münasibətləri aktiv şəkildə inkişaf etdirən mühüm strateji tərəfdaşlardır. İki ölkənin liderləri və hökumətləri arasında bütün səviyyələrdə qarşılıqlı anlayış var. Xüsusən, Rusiya prezidenti Vladimir Putin və Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında yaxın dostluq əlaqəsi mövcuddur. Məhz liderlərin sayəsində Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər bütün istiqamətlərdə inkişaf edir. Dövlətlər arasında 2018-ci ildə iqtisadi və ticari əlaqələrin inkişafı baxımından bir çox razılıqlar əldə olunub, əhəmiyyətli sənədlərə imza atılıb. Moskvanın rəsmi Bakıya olan dost münasibəti cənab Putinin həmkarı İlham Əliyevə ad günü ilə bağlı göndərdiyi təbrik məktubunda və zəngində də öz əksini tapıb. Kreml rəhbəri prezident İlham Əliyevi təcrübəli və uzaqgörən siyasi xadim, öz ölkəsinin həqiqi lideri kimi dəyərləndirib.
 
Advertisement Banner

Şərhlər