Əliyev Paşinyanın planlarını PUÇ ETDİ - Davos görüşü

Ötən gün İsveçrədə 49-cu Davos Dünya İqtisadi Forumu baş tutub. Forum çərçivəsində İsveçrədə səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri vəzifəsinin icraçısı Nikol Paşinyan qeyri-rəsmi görüş keçirib.Tərəflər arasındakı müzakirələr saat yarım davam edib. Maraqlıdır ki, görüşdən dərhal sonra Nikol Paşinyan şəxsi feysbuk səhifəsində İlham Əliyevlə görüşdüyünü və müzakirələr apardığını izləyicilərinə çatdırıb. O, görüşün videogörüntüsünü də yerləşdirməyi unutmayıb.

Publika.az-a danışan politoloq, sabiq diplomat Fikrət Sadıqov Nikol Paşinyan İlham Əliyevlə görüşməkdə hər zaman maraqlı olduğunu bildirib:

“Paşinyanın vəziyyəti öz ölkəsində sabit deyil. Orada ona qarşı çıxış edən müxtəlif müxalif qüvvələr var. Həm Ermənistanın siyasi elitası çərçivəsində, həm də Qarabağ klanı tərəfindən Paşinyanın nüfuzuna zərbələr endirilir. Onun Qarabağ münaqişəsi ilə bağlı da fikirləri ziddiyyət daşıyır. Mövcud vəziyyətdə bizim dövlət başçımızla görüşü Paşinyan üçün bütün strategiyalarda əhəmiyyət daşıyırdı. Çünki Paşinyan daha əvvəl verdiyi bəyanatlarda bildirirdi ki, Qarabağ münaqişəsi masada müzakirə edilməlidir, 3-cü tərəf danışıqlarda iştirak etməlidir, Ermənistan hazırlaşmamış heç bir danışıqlara getməyəcək və s. Azərbaycan Prezidentinin qətiyyətli addımları bunların hamısını puça çıxdı və Paşinyan məcbur olub gəlib saat yarım görüş keçirdi. Bizim bu məsələdə mövqeyimiz qəti və prinsipialdır. Beynəlxalq hüquq normalarına arxalanan mövqedir. Əminəm ki, Azərbaycan mövqeyi dövlət başçımız tərəfindən də konkret və real şəkildə bir daha Paşinyana çatdırılıb. Paşinyan İlham Əliyevlə görüşdən dərhal sonra bu məlumatı ona görə öz cəmiyyətində yaymağa maraqlıdır ki, Ermənistanda sülhə nail olmaq niyyətində olması təəssüratı yaratsın. Guya Paşinyan danışıqlar prosesində iştirak edir, erməni xalqını sülhə hazırlayır və bu məsələdə Azərbaycanın Prezidenti ilə görüşə də hazırdır. Lakin buna əminəm - Cənab Prezident Ermənistanın baş nazirinə konkret və qəti şəkildə bəyan edib ki, Qarabağ azad olunmalıdır və bu, həyata keçməyənə qədər heç bir məsələ həll olunmayacaq. Çünki bu reallıqdır və bu reallıqdan erməni tərəfi müxtəlif bəhanələrlə uzaqlaşmaq istəsə də, heç bir şey alınmayacaq”.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar