Erməni seperatçının abidəsi Gürcüstana nə verə bilər? – EKSPERT

28.01.2019 13:32     A-reaksiya     1158

Yanvarın 20-də, Gürcüstanın Axalkalaki rayonunun erməni əsilli rəhbəri, Buqaşen kəndində işğalçı Ermənistan silahlıları tərəfindən Dağlıq Qarabağdakı əməliyyatlarda aktiv iştirak edən Mixail Avaqyanın abidəsinin təntənəli açılışını etdi. Ermənistanda və əsasən erməni əhalisinin çoxluq təşkil etdiyi Gürcüstanın cənub bölgələrində Qarabağ müharibəsi zamanı öldürülən Avaqyanı erməni xalqının "milli qəhrəmanı" adlandırırlar. 1990-cı il yanvarın 20-də Bakıda baş verən faciəli hadisələrin ildönümü günündə erməni terrorçusuna aid abidənin açılışının keçirilməsi təsadüfi deyil. Bu açılışda gürcü məmurlarının erməni deputatlarla bərabər iştirak etməsi isə illər uzunu davam edən Gürcüstan-Azərbaycan dostluğuna arxadan vurulan zərbədir!

 

Bu öncədən planlaşdırılan, bilərəkdən məhz Azərbaycanın ən kədərli tarixinin ildönümündə keçirilən və Azərbaycan-Gürcüstan əlaqələrinə ciddi ziyan vurmaq məqsədi daşıyan aksiyadır. 

Maraqlıdır, görəsən Zaqatala şəhərində biz də Abxaziya və ya Osetiyada dinc gürcü əhalisinin qatillərindən birinə abidə ucaldıb, ətrafında Azərbaycan və qondarma qurumun bayraqlarını sancaraq 9 aprel və ya 9 iyulda açılışını keçirsək, Gürcüstan hökuməti bundan nə qədər məmnun qalar və ya neçə reaksiya verərdi? Əlbəttə ki, bu addımlar sayğısızlıqdan başqa bir şey deyil və iki xalqın münasibətlərinin qırılmasına aparan ən qısa yoldur. "Bəs bu kimə faydalıdır?" sualına cavab tapmaqla hadisələrin müəllifinin Ermənistan olduğu ortaya çıxır. 

Qeyd edək ki, Mixail Avaqyan Buqaşen kəndində anadan olub, 8 illik məktəbi bitirdikdən sonra təhsilini Ermənistanın Hrazdan şəhərindəki texniki məktəbdə davam etdirib. Ordudan sonra Sverdlovskda yerləşən Daxili İşlər Nazirliyinin məktəbinə daxil olub. Oranı bitirdikdən sonra Abxaziyada daxili işlər orqanlarında çalışıb. Abxaziyada baş verən hadisələrdə, erməni terrorçularının idarə edilməsində DİN-DTK zəncirinin əsas halqası kimi aktiv iştirak edib. Abxaziyada vəhşiliklər törətməsi ilə ad çıxaran Baqramyan taboru ilə sıx əlaqələrə malik olub. 

Avaqyan və onun erməni həmkarları minlərlə gürcünün evindən qovulmasında, öldürülməsində, işgəncə verilməsində birbaşa və ya dolayısı yolla iştirak ediblər. Həmin əhali bu günə qədər öz doğma yurd-yuvalarına qayıda bilmir. Bütün bunlara baxmayaraq, Gürcüstanda qətllər törədən bir terrorçuya abidə qoyulur.

Abxaziyadan sonra Mixail Avaqyan Ermənistanın Sarnaxbyur kəndinə köçür və evlənir. Lakin Abxaziyadakı Baqramyan taboru ilə əlaqələrini kəsmir. Hətta oradan qovulan gürcü ailəsinə məxsus bir neçə evi də adına keçirdiyi, bəzi evləri isə sadəcə zəbt edərək gəlmələrə satdığı haqqında məlumatlar da mövcuddur. 

Erməni KİV-lərində Mixail Avaqyanın Dağlıq Qarabağda müharibə başladıqdan sonra Horadiz, Xocalı, Hadrut və Füzuli bölgələrindəki hərbi əməliyyatlarda iştirak etməsi, Azərbaycan dilini bilməsi (bundan kəşfiyyat xarakterli əməliyyatlarda istifadə edildiyi şübhəsizdir) qeyd olunub. Onun dəfələrlə silahsız dinc əhalinin öldürülməsində iştirak etməsi, üstəlik Xocalı soyqırımını törədən cəlladlar arasında olması da öz təsdiqini tapıb. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Lakin bir az gec də olsa cəllad Avaqyan cəzasını aldı. Horadiz körpüsü uğrunda döyüş zamanı Mixail Avaqyan Azərbaycan Ordusunun snayperi tərəfindən açılan atəş nəticəsində yaralandı və hospitala aparılarkən yolda öldü. Heç şübhə yoxdur ki, əgər bu cani sağ qalsaydı, yenə də Abxaziyadakı "evlərini" mütləq ziyarət edəcəkdi. Zatən ermənilər artıq Abxaziyanı Ermənistanın bir hissəsi kimi görürlər, diasporlar yaradaraq Gürcüstana qarşı ultimatumlar səsləndirir, şərtlər irəli sürürlər. Artıq Cavaxetiyada da Dağlıq Qarabağ və Abxaziya ssenaisinin tətbiqinə start verilib. Ətraflı maraqlananlar bu barədə aşağıdakı linklərə daxil olmaqla tanış ola bilərlər.

https://ordu.az/az/news/145935/ermenistanin-strateji-planlarinda-cavaxetiya-meselesi-arasdirma-i-yazi
https://ordu.az/az/news/146304/ermenistanin-strateji-planlarinda-cavaxetiya-meselesi-arasdirma-ii-yazi 

Həm Gürcüstan, həm də Azərbaycan ərazisində dinc əhalinin qətlində iştirak edən terrorçuya qoyulan bir abidənin açılış mərasiminin Ermənistanın Gürcüstandakı səfirinin iştirakı ilə keçirilməsi gürcülərin özü üçün də rüsvayçılıq və dərin bir təhqirdir. Göründüyü kimi, erməni millətçiləri gürcülərə və azərbaycanlılara istehza edərək separatizmi açıq dəstəklədiklərini nümayiş etdirirlər. Bu hadisələrin davamı Gürcüstan üçün yaxşı heç nə vəd etmir. Tarixən ayaq basdıqları hər yeri "Böyük Ermənistan" kimi qələmə verənlər Samtse-Cavaxetiyada hədsiz fəaldır, yəqin ki, yaxın günlərdə aşkar seperatçı çağırışların şahidi olacayıq.

Abidənin açılışına ermənilər kifayət qədər uzun müddət hazırlaşıblar. Tədbirə Buqaşendə doğulan, lakin başqa ölkələrdə yaşayan ermənilərdən başqa Axalkalaki meri Yurik Hunanyan, Sakrebulo sədri Nairi İritsyan, iqtidarda olan "Gürcü arzusu" partiyasının təmsilçisi olan millət vəkilləri Enzel Mkoyan, Samvel Manukyan və digər yerli hakimiyyət orqanlarının nümayəndələri qatılıblar. Ermənistanı bu tədbirdə Gürcüstandakı fövqəladə və səlahiyyətli səfir Ruben Sadoyan təmsil edib. Qırmızı lent, səfir Sadoyan və abidənin açılmasına vəsait xərcləyən kənd sakini, "xeyriyyəçi" Qaqik Avaqyan tərəfindən kəsilib.

Çələng qoymadan sonra Mixail Avaqyanın oğlu, qızı və nəvəsi abidəni açıblar. Tədbir proqramı uşaqların və Buqaşen kənd klubunun üzvlərinin iştirakı ilə şeir, mahnı və rəqslərlə davam edib.

Beləliklə, Gürcüstan torpaqlarının da "qədim erməni Cavaxkı" olduğunu iddia edən, təmamilə separatizmə yoluxan Samtsxe-Cavaxetiya ermənilərinin artıq nümunə götürəcəyi "ziyarətgahı" mövcuddur. 

Hadisə barədə məlumat yayılan kimi Gürcüstanın Bakıdakı səfiri Azərbaycanın XİN-ə çağrıldı və ona ultimatum təqdim edildi. Açıqlama vermək məcburiyyətində qalan Axalkalaki meri Yurik Hunanyan 20 yanvarda Buqaşen kəndində açılan büstün 1994-cü ildən bəri mövcud olduğunu, yalnız əhalinin istəyi və vəsaitilə yeniləndiyini bildirdi.

Bütün bu hadisələrin yerli ermənilərin "soyqırım" tamaşaları zamanı gürcülərə hücum etməsi və Gürcüstanın Kumurdo məbədini zorla ələ keçirmək cəhdləri ilə paralel baş verməsi, sanki Gürcüstan hakimiyyətinin bilərəkdən hadisələrin inkişafına şərait yaratması təəssüratını yaradır. Hadisələrə təcili müdaxilə edilməsə, 1992-1993-cü illərdə Qarabağ və Abxaziyada dinc azərbaycanlıları və gürcüləri öldürən Mixail Avaqyanın soydaşları eyni ssenarini Samtsxe-Cavaxetiyada təkrarlayacaqlar. 

Doğrudan da, Azərbaycan kimi ərazisinin 20%-ni itirən və yüz minlərlə qaçqını olan bir ölkənin separatçı bir cəllada abidə qoyması insan beynini zorlayır. Heç inana bilmirəm ki, Gürcüstan hakimiyyətində BMT-nin Baş Assambleyasında müntəzəm olaraq Ermənistanın gürcü qaçqınların öz doğma torpaqlarına qayıtmasının əleyhinə səs verməsinin səbəbini anlayan yoxdur. Artıq erməni seperatçıları Abxaziyanı "Böyük Ermənistanın tərkib hissəsi olan qədim erməni topaqları" kateqoriyasına aid ediblər. Erməni seperatçıları Samtsxe-Cavaxetiyanı yaxın 2-3 il ərzində Gürcüstandan qoparmaq üçün hazır fəaliyyət planına malikdirlər və artıq planın ilkin mərhələsi həyata keçirilir.

Yüz illər boyu mehriban qonşuluq münasibətlərinə malik olan Azərbaycan və Gürcüstan xalqlarının arasına nifaq salmaq məqsədilə erməni əsilli məmur tərəfindən atılan addımların qarşısı qətiyyətlə alınmalıdır. Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinin icazəsi olmadan ölkədə hansısa abidənin inşası qadağandır. Buna görə də aidiyyəti üzrə araşdırma bu qurumu da əhatə etməlidir. İnanırıq hər iki ölkə arasındakı münasibətləri zədələyən böhran vəziyyəti qısa zamanda aradan qaldırılacaq və günahkarlar layiq olduqları cəzanı alacaqlar.
 
Reaksiya.az

Şərhlər