Qarabağ - Qafqazın “Qordiyev düyünü”: Qərb tələsir, Rusiya isə...

Paşinyan Qərbi “İki stul”da oturmadığına inandıra bilmədi; Putinin emissarının İrəvan səfərinin hədəfi dəqiqləşdi - Kreml nədən narahat imiş? “Alman dalğası”: “Erməni baş nazir qısa zamanda uğura nail olmasa...”

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyaya ikinci səfərindən də “əli ətəyindən uzun” qayıtdı. Almanlar yenə ona pul əvəzinə vəd, bir də bir mühüm ev tapşırığı və iki ciddi mesaj verdilər (Bu haqda aşağıda). Hərgah, inqilabçı baş nazir dəridən-qabıqdan çıxıb almanları, Qərbi inandırmağa çalışdı ki, Ermənistan Rusiya ilə strateji müttəfiq ola-ola da Avropanın, Qərbin dostuna çevrilə bilər.              

 

*****

“Biz iki stulda oturmağa çalışmırıq, belə bir məqsədimiz yoxdur. Biz bir tərəfdaşla əlaqələri başqa tərəfdaşın ziyanına inkişaf etdirməyə də hazırlaşmırıq”. “Yeni Müsavat” erməni qaynağına istinadən xəbər verir ki, bu sözləri Paşinyan Berlində olarkən “Deutsche Welle” (“Alman dalğası”) radiosuna eksklüziv müsahibəsində deyib.

Radio səfər zamanı Almaniya kansleri Angela Merkelin Paşinyanla görüşdə ona dediyi və əslində daha çox mesaj xarakteri daşıyan sözlərə isə məxsusi yer ayırıb. Sitat: “Merkel ötən ilin dekabrında Ermənistanda keçirilən parlament seçkilərini ”demokratik" adlandırıb və eyni zamanda vurğulayıb ki, seçkilərin nəticələri ölkə əhalisinin yeni baş nazirə böyük ümidlər bəslədiyini göstərib. Merkel vurğulayıb ki, ikitərəfli əlaqələr Ermənistan əhalisinin həyat şəraitinin yaxşılaşmasına xidmət eləməlidir. Odur ki, onun fikrincə, baş nazir uğurlara nail olmaq üçün tələsməlidir. Kansler əlavə edib ki, Berlin İrəvandakı yeni hakimiyyətə təkcə iqtisadi baxımdan deyil, korrupsiya ilə mübarizədə də kömək eləməyə hazırdır".

“Deutsche Welle” danışıqlarda ikinci mühüm mövzu kimi Dağlıq Qarabağ probleminin diqqət mərkəzində olduğunu bildirib: “Jurnalistlərin suallarını cavablandıran Merkel son vaxtlar Azərbaycan və Ermənistanın rəhbərləri arasında baş tutan görüşləri pozitiv hesab etdiyin deyib və Paşinyanın bu yöndə addımlarını cəsarətli saydığını söyləyib. Merkel bildirib ki, yalnız iki tərəfdən birinin xoş məramı ilə Dağlıq Qarabağ probleminin həlli mümkün olmayacaq və proses danışıqlardan o yana keçməyəcək”.

merkel paşinyan ile ilgili görsel sonucu

Berlindəki birgə mətbuat konfransında Nikol Paşinyan isə yenə Dağlıq Qarabağdakı separatçı rejimi danışıqların müstəqil tərəfi kimi təqdim eləməyə çalışıb. Lakin alman tərəfi bu yanaşmanı məqbul saymayıb və Merkelin də sözlərindən göründüyü kimi, rəsmi Berlin əsas münaqişə tərəfləri qismində yalnız Azərbaycan və Ermənistanı gördüyünü bəyan edib.

Belə çıxır, Nikol “köhnə bazara təzə nırx” qoymağa çalışmaqla, sadəcə, danışıqları mənasız edə bilər. Belə yanaşma isə xoş məram göstəricisi sayıla bilməz. Demək, Almaniya kansleri əslində məhz erməni tərəfini, Paşinyanı konstruktiv olmağa çağırıb, Bakını yox. Bu - Berlinin birinci ciddi mesajı.

Başqa yandan, Dağlıq Qarabağ məsələsində dönüş olmadan, bölgədə müharibə riski birdəfəlik aradan qalxmadan nə Almaniyanın, nə də bütövlükdə Qərbin Ermənistana böyük sərmayələri gəlməyəcək. Merkel “Paşinyan tələsməlidir” deyəndə şəksiz ki, ən əvvəl buna işarə edib. Çünki Berlində də yaxşı anlayırlar ki, blokada rejimində və Rusiyadan vassal asılılığında olan, əsas qonşuları Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı qalan, dünya okeanına çıxışdan məhrum  Ermənistanda dərin demokratik və hüquqi islahatlar aparmaq mümkün olmayacaq. Demək, ölkə Qərb sərmayələri üçün cəlbedici ola bilməyəcək. Ən əsası, iflas olan islahatlar Paşinyana qarşı əks-inqilab ovqatını gücləndirəcək. Almaniyadan verilən ikinci mühüm mesaj bundan ibarətdir. Kəsəsi, Paşinyanın nəzərinə çatdırılıb ki, Qafqazın “Qordiyev düyünü” məhz Qarabağ məsələsidir və o, açılmayınca və ya kəsilməyincə, Ermənistan tərəqqiyə ümid etməməlidir.

karabakh osce ile ilgili görsel sonucu

Söz düşmüşkən, iki gün sonra Paşinyanın “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlişinin 8 ayı tamam olacaq. Bu müddətdə nə erməni əhalisinin güzəranında yaxşıya doğru dönüş yaranıb, nə düz-əməlli iş yerləri açılıb, nə də Ermənistandan kütləvi köç səngiyib. Üstəlik, Paşinyan 9 aydır Putinə sədaqət andları içməkdə davam edir, Ermənistanın Rusiya orbitində çıxmayacağını bəyan edir. Və nə qədər paradoksal olsa da, bu bəyanatlar fonunda o, Qərbin böyük maliyyə dəstəyinə ümid edir. “İki stul” siyasəti də budur - xalqa verdiyi vədləri unudan Paşinyan özünü nə qədər görməzliyə vurub blef eləsə də...            

*****

Rusiyaya belə vəziyyət əslində əl verir. Moskva eyni zamanda Qərbin, ABŞ-ın Paşinyanı tələsdirəcəyindən narahatdır. Çünki erməni baş nazirin başqa çıxış yolu artıq görünmür. 

Ötən saylarımızda yazdığımız kimi, Con Boltonun İrəvan səfərindən sonra Paşinyan hökumətini açıq təhdid edən Rusiya  XİN başçısının müavini Qriqori Karasinin bu günlərdə İrəvana etdiyi səfərin əsas hədəfi də böyük ehtimalla bu olub: Paşinyanın “iki stul” mövqeyi ilə nə etmək istədiyini dəqiqləşdirmək. Yeni hökumətin Rusiyaya sədaqətli olduğuna və Qarabağ məsələsində pərdəarxası oyunun gedib-getmədiyinə əminlik hasil eləmək.

“Qriqori Karasinin Ermənistana səfərinin məqsədi İrəvanın Qarabağla bağlı elə də aydın olmayan mövqeyini dəqiqləşdirmək olub”. Bunu “Sputnik Ermənistan”a açıqlamasında erməni politoloq Yervand Bozoyan deyib (axar.az).

merkel paşinyan ile ilgili görsel sonucu

“Karasinin səfəri daha çox qeyri-rəsmi xarakter daşıyır. Paşinyanın İlham Əliyevlə Davosdakı görüşündən və Con Boltonla müzakirəsindən sonra hansısa prosesin getməsi ilə bağlı təəssürat yarandı. Erməni ictimaiyyətinin çoxunda narahatlıq var. Rusiyada da həmçinin ABŞ-ın Qarabağın həlli təşəbbüsünü üzərinə götürməsi ilə bağlı narahatlıq özünü göstərirdi. Rusiya başa düşmək istəyir ki, yaxın gələcəkdə Ermənistandan danışıqlar prosesi çərçivəsində hansı mövqeni gözləmək olar. Hazırda çox ziddiyyətli proses gedir, prinsiplər aydın deyil. Erməni hökuməti Madrid prinsiplərinin dəyərləndirilməsindən yayınır, amma buna qarşılıq heç bir baza göstərmir” - erməni ekspert bildirib.

*****

Beləliklə, bir daha qənaət hasil olur ki, Rusiya daha çox Qarabağ məsələsinin həllindən və ya bu məsələdə ciddi irəliləyişdən narahatdır, nəinki konfliktin uzanmasından. Çünki Moskvada Qafqazın “Qordiyev düyü”nün qalmasının önəmini hamıdan yaxşı bilirlər..

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar