Qətərdən Bakıya qarşı inanılmaz addım - Cavabı olacaq

07.02.2019 12:42     A-reaksiya     972

Ermənistan və Qətər arasında 1997-ci ildən münasibətlər, diplomatik əlaqələr qurulub.

Bu sözləri Dohada Ermənistan səfirliyinin açılacağı və bu səfirliyin xərclərinin bir qismini Qətərin qarşılayacağı ilə bağlı xəbərə münasibət bildirən politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, Qətər heç vaxt öz ərazisində Ermənistanın səfirliyinin açılması ilə bağlı təşəbbüslə çıxış etməmişdi:

“Bir neçə il bundan əvvəl Sərkisyan da Dohaya səfər etmişdi. Ermənistan Qətərlə viza rejimini birtərəfli qaydada ləğv də etmişdi. Lakin Qətər son vaxtlara qədər Ermənistanla ehtiyatlı davranmağa üstünlük verirdi. Azərbaycanla Ermənistan arasında olan münaqişə burada müəyyən rol oynayırdı. Qətər beynəlxalq arenada islam həmrəyliyi nöqteyi-nəzərindən fəaliyyətini qurmağa çalışırdı və Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyirdi. Qətərin şeyxi Azərbaycana səfər edəndə imzalanan xüsusi bəyannamədə, ikitərəfli sənədlərdə də bu məsələ öz əksini tapmışdı. Ona görə də Qətərin bu addımı Azərbaycan üçün gözlənilməzdir. Çünki 22 ildən sonra Qətərdə Ermənistanın səfirliyi açılır. Qəribəsi odur ki, bu səfirliyin xərclərinin böyük hissəsini Qətər qarşılayır. Niyə Qətər hökuməti işğalçı dövlətin səfirliyinə pul ayırır? Yalnız yaxın və münasibətləri qardaşlıq, dostluq səviyyəsində olan ölkələr bir-biri üçün bu cür addımlar atır. Ermənistan Qətər üçün bu qədər əziz dövlətdirsə, bu Azərbaycan üçün müəyyən suallar ortaya çıxarır”.

Politoloq vurğulayıb ki, təkcə Azərbaycan yox, eyni zamanda Türkiyə də Qətərin bu addımına reaksiya verməlidir:

“Qətər böhranında Dohaya ən çox dəstək verən ölkələrdən biri Türkiyə olub. Belə vəziyyətdə Türkiyənin diplomatik münasibətləri olmayan bir ölkəyə Qətərin nəinki imkanlar yaratması, hətta bu səfirliyin açılmasına pul ödəməsi də anlaşılmazdır. Bu, Qətərin regionda vəziyyətinin möhkəmlənməsinə gətirib çıxarmır. Ən azı Türkiyə və Azərbaycan Qətərin bu addımından narahat olacaq”.

Politoloq qeyd edib ki, şübhəsiz ki, Azərbaycan XİN buna cavab addımı atacaq:

“Doğrudur, biz bununla bağlı Qətərə nota göndərə bilmərik. Çünki bu, iki ölkə arasında olan məsələdir. Amma onu deyə bilərik ki, burada islam həmrəyliyi məsələsi və Azərbaycan torpaqlarının işğalı faktı var. İşğalçı dövlətə müsəlman ölkəsi, bizim mövqeyimizi dəstəkləyən bir ölkə tərəfindən imtiyazlar ayrılması məntiqə uyğun deyil”.

Politoloq bildirib ki, bu gedişlə də Qətərə qarşı yaradılan koalisiyaya doğru bir addım atılmış olunur:

“Bu addım şübhəsiz ki, bizi də biganə qoya bilməz. Biz, əlbəttə, Qətərə qarşı olan koalisiyaya qoşulmayacağıq. Qətərin bu addımı ilə sadəcə koalisiyaya qoşulan ölkələrə daha da yaxınlaşmış olacağıq. Koalisiyanın başında duran Səudiyyə Ərəbistanı işğalçı Ermənistanı dövlət kimi tanımır. Ermənistanla heç bir əlaqə də qurmur. Bu isə Qarabağ məsələsində həddən artıq həssas olan Azərbaycana Ər-Riyad tərəfindən xüsusi jestdir və Bakı bunu nəzərə ala bilər”.

Qeyd edək ki, Ermənistan və Qətər hökumətləri arasında Dohada Ermənistan səfirliyinin açılması ilə bağlı razılaşma əldə olunub. İkitərəfli razılaşmaya əsasən, Dohadakı erməni səfirliyinin saxlanılmasına 192,5 min dollar sərf olunacaq. Həmin məbləğdən 110 min dollarını Qətər üç il ərzində ödəməyi öhdəsinə götürüb. Qətər hökuməti səfirlik və səfirin iqamətgahı üçün yer, həmçinin, iki xidməti maşın ayıracaq.(axar)

Reaksiya.az

Şərhlər