Erməni kəşfiyyatı Azərbaycan müxalifətinə necə sızıb? - CODA ƏMƏLİYYATI və ŞOK FAKTLAR

Ermənistanın xüsusi xidmət orqanları və Avropada erməni diasporu/lobbisinin “Köhnə Qitə”də mühacir adı altında yaşayan azərbaycanlılar, o cümlədən, Azərbaycana qarşı separat fəaliyyəti ilə məşğul olanları bu və ya digər formada ələ aldığı, Qərbdən Bakıya doğru əsən “demokratiya küləkləri”ni onlar üzərindən yönləndirdiyinə dair faktlar ortaya çıxır. Hollandiyada separatçı “Talış-Muğan Mühacir Hökuməti” (TMMH) adlı qondarma təşkilat yaradan Əlikram Hümbətov tərəfindən bir neçə gün öncə edilən çağırışlar da bunu təsdiq etdi. (Oxu: Erməni kəşfiyyatının “mühacir ovu” və separatçıların Qarabağ PLANINDA YERİ ).

Separatçılar Azərbaycana müdaxilə məqsədilə “demokratik” missiyalı təşkilatlar yaradır və Bakıya qarşı müşahidə olunan ümumi axına qoşulurlar: hədəf gələcəkdə ölkəyə “insan haqlarının müdafiəçiləri” kimi qayıtmaq və parçalama planlarını həyata keçirməkdir. Bu planların arxasında stan dayanır və Ə.Hümbətovun İrəvana səfərlər edərək, Azərbaycanın işğal altındakı ərazilərinə gəlişi, orada “Erməni hökumətinə də, “artsax” hökumətinə də dərin təşəkkürümü bildirirəm” tipli açıqlamaları, o cümlədən, Şuşada separat “talış radiosu”nun açılması və digər proseslər məhz Azərbaycanın parçalanması üçün qurulan ssenarilərin tərkib hissəsidir.

Bu planlarda Ə. Hümbətovun oğlu Tural Hümbətovun rəhbərlik etdiyi CODA (Committee Outlines of Democracy in Azerbaijan) - “Azərbaycanda Demokratiya Komitəsi” adlı təşkilat xüsusi missiyanı həyata keçirir.

Bu təşkilat 2010-cu ilin 19 may tarixində Hollandiyada qeydiyyatdan keçib, Voorburg şəhərində fəaliyyət göstərir, “Talış Azadlıq Hərəkatı” adlı separatçı təşkilatla eyni ünvanda - Voorburg şəhəri, Herman Heijermanshof 25-də yerləşir. Rəhbəri Toeral Goemmatovdur (Tural Hümbətov).

CODA 2010-cu ildən indiyə qədər zaman-zaman Azərbaycana qarşı “insan haqlarının pozulması” iddiaları ilə çıxış edib, müxalifət partiyalarının nümayəndələrinin müdafiəsini həyata keçirib. Azərbaycan müxalifəti Ə.Hümbətovun təşkilatı ilə heç bir əlaqəyə malik olmadıqlarını dilə gətirsələr də (əslində cəmiyyət olaraq bunu heç vaxt arzulamamışıq), fevralın 12-də ortaya çıxan fakt “erməni xüsusi xidmət orqanları Azərbaycan müxalifətinə sızıb” sualını gündəmə gətirdi.

Hollandiyada yaşayan və separatçı Əlikram Hümbətova yaxınlığa ilə seçilən Ataxan Əbilovun iki gün öncə Feysbuk səhifəsində paylaşdığı fikirlər bu suala müəyyən qədər aydınlıq gətirir.



“Müsavat Partiyası ilə əlaqədar Avropada baş qaldıran qalmaqalla bağlı mənim də adımı hallandırıblar. Bunu Avropada Müsavat adından çıxış edən Rəşad Sadıqov adlı biri edib. Reaksiya verməyə sadəcə məcburam. Əvvəla, Rəşad Sadıqov adında olan adam barədə. Bu adamın hansı yolla Niderland hökumətindən sığınacaq alması mənə bəlli deyil. Onu deyim ki, Niderlandda yaşadığımdan onunla bir neçə dəfə ünsiyyətim olub. Elementar tərbiyədən uzaqdır. Küçə uşaqları səviyyəsində özünü aparır. Ağzının danışığını bilmir. Hər iki sözdən biri senzuradan kənar ədəbsiz sözlərdir. Mən belə gördüm bu adamı. İndi belə bir adamla mükaliməyə girmək nə qədər doğru olar? Təəssüf ki, Rəsulzadə adına olan bir partiyanı belələri təmsil edir. Adam 2010-cü ilə aid bir sənədin surətini paylaşıb, məni onun əsasında Əlikram Hümbətovla əməkdaşlıqda ittiham edir və bunu az qala vətənə xəyanət kimi rəqiblərinə ittiham səviyyəsində irəli sürür. Mən həmin sənədə baxdım. Orada heç Əlikram Hümbətovun adına rast gəlmədim. Anlamadım, bəlkə ikinci səhifədədir. Söhbət CODA təşkilatından gedir. O vaxt bir qrup niderlandlı ilə bu təşkilat yaranıb. Orada azərbaycanlı siyasi mühacirlər də iştirak edib. Əsas məqsəd Azərbaycanı demokratikləşdirmə idi. Həmin təşkilatın təşəbbüsü ilə Avroatlantik məkana Azərbaycanın inteqrasiyası ilə bağlı bir sənəd hazırlandı. Söhbət böyük dəyişiliklərdən gedirdi. Həmin sənədi o vaxtkı Müsavat partiyasının başqanı (İsa Qəmbər-red) da imzalayıb. Həmən məntiqlə belə çıxır ki, Müsavat partiyası da Əlikram Hümbətovla əməkdaşlıq edib? Əslində Ə.Hümbətovla Müsavat Partiyasının hətta indiki rəhbərliyi nə vaxtsa bir təşkilatda olublar. Belə əməkdaşlıqları üçün Müsavat partiyasının rəhbərliyi nə qədər məsuliyyət bölüşməyə hazırdırlarsa, mən də bir o qədər hətta Ə.Hümbətovun olmadığı bir təşkilatda olmaqla onunla əməkdaşlıq məsuliyyətini bölüşə bilərəm...”, - deyə A. Əbilov yazır.

Və məlum olur ki, Müsavat Partiyasının keçmiş başqanı, bu gün partiyanın özünün əsas lideri hesab etdiyi İsa Qəmbər CODA-nın hazırladığı sənədə imza atıb. Deyilə bilər ki, İ.Qəmbər “Azərbaycanın demokratikləşməsi” üçün bu sənədə imza atıb. Lakin İrəvanda ermənilərin “qırmızı xalıda” qarşıladığı, Azərbaycan torpaqlarının işğalını dəstəkləyən Hümbətovların rəhbərlik etdiyi təşkilat Azərbaycanı hansı demokratiyaya aparmağı planlaşdırır? Müsavat rəhbərliyi bu haqda heç düşünübmü? Yoxsa məsələ hakimiyyətdirsə, bütün yollar mübahdır prinsipi əsas götürülür? Doğrudanmı, Müsavat rəhbərliyi bu sənədə imza atarkən, Hümbətovların məqsədini və onların ermənilərlə qucaqlaşmasını görməzdən gəliblər? Axı AXC-Müsavat hakimiyyətində mühüm fiqurlardan olmuş İsa Qəmbər Hümbətovun separatçılığını ən yaxından müşahidə etmiş şəxslərdəndir. Siyasi mövqeyindən asılı olmayaraq, bir azərbaycanlının erməni kəşfiyyatının layihəsində yer alması dəhşətli və təəssüfedicidir. Bu suallara cavabı isə Müsavat Partiyası verməlidir, əgər verməyə bir cavabları varsa...

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar