ABŞ bölgədə üzünü Azərbaycana çevirir - mühüm gəlişmə

25.02.2019 15:08     A-reaksiya     941

“Qərbyönlü” Paşinyan Rusiyanı tutdu, Gürcüstan ümidləri doğrultmur, seçim Bakı üzərinə fokuslanır; ekspert: “ABŞ-ın bölgədə üç ölkə arasında Azərbaycana verdiyi önəm artıq Gürcüstana verdiyindən də çoxdur”; Qarabağ üçün şans “pəncərəsi” açıla bilərmi?

Ötən həftə Güney Qafqaz və onun ətrafında ölkəmizin də maraqlarına təsirsiz ötüşməyəcək bəzi maraqlı olaylarla yadda qaldı. Ondan başlayaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıda və İrəvanda olsalar da, bu dəfə ənənəni pozaraq separatçı bölgəyə, Xankəndinə baş çəkmədilər.

Nəzərə alanda ki, üç həmsədrdən ikisi - ABŞ və Fransa Qərbi təmsil edir, o zaman bunu son vaxtlar İrəvanın Qarabağ məsələsində Qərbin gözləntilərinə zidd olaraq və Kremlin diktəsi ilə destruktiv mövqe tutmasına, bütövlükdə Rusiya və İrana daha da yaxınlaşma siyasəti yürütməsinə (Suriyaya humanitar missiyanın göndərilməsi, hökumətin yeni proqramında xarici siyasətin əsas prioriteti kimi Rusiyanın göstərilməsi və s.) etiraz kimi qəbul eləmək olar. İki gün sonra isə baş nazir Nikol Paşinyan İrana səfərə gedəcək.

Regionla bağlı başqa diqqət çəkən gəlişmə Moskva və Tehrana yaxınlaşma kursu götürməklə Qərbi, ABŞ-ı ciddi şəkildə məyus edən, Rusiyanın forpostu Ermənistana qərbyönlü Gürcüstanın da yaxınlıq nümayiş etdirməsidir. Məsələn, ötən həftəsonu Gürcüstanın müdafiə naziri Levan İzoriya İrəvanda oldu və orada erməni həmkarı David Tonoyan və Nikol Paşinyanla görüşdü. Tərəflər arasında hərbi əməkdaşlığı inkişaf etdirmək barədə yeni saziş imzalandı.

paşinyan ile ilgili görsel sonucu

Erməni qaynaqları bildirir ki, görüş zamanı N.Paşinyan “iki ölkə arasında dost münasibətlərin möhkəmləndirilməsi və qarşılıqlı səfərlərin vacibliyini” vurğulayıb. “Bu cür yüksək səviyyəli səfərlər və siyasi məsləhətləşmələr ikitərəfli əməkdaşlığa stimul verir və onu yeni mərhələyə çıxaracaq”, - deyə o bildirib. Öz növbəsində gürcü müdafiə naziri iki ölkə arasında 2019-cu il üçün hərbi sahədə imzalanmış sənədi yüksək qiymətləndirərək deyib ki, “Gürcüstan Ermənistanla dost münasibətlərin möhkəmləndirilməsində maraqlıdır və bu yöndə effektiv qarşılıqlı fəaliyyətə hazırdır”.

“Görüş zamanı tərəflər Ermənistan-Gürcüstan hərbi əməkdaşlıq gündəmindəki məsələləri müzakirə edib, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi, konfliktlərin dinc həlli ilə bağlı fikir mübadiləsi aparıblar. Paşinyan regional münaqişələrin nizamlanmasında qarşılıqlı balanslı yanaşmanın vacibliyini vurğulayıb” - rəsmi erməni mənbəyinin yaydığı məlumatda deyilir.

*****

N.Paşinyanın konkret olaraq Qarabağ məsələsində hansı “balanslı və konstruktiv mövqe” tutduğu artıq bəllidir. Bu, öz yerində. Ancaq Azərbaycanın strateji tərəfdaşı sayılan və özünün də ərazisinin bir hissəsi işğal altında olan Gürcüstanın işğalçı Ermənistanla isti əlaqələr qurmağa can atması, hətta onunla hərbi sahədə əməkdaşlığı inkişaf etdirməyə çalışması rəsmi Bakı üçün, yumşaq desək, xoş deyil. Hər necə olmasa, Azərbaycan qardaş Türkiyə ilə birgə gürcü dövlətinin ayaqda qalması və təhlükəsizliyinin əsas qarantı, onun iki ən böyük sərmayədarıdır. Bu haqda dəfələrlə yazmışıq.

Cənubi Osetiya bölgəsində olub və Tsxinvalidə ile ilgili görsel sonucu

Maraqlıdır ki, gürcü müdafiə nazirinin İrəvan səfərindən cəmi iki gün qabaq Dağlıq Qarabağdakı separatçı rejimin “müdafiə naziri” Masis Mailyan Gürcüstanın işğal altındakı Cənubi Osetiya bölgəsində olub və Tsxinvalidə osetin həmkarı Dmitri Medoyevlə görüşüb; iki marionet rejim arasında “əməkdaşlıq sənədi” imzalanıb. Lakin göründüyü kimi, bu, İzoriyanın Ermənistan səfərini əngəlləməyib. 

Nonsens həm də ondadır ki, öz ərazisində Xocalı hərbi canisinə büstün qoyulmasına sakit reaksiya verən Tiflis bölgədəki ikinci bir işğalçı ilə - Gürcüstan ərazilərini işğal edən və orada (Abxaziya və Cənubi Osetiyada) böyük hərbi kontingent yerləşdirən Rusiya ilə yaxınlaşma siyasəti aparır. Söhbət təkcə guya Azərbaycan qazından asılılığı azaltmaq üçün Rusiyadan qaz idxalını artırmaq planlarından getmir. Məsələ ondadır ki, gürcü hökuməti öz ərazisi vasitəsilə bir işğalçı ölkədən - Rusiyadan, ikinci işğalçı ölkəyə - Ermənistana dəhliz açmaq niyyətindədir.

NATO-ya, Avropa Birliyinə can atan Gürcüstanın bölgədə “ət-dırnaq” kimi olan iki təcavüzkarla - Rusiya və onun hərbi qalası Ermənistanla mehribanlaşması şübhə yox ki, Qərbin, xüsusən də ABŞ-ın marağında deyil. Bu gəlişmələr fonunda isə bölgənin üçüncü və açar dövləti - balanslı siyasəti davam etdirən Azərbaycanın Qərb üçün, ABŞ üçün strateji dəyərinin daha da artdığını söyləmək mümkündür.

Ötən həftə Bakıda ABŞ dövlət katibinin köməkçisinin müavini Sandra Oudkirkin də iştirakı ilə keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 5-ci iclası bu xüsusda yadda qalan oldu. Yeri gəlmişkən, səfərdən bir qədər öncə amerikalı diplomatın təmsil elədiyi ABŞ Dövlət Departamenti Suriyaya humanitar missiya göndərdiyi üçün Ermənistana çox sərt etiraz bildirmiş, Paşinyan hökumətini Rusiya ilə birgə “zalım Əsəd rejiminə dəstək verməkdə” ittiham eləmişdi. Ardınca xarici işlər naziri Zoqrab Mnatasakanyanın ABŞ səfəri ləğv edildi.  

Bəzi analitiklərə görə, bölgə ətrafındakı yeni vəziyyət, bu kimi gəlişmələr Dağlıq Qarabağ məsələsində Azərbaycan üçün daha əlverişli beynəlxalq şərait yarada, hətta Bakı üçün yeni şans “pəncərəsi” aça bilər...    

*****

Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da son zamanlar Gürcüstan və Ermənistanla Rusiya arasında işbirliyinin olması mülahizələrinə münasibət bildirib, axır vaxtlar Gürcüstan və Ermənistan, eləcə də Rusiya siyasiləri arasında keçirilən görüşlərin sayında artıma diqqət yönəldib (axar.az). O, əsas müzakirə mövzusu kimi təbii qaz və Ermənistana gedəcək yüklərin Gürcüstan vasitəsi ilə daşınmasının olduğunu desə də, vəziyyətin geosiyasi duruma təsirsiz ötüşməyəcəyini istisna etməyib.

“Bu gün ABŞ-ın dünyada əsas prioritetləri sırasında Cənubi Qafqaz regionu ilk yerlərdə olmasa da, İran ətrafında baş verən hadisələr, Ermənistan tərəfindən 83 hərbçinin Suriyaya göndərilməsi Azərbaycanın strateji və tərəfdaş nüfuzunu Qərb ölkələri, ilk olaraq ABŞ yanında qaldırır. ABŞ-n bizim regionda yerləşən 3 dövlət arasında Azərbaycana verdiyi önəm artıq Gürcüstana verdiyi önəmdən belə, çoxdur. Hər halda Qafqazın üç dövlətinə nəzər yetirəndə aydın görünür ki, milli maraqlardan çıxış edən, tam şəkildə müstəqil siyasət yeridən, xalqının və dövlətinin maraqlarını reallaşdıran yeganə ölkə Azərbaycandır”, - deyə Tofiq Zülfüqarov qeyd edib.

usa white house ile ilgili görsel sonucu

Ekspert hesab edir ki, regionda Ermənistanın və Gürcüstanın apardığı siyasət milli maraqlara cavab verən siyasətdən uzaqdır. “Ermənistan Rusiyanın forpostudur. Gürcüstan isə heç də gözlənilən ümidləri doğrultmadı. Dəhşətli məqam ondan ibarətdir ki, torpaqlarının işğal olunmasına baxmayaraq, rəsmi Tiflis Ermənistana tranzit yolu açılmasından sonra Cənubi Osetiyanı sərhəd məntəqəsi kimi tanıyacaq. Azərbaycan üçün isə bu, o qədər də önəmli məsələ deyil. Faktiki olaraq, Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi bundan artıq olmayacaq. Azərbaycanın bölgə dövlətlərindən əsas istəyi isə sadiq və bərabərhüquqlu münasibətlər aparmaları, sülhə hesablanmış siyasət yürütmələridir”, - deyə o əlavə edib.

Lakin bölgədə iki işğalçı dövlət bir-biri ilə hərbi-siyasi ittifaqdadırsa, üstəlik, qərbyönlü Gürcüstan onlara yaxınlaşma kursu aparırsa, o zaman Qərb özü üçün nəticə çıxarmalı və seçim barədə düşünməlidir. Yəni Cənubi Qafqazda kimə stavka və etibar etməli, kimlə hərəkət etməli? Mövcud situasiya və reallıqlar, bizcə, bu suala yetərincə aydın cavab verir...

Reaksiya.az

Şərhlər