Vyanada Qarabağ görüşü: bütün yollar müharibəyə aparır - TƏHLİL

“Vyana gecələri”, Azərbaycan insanı Avropanın mədəni paytaxtı sayılan bu şəhəri hələ ötən əsrin əvvəllərində Nəsib Əfəndiyevin romanı ilə qiyabı olaraq tanıdı: Qədim arxitektura, sakit küçələr, orta əsrlərlə müasirliyin qovuşduğu qəribə aura... Və tarixi boyunca bir çox sülh anlaşmasına, mühüm sazişlərə ev sahibliyi edən Vyana 2016-cı ilin “aprel müharibəsi”ndən təxminən 40 gün sonra – mayın 16-da Azərbaycanı qalib kimi qarşıladı. “Aprel döyüşləri”ndən sonra münaqişədə yaranan dönüş nöqtəsi ilk dəfə bu şəhərdə həmsədr dövlətlərin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri tərəfindən müzakirə olundu və dünya məhz bu şəhərdə 22 il sonra Azərbaycanın ərazi bütövlüyündən bir addım belə geri çəkilməyəcəyini əyani şəkildə gördü və anladı.

Üç il sonra bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Vyanada görüşür. Bu üç ildə çox şey dəyişib, xüsusilə ermənilərə yeni hökmdarları ağalıq edirlər və Vyana bu gün münaqişə tərəfi olan iki ölkə rəhbərinin ilk rəsmi təmasına ev sahibliyi edəcək. Və rəsmi Bakı üç il öncə qalib kimi getdiyi Vyanaya yenidən diplomatik qələbə ilə qayıdır: ATƏT-in Minsk qrupunun sonuncu bəyanatı ilə Ermənistanın “format dəyişikliyi” tezisinin sıradan çıxarılması Vyana görüşündə İrəvanı Bakının önündə 0:1 hesabı ilə geriyə saldı və Paşinyan bu gün arzularının əksinə olaraq Azərbaycan lideri ilə Qarabağ separatçılarının təmsilçisi kimi yox, münaqişə tərəfi olan ölkənin baş naziri olaraq müzakirə aparmalı olacaq.

Buna qədər liderlərin Düşənbədə ayaqüstü söhbət oldu, daha sonra Davosda 1,5 saatlıq qeyri-rəsmi müzakirələr aparıldı. Davosdan öncə XİN rəhbərləri səviyyəsində Parisdə “xalqların sülhə hazırlanması” razılığı əldə olunmuşdu, ardınca liderlərin 1,5 saatlıq müzakirəsi tərəflərin münaqişənin həlli ilə bağlı nəhayət razılığa gəldiyinə dair fikri gücləndirdi. O vaxta qədər ki, Paşinyan İrəvandakı ofisinə daxil oldu və danışıqların atmosferinə zidd tezisini - “Qarabağın tərəf olması” - yenidən gündəmə gətirdi, lakin bununla kifayətlənmədi, dünənə qədər sülhdən danışan Nikol hərbi ritorikaya da keçdi.

Bu proseslərin fonunda Ermənistan tərəfi Düşənbədə təmas xəttində sabitliyin qorunması ilə bağlı razılaşmanı pozaraq, martın 26-da təxribat hücumu ilə Azərbaycan əsgərini şəhid etdi. Bu, atəşkəsin pozulması və sülh danışıqlarının dalana salınması cəhdidir.

Vyana görüşünün nəticələrini, bundan sonra olacaqları proqnozlaşdırmaq və münaqişə ətrafında baş verən sürətli dəyişimləri anlamaq üçün hər şeyi əvvəldən göz önünə sərmək lazımdır.

Nikol Paşinyan Sarkisyanı devirib siyasi Olimpə yüksələndən sonra ona daxili vəziyyəti stabilləşdirmək üçün vaxt verilmişdi. Bu, rəsmi şəkildə elan olunmasa da, baş verənlər göstərirdi ki, həmsədr ölkələr Ermənistanın yeni rəhbərliyinin hakimiyyət sütunlarını möhkəmləndirməyinə və ən azı yeni parlament seçkilərini keçirərək, keçmiş rejimi təmizləməsinə qədər gözləməyi seçdilər. Rəsmi Bakı da danışıqları kiminlə aparacağını müəyyənləşdirmək üçün gözləmə mövqeyinə keçdi.

Lakin Ermənistanda parlament seçkilərindən öncə ABŞ prezidentinin müşaviri Con Boltonun regiona səfəri və İrəvanda dedikləri sözlər münaqişənin həlli ilə bağlı “yol xəritəsinin” mövcudluğu haqqında təsəvvürləri formalaşdırırdı.

“İnanırıq ki, Nikol Paşinyanın komandası seçkidə (parlament seçkiləri – red.) qalib gələcəksə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ciddi irəliləyişlər olacaq”, - Bolton belə deyirdi.

Ermənistanda bu tezisə etiraz edənlər tapıldı, keçmiş hakimiyyət isə bundan Paşinyana qarşı siyasi təbliğat üçün istifadə etməyə çalışdı, lakin artıq Vaşinqtonun münaqişəyə dair planının olduğu məlum idi. Donald Trampın Azərbaycan Prezidentinə göndərdiyi məktublarda “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır” sözlərinin xüsusi vurğulanması da bu planlardan xəbər verirdi.

“BOLTON PLANI”: xarici görünüşü ilə daha çox məşhur amerikalı yazıçı Mark Tveni xatırladan, lakin geosiyasi cameədə “amerikalı qırğı” ləqəbi ilə tanınan Con Boltonun İrəvanda məlum açıqlamasından sonra Qarabağ münaqişəsinin həlli ilə bağlı onun adından qaynaqlanan planın mövcudluğu haqqında məlumatlar yayıldı. Bu, rəsmi olaraq təsdiq olunmur, lakin rusların “Lavrov planı” olduğu kimi, amerikalıların da “Bolton planı” olması təəccüblü və reallıqdan o qədər uzaq deyil. Bu plan “Lavrov planı”ndan bir çox üstünlüyünə görə fərqlənir: ruslar ilkin mərhələdə 5 rayonun qaytarılmasını, qaçqınların qayıdışını, sonra 2 rayonun taleyinin həll edilməsini, ən sonda isə Qarabağın statusu məsələsinin müzakirəsini təklif edirlər. Həll planın mərhələləri açıq və ədalətli görünür, hərçənd, siyasi kulislərdə rusların əsas məqsədinin Qarabağa sülhməramlı adı altında qoşun yeritmək olduğu müzakirəsi həmişə mövcud olub. Vaxtilə amerikalılar rusların bu planına qarşı “atəşkəsə nəzarət mexanizmi” alternativini irəli sürürdü və bu alternativ ruslara sərf etmədiyi kimi, Azərbaycanın da maraqlarına uyğun deyildi. Okeanın o tayında kök salmış erməni lobbisinin üzvləri - konqresmenlər Ed Roys və Eliot Engel tərəfindən irəli sürülən və “Roys-Engel ideyası” adlanan bu plan müharibə variantını aradan çıxarır və Qarabağda mövcud status-kvonun davam etməsini təmin edirdi. Bu baxımdan, “Lavrov planı” Bakı üçün erməni lobbisinin oyunlarına qarşı “alternativ kart” oldu. Lakin Azərbaycan bu gedişi günün reallığına uyğun edirdi və bu, heç də sonda “rus tələsi”nin qəbul ediləcəyi demək deyildi. Rəsmi Bakı münaqişənin həlli üçün geosiyasi şərtlərin yetişməsinə qədər prosesin nəzarətdən çıxmasını, işğalçının rahatlıq tapmasını istəmir və gözləyirdi. Məhz Paşinyanın gəlişindən sonra belə şərtlərin yarandığı ehtimalı önə çıxdı.

Vaşinqtonun “Bolton planı” olaraq irəli sürdüyü təklif əlverişli görünür:

“Ərazilər əvəzinə sülh”, amerikalıların təklifinin əsas mahiyyəti budur. Qarabağa heç bir status verilmir və işğal edilmiş ərazilər tam şəkildə Azərbaycanın tərkibinə qaytarılır, əvəzində Bakı Ermənistanın regional layihələrə qoşulmasına “yaşıl işıq” yandırır, Türkiyə ilə sərhədlər açılır.

Yanvarın 16-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə 4 saat davam edən görüşü və sonda “xalqların sülhə hazırlanması” üzərində razılığın əldə edilməsi də “Bolton planı”nın dövriyyəyə salındığını deməyə əsas verir. Yanvarın sonunda isə Con Bolton Prezident İlham Əliyevlə telefonda ikitərəfli münasibətləri və Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi. Təxminən həmin ərəfədə Bolton eyni müzakirəni Paşinyanla da aparmışdı.

Vaşinqton münaqişənin həllində israr edir və bu israrın arxasına təbii ki, geosiyasi maraqlar var:

- Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın Cənubi Qafqazda təsir rıçaqlarını zəiflədə bilər. (“Bolton planı” meydana çıxandan dərhal sonra Rusiya mediası və rusiyalı ekspertlərin “5 rayonun qaytarılması” tezisini mütəmadi şəkildə gündəmə gətirməsi də əslində münaqişənin həllindən çox, regionda toqquşan geosiyasi maraqların təzahürüdür).

- ABŞ-ın “ərazilər əvəzinə sülh” planı da ilk olaraq siyasi çevriliş etdiyi Ermənistanı Rusiyanın hərbi və iqtisadi “köləliyindən” xilas etməyə hesablanıb. (Burada rəsmi Bakının geosiyasi şərtləri izləməsi və məhz bu situasiyada işğala son qoyulmasına əvəz olaraq Ermənistanın iqtisadi blokadadan çıxmasına şərait yaratmaq planının meydana çıxmasında oynadığı rol diqqət çəkir).

- Vaşinqton münaqişənin həlli ilə regionda mövqelərini gücləndirməyi və Cənubi Qafqazdan Rusiya və İrana qarşı əsas platforma kimi istifadə etməyi planlaşdırır. (Paşinyanın ABŞ sanksiyalarına rəğmən Tehrana xüsusi səfərinə göz yumulması da Ermənistanın İrana gələcək hücumda əsas poliqon ola biləcəyi ehtimalını artırır. (Oxu: Paşinyanın “İran təranələri” sədası altında ABŞ-a casusluğu). Lakin ABŞ-ın Cənubi Qafqazı region olaraq bütövlükdə geosiyasi planlarına qoşmaq niyyəti də diqqətdən yayınmır).

Və yeni Şərq ekspedisiyasında uğurlu olmaq üçün Dağlıq Qarabağ münaqişəsinin mütləq həlli ABŞ üçün qaçılmaz çıxış yolu kimi görünür.

Geosiyasi şərtlər Bakının xeyrinədir və Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün bu şərtləri diqqətlə izləyir, strateji həmlələrini ona uyğun müəyyənləşdirir.

“Ərazilər əvəzinə sülh” variantı Ermənistan daxilində siyasi hücumlara məruz qalmasına zəmin yaratsa da, Nikol Paşinyan üçün də çıxış yolu kimi görünür. Çünki: Paşinyan bununla Ermənistanı blokadadan çıxara və “iqtisadi inqilab” vədlərini yerinə yetirmək imkanı əldə edə bilər, hazırda erməni ictimaiyyətində “aprel inqilabı” ilə bağlı yaranmağa başlanan “peşmançılıq” atmosferi də bunu göstərir; münaqişənin həlli Paşinyanın siyasi hakimiyyəti üçün “əbədi problemə” çevrilən “Qarabağ klanı”nı da Ermənistanın siyasi səhnəsindən silə və Nikolun üfüqlərini genişləndirə bilər; ən nəhayət, Paşinyan onu siyasi Olimpə yüksəldən Qərb qüvvələri qarşısında götürdüyü “Rusiyadan imtina” öhdəliyini asanlıqla yerinə yetirə və hakimiyyətini möhkəmləndirə bilər;

Bütün daşlar yerinə oturur və liderlərin ilk rəsmi görüşünə hazırlıq da bu istiqamətdə gedirdi: Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Ermənistan iqtisadi blokadan çıxır, son nəticə olan bu hədəfə çatmaq üçün xalqların sülhə hazırlanması istiqamətində real iş aparılır.

Lakin Paşinyanın yeni ritorikası və son addımları prosesin yönünün dəyişdiyini, hadisələrin müharibəyə doğru istiqamətləndiyi mənzərəsini yaratdı.

Və burada “xalqların sülhə hazırlanması” üzrə Paris razılaşmasından sonra yaranan əsas şübhə yenidən yada düşür: Paşinyan doğrudanmı sülhə imza atacaq?

Bu şübhə əsassız deyil və özündə tarixi gerçəklikləri ehtiva edir: Ermənistanda Rusiyayönümlü “Qarabağ klanı”nın devrilməsi və qərbyönümlü hakimiyyətin gətirilməsi missiyası Vaşinqton tərəfindən erməni diasporu/lobbisinin üzərinə qoyulmuşdu, hadisələrin inkişafı bu fikri irəli sürməyə asanlıqla imkan verir. Erməni diasporu/lobbisi Nikolu seçdi və vaxtilə “qələm əhli” olan, siyasətdən uzaq bu şəxsdən siyasi lider düzəltdi.

Düz məntiqə görə, erməni diasporu/lobbisi ona yuva verən ABŞ-ın “Şərq ekspedisiyası”na töhfə vermək və geosiyasi maraqlarını təmin etmək, həm də Ermənistanı 30 ildir düşdüyü bataqlıqdan çıxarmaq məqsədilə “Qarabağ klanı”na bağlılığı olmayan Paşinyanı məhz münaqişənin həll edilməsi üçün düşünülmüş şəkildə seçib. Və münaqişənin həllinə doğru gedən prosesdə hər şey planlaşdırıldığı kimidir.

Tərs məntiqə görə, burada şübhələr meydana çıxır. Ermənistanın dövlət ideologiyasını “böyük Ermənistan” xəyalı üzərində formalaşdıran və SSRİ-nin dağılmasından sonra Dağlıq Qarabağın işğalını bu ideologiyanın “döyünən ürəyi” olaraq qəbul edən erməni diasporu hakimiyyətə gəlişini təşkil etdiyi Paşinyana əraziləri qaytarmağa icazə verərmi? Məhz bu amil Ermənistanın əraziləri qaytarmamaq üçün oyun oynadığı və Azərbaycana qarşı təxribat planlar qurulduğu ehtimalını önə çıxarır. Hadisələrin inkişafı da bu versiyanı gücləndirir.

1. Paris görüşü və Davos müzakirəsindən sonra Paşinyan nə həmsədrlərin, nə də Azərbaycanın qəbul etməyəcəyini bildiyi halda “Qarabağın danışıqlarda tərəf kimi iştirakı” tezisini israrlı şəkildə irəli sürməyə başladı. Bu, danışıqları uzatmaq üçün seçilmiş xüsusi tezisdir.

2. Fevralın 26-da – Xocalı soyqırımının 27-ci ildönümü günündə Ermənistanın müdafiə naziri David Tonoyanın “biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş hərəkətlərinin yenilənməsindən gedirsə, biz dayanmayacağıq” açıqlaması ilə hərbi ritorikaya start verildi. (Oxu: Tonoyanın “hücum” ritorikasının pərdəarxası).

3. Martın 9-da Minsk qrupunun həmsədrləri Ermənistanın “format dəyişikliyi” ideyasını alt-üst edən və İrəvana açıq mətnlə xəbərdarlıq olunduğu bəyanat yaydı. Bundan dərhal sonra, martın 12-də Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını tarixdə ilk dəfə olaraq Azərbaycanın işğal edilmiş ərazilərində - Xankəndidə separatçıların iştirakı ilə keçirdi və iclasda “Qarabağın tərəf olması” tezisini yenidən gündəmə gətirdi.

4. Martın 26-da erməni hərbi birləşmələri Azərbaycan əsgərini şəhid etdi. Bu, Düşənbə razılaşmasından sonra cəbhədə verilən ilk şəhid idi.

Bu hadisələr Ermənistan tərəfinin danışıqları pozmaq və gərginlik yaratmaqla sülh prosesini dalana salmaq planından xəbər verir. Və böyük ehtimalla erməni diasporu/lobbisi tərəfindən müharibə ssenarisi də hazırlanır:

- Paşinyan ordunu müharibə aparacaq səviyyəyə çatdırana qədər danışıqlar masasında müzakirə aparır və müxtəlif bəhanələrlə real addımlardan çəkinir; Buna paralel olaraq, təxribat hücumu ilə Azərbaycanı müharibəyə təhrik edir; cəbhədə istənilən gərginlik danışıqlar prosesinə mənfi təsir edəcək və bu, indiki halda ən çox Ermənistana sərf edir; hərbi eskalasiyanın yenidən başlaması erməni diasporu/lobbisinə və idarə etdikləri Ermənistana həm əraziləri qaytarmamaq imkanı verə, həm də ABŞ-ın geosiyasi planına maneə yaratmaq ittihamından xilas edə bilər; bu baxımdan, ermənilərin yeni və daha ciddi təxribatlara əl ata biləcəyi istisna edilməməlidir;

Və burada David Tonoyanın Vyana görüşü öncəsi ABŞ-a səfəri də diqqətdən qaçmır. Tonoyanın hansısa hərbi əməkdaşlıq məsələsi üçün okeanın o tayına getdiyi deyilir, lakin bu şəxsin “aprel müharibəsi”nin müəllifi olduğu və bu ssenarini həyata keçirmək üçün əvvəlcə Qərb dairələrində erməni diasporu/lobbisinin iştirakı ilə geniş müzakirələr apardığı unudulmamalıdır. Mümkündür ki, Paşinyan Tonoyanı ABŞ-a məhz erməni diasporu/lobbisi ilə yeni hərbi eskalasiya mövzusunda müzakirələr aparmaq üçün göndərib. Buna paralel olaraq, xarici işlər naziri Zoqrab Mnatsakanyanı məxfi şəkildə Moskvaya göndərmişdi.

21-22 mart tarixində Mnatsakanyanın Moskvaya məxfi səfər etdiyi, Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdüyü (digər informasiyada onun rusiyalı həmsədr İqor Popovla görüşdüyü deyilir) haqqında məlumatlar var. Erməni nazir məxfi səfərini nə təkzib, nə də təsdiq edir və münaqişə ətrafındakı proseslər belə səfərin reallaşdırıldığı fikrini gücləndirir.
Bu, Ermənistanın “Bolton planı”na qarşı olan Rusiyadan istifadə etməklə prosesi pozmaq planından xəbər verir və böyük ehtimalla bu oyunda erməni lobbisinin Vaşinqtonda və Moskvadakı qrupları birgə hərəkət edir.
Görünən budur ki, Ermənistan əraziləri qaytarmamaq üçün ABŞ və Rusiyanın region üzərindəki geostrateji planları arasında “manevr” etməyə cəhd göstərir. Belə demək mümkünsə, ermənilər Vaşinqtonda ABŞ-ın planlarında yer aldıqlarını və münaqişənin həllinə razı olduqlarını göstərir, Moskvada isə prosesi pozmaq üçün Rusiya maraqlarından sui-istifadə edirlər. Əsas hədəf indiki situasiyada heç bir güc mərkəzini narazı salmadan danışıqları uzatmaqdır. Lakin uzunmüddətli perspektivdəki hədəf Azərbaycan dövlətinə qarşı təhlükəli oyunların oynanılmasıdır.

Çünki erməni diasporu\lobbisi Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranmış siyasi şərtləri Ermənistanın xeyrinə dəyişmək, yaxud ən azından pozmaq üçün Azərbaycana qarşı təkcə “hərbi eskalasiya” planını işə salmayıb, həm də müxtəlif cəbhələrdə təxribatlar həyata keçirir: Avropada “separatçı satqınların” fəallaşması, siyasi mühacirlər üzərindən oynanılan oyun, son dövrlərdə daxildə və Azərbaycan ətrafında baş verən müəmmalı hadisələrin səbəbini məhz Qarabağ ətrafındakı proseslərdə axtarmaq lazımdır.

Və yaranmış bu situasiya cəmiyyətin indi bəlkə də heç olmadığı dövlətin ətrafında birləşməyini zəruri edir, çünki hədəfdə dövlətin təhlükəsizliyi və gələcəyi var.

Bütün bu proseslər fonunda Vyanada nələr ola bilər?:

a) Ermənistan görüşdə “Qarabağın tərəf olması” tezisini irəli sürəcək və danışıqları uzatmağa çalışacaq.

b) Azərbaycanın buna qarşı çıxacağı məlumdur, mümkündür ki, Bakı İrəvanın “şərti”nə qarşı Bişkek protokoluna istinadən Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının danışıqlarda iştirakını irəli sürsün. Lakin Ermənistanın bununla razılaşacağı, yaxud razılaşsa belə sonrada buna əməl edəcəyi çətin görünür.

c) Görüşün münaqişənin həllində dönüş nöqtəsi olacağı ehtimalı azdır, lakin Vyana münaqişə ətrafındakı vəziyyətin bundan sonrakı inkişafını müəyyənləşdirən şəhər ola bilər.

Proseslərin inkişafı isə müharibə yoluna çıxır, xüsusilə erməni diasporu/lobbisinin planları fonunda bu aydın görünür və məhz bu məqamda Azərbaycan insanı baş verənləri anlamalı, təxribatlara imkan verməməli və dövlətin yanında dayanmalıdır, ərazi bütövlüyümüzə, suverenliyimizə qarşı oynanılan oyunlar bunu tələb edir...(publika)

Reaksiya.az

Advertisement Banner

Şərhlər