Ukraynada gənc reformatorlar hökuməti: Zelenski ikinci Saakaşvili ola biləcəkmi?

05.09.2019 12:27     A-reaksiya     1163

Müstəqilliklərinin 28-ci ilində postsovet ölkələrinin mütləq əksəriyyətinin təməl problemi budur ki, onlar hələ də sovet mirasından tam xilas ola bilməyiblər.

Toplumun ehtiyaclarına cavab verən zəruri islahatları, yeni dövrə uyğun radikal transformasiyanı gerçəkləşdirmək bəzi ölkələrdə heç mümkün olmayıb, bəzilərində isə bu istiqamətdə cəhdlər səthi xarakter daşıyıb, yarımçıq qalıb və dərinə işləməyib.

İknci qrupa aid olan ölkələrin başında Ukrayna gəlir. 2014-cü il fevral inqilabından sonra iqtidara gələn Poroşenko hökuməti iqtisadi tənəzzülü dayandıraraq, islahat xarakterli müəyyən işlər görə bildi, amma ötən 5 ildə ölkədə köklü dəyişikliklərin həyata keçirildiyini söyləmək yalan olar. Yeni prezident Vladimir Zelenski məhz bu ambisioz hədəflə – ötən 28 ildə edilməyənləri gerçəkləşdirmək iddiası ilə iqtidara gəlib.

Ali Radanın avqustun 29-da keçirilən və 16 saatdan çox davam edən ilk iclasında Nazirlər Kabinetinin tərkibinin təsdiqlənməsi ilə Ukraynada bir mərhələ qapandı, yeni bir mərhələ başlamış oldu. Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, hazırkı mərhələni şərtləndirən başlıca amil tamamilə yeni bir siyasi qüvvənin qısa zaman kəsiyində həm icra, həm də qanunverici hakimiyyət üzərində nəzarəti bərqərar etməsidir.

Xalq siyasi səhnəni radikal şəkildə təmizlədi və Ukrayna siyasətinin simvoluna çevrilmiş məşhur xadimləri zirvədən aşağı endirərərk onlara “getmə zamanınız gəldi” mesajını verdi. Zelenskinin baş nazir vəzifəsini etibar etdiyi 35 yaşlı Aleksey Qonçarukun ilk sözlərindən biri bu oldu ki, onun hökuməti oğurluqla məşğul olmayacaq.

Bu gün Ukraynanın ən ağır problemi Donbasdakı savaş olsa da, müstəqillik dövrü boyunca xalqa ən çox əziyyət verən problem məhz oğurluq olub, yəni sistemli korrupsiya. Ölkədə prezidentlər, hökumətlər tez-tez dəyişsə də, korrupsiya çarxı fırlanmağa davam edib, çünki bütün siyasi qüvvələr bu çarxın dişliləri olub.

2019-cu ilin seçki tsliklində ukraynalıların “Xalqın xidmətçisi” serialının süjet xəttini gerçək həyatda görmək arzusu ilə “Kvartal 95” studiyasını iqtidar komandasına çevirməsinin əsas səbəbi budur. Xalq siyasətçi – iş adamı – məmur korrupsiya üçbucağının dağıdılması və nəhayət ki, ölkədə real dəyişikliklərin başlaması arzusundadır.

Ukraynanın yeni baş naziri, 35 yaşlı Aleksey Qonçarçuk.

Zelenskinin gənc və islahatçı komandası toplumdakı nəsil dəyişikliyinin siyasi hakimiyyətə transformasiyasını özündə əks etdirir. Ali Radanın və Nazirlər Kabinetinin yaş ortalaması müvafiq olaraq 41 və 39-dur və 55 yaşlı daxili işlər naziri Arsen Avakov vəzifəsində qalmasaydı, hökumətin yaş ortalaması daha aşağı olacaqdı. (Avakovun məsəsləsini aşağıda izah edəcəyik.)

Baş nazirin müavini, rəqəmsal transformasiya naziri təyin olunan 1991-ci il təvəllüqdlü Mixail Fyodorov müstəqil Ukrayna ilə həmyaşıddır. 28 yaşlı Fyodorov SMM üzrə mütəxəssisdir və Zelenskinin seçki qərargahında digital istiqamətə cavabdeh olub. Yeni kabinetin 6 qadın üzvündən biri olan elm və təhsil naziri, Maastriht Universitetinin magistri Anna Novosad isə 1990-cı il təvəllüdlüdür.

A.Novosad son 5 ildə hazırda rəhbərlik etdiyi nazirlikdə çalışdığı üçün bu sahədə təcrübəlidir. Maraqlı təyinatlardan biri müharibə aparan ölkədə müdafiə naziri kimi strateji postun mülki şəxsə həvalə olunmasıdır. Zelenski bu vəzifəni Oksford Universiteti məzunu, 42 yaşlı Andrey Zaqorodnyuka tapşırıb.

A.Zaqorodnyuk Donbasda müharibə başladıqdan sonra ordunun bərbad durumda olan təchizatının yaxşılaşdırılması üçün çalışan volontyorlardan biri olub, 2015-2017-ci illərdə isə Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən və Avropa Birliyi ilə Kanada tərəfindən maliyyələşdirilən islahatlar ofisinə rəhbərlik edib. Zelenskinin bu seçimi ən korrupsiyalaşmış sahələrdən biri olan müdafiə sektorunda da real islahatların aparılması və şəffaflığın təmin olunması niyyətindən xəbər verir.

Belə görünür ki, “daxili düşmən” olan korrupsiya (xüsusən də hərbi sistemdə) xarici düşməndən daha təhlükəli sayılır. Bununla əlaqəli daha bir önəmli fakt hərbi-sənaye kompleksi müəssisələrinin daxil olduğu “Ukroboronprom” dövlət konserninə Ukraynada islahatçı deyiləndə ilk xatırlanan şəxslərdən biri olan Ayvaras Abromaviçusun sədr təyin olunmasıdır.

Litvalı Abromaviçus 2014-cü ildə Ukrayna vətəndaşlığına keçərək Poroşenko hökumətində böyük ümidlərlə iqtisadi inkişaf və ticarət naziri vəzifəsinə gətirilib, lakin 2 il sonra sistem islahatlarının əngəlləndiyini səbəb göstərərək istefaya gedib. Abromaviçusun yaratdığı və Qərb fondları tərəfindən maliyyələşdirilən Effektiv Tənzimləmə Ofisi (Better Regulation Delivery Office – BRDO) hazırkı hökumətin formalaşması üçün kadr bankı rolunu oynadı.

Belə ki, baş nazir Qonçaruk Zelenskinin administrasiyasında ikinci adam təyin olunana qədər BRDO-ya rəhbərlik edib. Enerji və ekologiya naziri Aleksey Orjel (35 yaş) və ədliyyə naziri Denis Molyuska (37 yaş) da BRDO-nun ekspertləridir.Ümumilikdə effektiv idarəçiliyi təmin etmək və büdcə vəsaitlərinə qənaət etmək məqsədilə nazirliklərin sayı 25-dən 17-yə endirilib.

İqtisadi istiqamət libertarian baxışlara sahib olan Kiyev İqtisadiyyat Məktəbinin fəxri prezidenti Timofey Milovanova tapşırılıb. O, iki nazirliyin birləşdirilməsi nəticəsində yaradılan və bu səbəblə mediada “super nazirlik” adlandırılan İqtisadi İnkişaf, Ticarət və Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik edəcək. Dövlətin iqtisadiyyatda rolunu rədd edən T.Milovanov Qərbdə ən çox tanınan Ukrayna iqtisadçısıdır və ABŞ-ın Pittsburg, Pensilvania, Almaniyanın Bonn universitetlərində dərs deyib.

Ukraynanın yeni hökümətinin gənc nazirləri.

Göründüyü kimi, yeni hökumət həm də Qərb patentlidir. Xarici siyasət də avroatlantist kimi tanınan Vadim Pristayko (XİN rəhbəri) və Dmitri Kuleba (Avropa və avroatlantik inteqrasiya naziri) tərəfindən həyata keçiriləcək.

Arsen Avakov niyə qaldı?

Radikal islahatlar həyata keçirmək, korrupsiyanın kökünü kəsmək, siyasət və biznesi bir-birindən ayırmaq, Ukraynanı həqiqi Avropa ölkəsinə çevirmək iddiası ilə yola çıxmış prezident Zelenskinin daxili işlər naziri Arsen Avakovu vəzifəsində saxlaması bu vədləri ilə açıq-aşkar ziddiyyət təşkil edir.

“Köhnə Ukrayna”nın qalığı olan Avakovun təmiz reputasiyaya malik yeni hökumətdə təmsil olunması ağ və ütülü köynəyin üzərinə düşən ləkə kimi görünür. O, siyasi karyerası dövründə zənginləşən siyasətçi-iş adamı profilli şəxslərdəndir və Rusiya işğalının qarşısının alınmasında xidmətləri olmasına baxmayaraq, toplumda nüfuz sahibi deyil.

Yeni hökumətin tərkibinin elan olunmasından bir gün əvvəl qeyri-hökumət təşkilatlarının fəalları prezident administrasiyası qarşısında etiraz aksiyası keçirərək Avakovun dəyişdirilməsini tələb etdilər, lakin bu tələb Zelenski tərəfindən nəzərə alınmadı. Bəs yeni dövlət başçısı öz vədlərinə, proqramına xilaf çıxaraq köhnə komandanın əsas təmsilçilərindən birini öz hökumətində niyə saxladı?

Bunun əsas səbəbi odur ki, Avakov prezident və parlament seçkilərinin demokratikliyinin və iki böyük seçki kampaniyası dövründə asayişin, qanunçuluğun təmin olunmasında ciddi rol oynadı. O, seçkilərdən əvvəl hakimiyyət dəyişikliyinin real olduğunu görüb, faktiki olaraq Zelenskinin maraqlarına xidmət etməyə başlamışdı. (Zatən onun prezident Poroşenko ilə münasibətləri çox pis idi.)

Zelenskinin ətrafında hesab edirlər ki, nazirin səyləri olmasaydı, seçkilərə kənar müdaxilələr baş verə bilərdi, bu səbəbdən ona digərlərindən fərqli münasibət göstərildi. Eyni zamanda, Avakovun Zelenskinin arxasındakı güc olan oliqarx İqor Kolomoyski ilə münasibətləri də çox yaxşıdır. Lakin bütün bunlar heç də o demək deyil ki, Avakov bu vəzifədə daimidir.

Razılıq belə olub ki, nazir daha 6 ay qalsın və Zelenskinin məsləhəti ilə təyin olunacaq yeni müavinlərini bu müddətdə işlə, ölkədəki kriminogen durumla yaxından tanış etsin. Yarım il sonra bu müavinlərdən birinin nazir təyin olunacağı gözlənilir. Zelenski və ətrafı çox yaxşı başa düşür ki, Avakov yeni hökumət üçün yükdür və onların təmiz reputasiyasını zədələyə bilər.

Parlamentdəki iqtidar fraksiyasının lideri David Araxamiya açıq şəkildə bildirib ki, Avakovun adı ilə assosiasiya olunan bir çox sual, o cümlədən korrupsiya iddiaları var. O, nazirin gizli oyun (qumar) biznesinə sahib olduğunu söyləyərək bunu leqallaşdıracaqlarını diqqətə çatdırıb.

Baş nazir Qonçaruk da Avakovun iri biznes sahibi olduğunu vurğulayıb. Yəni cəmiyyətə, aktivistlərə mesaj verilir ki, Avakovla bağlı əslində sizin kimi düşünürük, sadəcə, bizə bir az vaxt verin. Artıq Milli Qvardiyanın (50 minlik hərbi struktur) daxili işlər nazirinin tabeliyindən çıxarılaraq prezidentə tabe etdirilməsinə dair təşəbbüs irəli sürülüb. Yəni Avakov hökumətdə müvəqqətidir və vəzifəsində son aylarını zəifləmiş şəkildə keçirəcək. 

Zelenski “Saakaşvili 2.0” ola biləcəkmi?

Yeni prezidentin 100 günlük idarəçiliyindən sonra keçirilən rəy sorğusuna görə, Zelenski xalq arasında yüksək reytinqini qoruyub saxlayır. Əhalinin 70%-i ona etibar edir və bu, bütün Ukrayna prezidentləri arasında ən yüksək nəticədir. Amma islahat niyyətini bəyan etməklə, islahatları həyata keçirmək arasında böyük fərq var. Ötən illərdə gözəl sözlər danışan, iddialı vədlər verən liderlər çox olub, nəticə isə ortadadır.

Yeni hökumətin çirkaba bulaşmamış ambisioz gənclərdən təşkil olunması pozitiv hadisə olsa da, onları ortaya qoyacaqları konkret işlərə görə qiymətləndirmək lazımdır. Postsovet məkanının ən məşhur reformatoru hazırda Kiyevdə yaşayır. Ukrayna çox zaman itirib və artıq gözləməyə taqəti qalmayıb. Saakaşvili stilində – yəni sürətli, radikal, yeri gələndə ağrılı olacaq islahatlar yeganə çıxış yoludur.

Zelenski bunun üçün bütün imkanlara sahibdir: parlamentdə onun bütün qanunvericilik təşəbbüslərini dəstəkləyəcək çoxluq mövcuddur, xalq yeni dövlət başçısına “kart-blanş” verib və onun arxasındadır, xarici dəstək (Qərb) də öz yerində. Qalır siyasi iradə və qətiyyət. Qarşıdakı aylarda Zelenskidə bu özəlliklərin olub-olmadığını görəcəyik.

 

Şahin Cəfərli, siyasi şərhçi

Reaksiya.az

Şərhlər