Deputat: “Avropa Parlamentinin bəyanatı qurumun Dağlıq Qarabağla bağlı ciddi mövqeyini göstərir”

Avropa Parlamentinin 2020-ci il 10 iyun tarixli bəyanatı Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən qanunsuz işğalını bir daha təsdiq etdi”.

Bunu APA-ya açıqlamasında Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsinin üzvü, millət vəkili Kamal Cəfərov deyib.

O bildirib ki, bəyanatın əsas məqsədi Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının beynəlxalq hüquqa zidd olmasını bildirmək idi: “Avropa Parlamenti qeyd edib ki, bu magistral yolun inşası Azərbaycan səlahiyyətli orqanının razılığı olmadan həyata keçirildiyi üçün beynəlxalq hüquqa ziddir. Bu addım Ermənistanın işğalçı siyasətini əhatə edir. Eyni zamanda Avropa Parlamenti təəssüf hissi ilə qeyd edir ki, Ermənistan bu cür fəaliyyəti ilə sülh və barışıq üçün tələb olunan mühiti pozur. Yekun olaraq, bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış edilir.

 

Bu bəyanatın Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand tərəfindən imzalanması çox vacibdir. Bu, onu göstərir ki, Dağlıq Qarabağla bağlı Avropa Parlamentinin ciddi və vahid mövqeyi var”.

Deputat hesab edir ki, Ermənistan işğal siyasəti və fəaliyyəti ilə özünü bir daha ifşa edib və Avropa Parlamenti də buna həm hüquqi həm də siyasi rəy verib: “Eyni zamanda birgə bəyanat göstərdi ki, bu münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. Bütün dünya bir daha yaddaşını təkrarladı ki, Dağlıq Qarabağ həm beynəlxalq hüquq normalarına, həm də tarixi nöqteyi-nəzərdən Azərbaycanın tərkib hissəsidir. Dağlıq Qarabağ Azərbaycandır”.

Reaksiya.az

Advertisement Banner

Şərhlər