Koronavirusun müalicəsi ilə bağlı XƏBƏRDARLIQ: - “Bu dərmanlar həyati təhlükə yaradır”

“Britaniya alimlərinin apardığı tədqiqatlara görə, “Deksametazon” və “Prednezalon” ağciyərlərin müalicəsində müsbət təsir göstərir. Bu dərmanlar yeni deyil, çoxdan var və bundan əvvəl pnevmoniyanın müalicəsində istifadə olunurdu. Amma onlar reseptsiz, həkim nəzarəti olmadan özbaşına istifadə ediləcək dərmanlar deyil”.

Bu sözləri Publika.az-a açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nəriman “Deksametazon” və “Prednezalon” preparatlarının COVİD-19 xəstəliyinin müalicəsinə təsiri barədə yayılan məlumatlar haqqında danışarkən deyib.

Həkim bildirib ki, sözügedən dərmanlar bir həftədən artıq antibiotiksiz istifadə edilərsə, ağırlaşma, hətta ciddi həyati təhlükə yarada bilər:

“Bu, COVİD-19-un protokolunda da qeyd olunub. Hər ikisi də hormonal dərmandır, çox ciddi təsirləri var. Şəkərli diabet, nekroz, sümük nekrozu, piylənmə və s. əlavə zərərləri olan dərmanlardır. Əgər COVİD-19 əleyhinə digər müalicəni almadan təkcə “Deksametazon” və “Prednezalon” qəbul edilərsə, çox ağır nəticələrə səbəb ola bilər. Bunlar hormonal dərmanlardır. Onları qəbul etmək xəstəliyin müalicəsi olunması demək deyil, sadəcə müalicənin bir hissəsidir. Həkim nəzarəti olmadan bu dərmanları qəbul edən insanlar gələcəkdə səhhətlərində çox ciddi problemlər yaşayacaqlar. Ümumiyyətlə, insanlar bu dərmanları qəbul edəndə daha enerjili və aktiv olurlar. Amma o hormonu dayandırdıqdan sonra əvvəlkindən daha ciddi problemlər meydana çıxır".

"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVİD-19 haqqında protokolu var. Bu protokolda "Prednezalon" göstərilib. Hormonal dərmanlar etanola əsasən təyin edilir. Ən az əlavə təsiri olan bir vasitə kimi "Metil-Prednazolon" göstərilir. "Prednazol"un 30 ml qramı "Deksametazon"un 4 ml qramına bərabərdir. Bu, o deməkdir ki, “Deksametazon” 7-8 dəfə daha güclü təsirə malikdir. İnsanlar bilməlidirlər ki, həkim nəzarəti olmadan və digər dərmanlarla birlikdə istifadə edilmədən hər hansı xəstəliyi “Deksametazon” və “Prednezalon”la müalicə etmək mümkün deyil. Çünki bunların hər ikisi immuniteti zəiflədən dərmanlardır. Xüsusilə bir həftədən artıq qəbulu orqanizmdə olan mikroorqanizmlərin aktivləşməsinə səbəb olur. Əgər COVİD-19 orqanizmə kənardan daxil olursa, “Deksametazon” və “Prednezalon”u vurmaqla və ya tablet şəklində qəbul etməklə, sağlam insanların orqanizminin mikroflorası pozulur. Nəticədə aktivləşən xəstəliklərdən biri də vərəmdir”, -deyə pulmonoloq qeyd edib.

Ekspert adıçəkilən dərmanların ölkəmizdə reseptsiz satılmasına münasibət bildirib:

“Təəssüf ki, bizdə bu dərmanların satışına nəzarət yoxdur. Avropada nəinki “Deksametazon” və “Prednezalon” , antibiotiklər, həmçinin vitamin və qızdırmasalıcı dərmanlardan kənar digər preparatların hamısı reseptlər və həkim təyinatı əsasında verilir. Narkotik tərkibli olmayan istənilən dərmanı istənilən miqdarda ala bilərsiniz. Həkim resepti və ya müalicə müəssisəsinin möhürü tələb olunmur. Üzücü haldır ki, bu kimi məsələlərə nəzarət edilmir. Bu, dövlət səviyyəsində həll edilməlidir”.

Reaksiya.az

Advertisement Banner

Şərhlər