Putinin dünyanı yenidən bölmək təklifi...

30.06.2020 13:51     A-reaksiya

Rusiya lideri Vladimir Putin 80 il əvvəlki dünya xəritəsini təsir sferalarına görə çəkməyi təklif edirsə, ilk növbədə güclü iqtisadiyyata sahib olmalı və daha az aqressiv diplomatiyaya keçid etməlidir. Mövcud aqressiv və militarist Rusiya siyasəti ilə bunu etmək mümkün deyil.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya Prezidenti Vladimir Putinin Qərbə dünyanı yenidən bölüşdürməyi təklif etməsi haqda səslənən iddiaları şərh edərkən deyib.

O bildirib ki, Putinin belə bir təklif etməsi haqda deyilənlərə inanmır:

“Putin Rusiya tarixində yadda qalan liderlərdən olacaq. Lakin onun belə bir təklif irəli sürməsi iddiası çox gülünc səslənir. Düzdür, biz Putinin bundan öncə də dəfələrlə SSRİ-nin restavrasiyası planlarının olduğunu görmüşük. Putin administrasiyasının xüsusilə Şərqi Avropa siyasəti hər kəsə bəllidir. Lakin rəsmi Moskvanın ekspansionist siyasəti bir zamanlar SSRİ-nin təsir dairəsində olan regionları nəinki geri qaytardı, əksinə, tamamilə AB və NATO-ya yaxınlaşdırdı. Putin güclü siyasətçi olsa da, Rusiya xarici siyasətini mövcud dünya nizamına uyğunlaşdıra bilmir. Bəli, şübhəsiz, Rusiyanın güclü ordusu var, lakin hazırda güclü bir dövlət regionda təsir yaratmaq istəyirsə, sağlam iqtisadi təməlləri olmalıdır. Rusiya isə mövcud pandemiya və neft qiymətlərinin aşağı düşməsinə görə ciddi iqtisadi geriləmə yaşayır”.

Politoloq deyib ki, Rusiyanı Mərkəzi Asiya, Qafqaz, Uzaq Şərq, Yaxın Şərq regionlarında Baltikyanıda və Şərqi Avropada yaşadığı tale gözləyir:

“Adını çəkdiyim bu regionlar SSRİ-dən sonra Rusiyanın təsir dairəsi hesab edilən regionlardır. Lakin mövcud vəziyyət onu göstərir ki, Rusiya günü-gündən bu regionlarda da təsirini itirir. Baltikyanı və Şərqi Avropa ölkələri Rusiyadan uzaqlaşıb AB və NATO-ya üz tutublar. Ukrayna isə Krımın ilhaqı, Donetsk və Luqansk separatçılarına dəstək səbəbindən Rusiya ilə bütün körpüləri dağıdıb. Bənzər ssenari bu gün Qafqazda da gedir: Gürcüstan Rusiyanın Abxaziya və Cənubi Osetiya məsələlərində mövqeyi və 2008-ci ildəki müharibə sonrası Moskvadan üz çevirdi. Bu və digər səbəblər onu göstərir ki, Putin nəinki 80 il öncəki dünyanın nüfuz bölgüsünü bərpa edəcək, hətta mövcud təsir dairələrini də itirəcək”.

Reaksiya.az

Advertisement Banner

Şərhlər