Vasitəçilər rayonların qaytarılmasına dair təqvim hazırlamalı idi - Sabiq nazir

01.10.2020 17:57     A-reaksiya     632

Nə qədər ki, belə sənədlər yoxdur, səslənən bəyanatlar ciddi qəbul olunmur.
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan və havadarlarına növbəti dəfə mesaj verib. O qeyd edib: “Azərbaycanlı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək və vətənlərini qorumaq mübarizəsində onların yanlarında olacağıq. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – ABŞ, Rusiya və Fransa 30 ilə yaxındır bu münaqişəyə laqeyd yanaşıblar.

Baş verənlərin qarşısında onların atəşkəs axtarışı içində olmaları hər şeydən əvvəl qəbuledilməzdir. Hə, nə isə istənilirsə, o zaman işğalçılar o torpaqlardan çıxmalıdır ki, nəticə əldə edilsin. Azərbaycanlı qardaşlarımız öz torpaqlarına qayıtmaq istəyirlər, bunun həsrətindədirlər. Mən bunları cənab Putinlə də, cənab Makronla da müzakirə etmişəm. Amma həmişə oturublar, danışıblar, lakin nəticə yoxdur. İndi nəticə vaxtıdır. Ermənilərin qədim Azərbaycan torpağı Qarabağı işğalına və mülki əhaliyə qarşı törətdikləri qətliamlara kar, kor və lal qalanların bu gün nümayiş etdirdikləri davranış ikiüzlülükdür”.
 
R.T.Ərdoğan qeyd edib ki, Türkiyə bütün imkanları, bütün qəlbi ilə Azərbaycana dəstək verməyə davam edəcək.
 
Məlum mesajı şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Şərq.az"a danışıqlara gedən yolun Ermənistan qoşunlarının Dağlıq Qarabağdan çıxmasından keçdiyini bildirib:
 
“Əlbəttə, biz də danışıqların tərəfdarıyıq. Amma qarşı tərəfin yenə vaxtı uzatmağa çalışmayacağına ümidimiz yoxdur. Fikrimcə, vasitəçilər daha keyfiyyətli iş görə bilərdilər. Onlar rayonların qaytarılması, məcburi qaçqın və köçkünlərin dədə-baba yurdlarına köçürülməsi barədə konkret qrafiklərdən ibarət təqvim hazırlamalı idi. Nə qədər ki, belə sənədlər yoxdur, səslənən bəyanatlar ciddi qəbul olunmur. Biz danışıqlara əks mövqedə olmamalıyıq. Əksinə, məsələnin həlli istiqamətində ən yaxşı üsulun məhz sülh olduğunu deməliyik və deyirik. Amma Ermənistanın danışıqlara hazır olmadığını hiss etdiyimizi də xüsusi vurğulamalıyıq”.
 
 

 

Şərhlər