Qərb Nikola göz yumdu, müharibə belə bitdi - Şərh

13.11.2020 13:32     A-reaksiya     932

Bu gün regionda yaşanmış müharibə və dağıntılara görə yalnız Paşinyan yox, onu hakimiyyətə gətirən, bütün cinayətlərinə göz yuman Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyırlar.

Reaksiya.az xəbər verir ki, bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, Nikol Paşinyanın qurduğu diktatura rejimi demokratikliyə dair imitasiya imkanlarını itirib:

“Qərb dairələri 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı isə “demokratik lider” adlandırır. Lakin bu gün Ermənistanda demokratiyanın işartıları belə qalmayıb. Məsələ ondadır ki, ölkə kriminal şəxslərin neofaşizm yuvasına çevrilib.

Nikol Paşinyan bu gün Ermənistanda dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərini (çıxışları, nəşrləri də daxil olmaqla) tənqid edən, təkzib edən, şübhə altına alan və ya başqa bir şəkildə dəyərdən salan məlumatların dərc edilməsi və yayımlanmasını qadağan edib. Demokratiyanın ilkin prinsiplərindən olan söz azadlığını xalqına verməyən biri necə demokrat adlana bilər? Bu gün Ermənistanda hakimiyyəti, hətta bələdiyyələri tənqidə görə 1200 avro cərimə tətbiq edilir.

Ermənistanda vətəndaşların dinc etiraz aksiyalarını qeyri-mümkün edən yüksək cərimələr tətbiq olunur. Paşinyan faktiki olaraq öz hakimiyyətini qorumaq bahasına öz xalqının sərbəst toplaşmaq azadlığını belə əlindən alır. Budur Qərbin demokrat lideri?

Əgər bu gün Ermənistanda baş verənlər Azərbaycanda olsa idi, indi Qərb ölkələrində bu barədə bəyanat verməyən heç bir “insan hüquqları təşkilatı” qalmayacaqdı”.

Politoloq bildirib ki, dünya regionda müharibənin necə bitdiyini, hansı şərtlər altında sülhün əldə edildiyini bilməli, anlamalıdır:

“Qərbin demokrat adlandırdığı Paşinyan müharibə istədiyi halda, Azərbaycan Prezidenti İlham Əliyev son ana qədər sülh çağırışları edib, danışıqlar prosesinə qayıdılmasının vacibliyini vurğuladı. Lakin sonda münaqişə hərbi müstəviyə çevrildi və əli xalqının qanına bulaşan diktator Paşinyan məğlubiyyətə düçar oldu”.

Reaksiya.az

Şərhlər