İqtidar-müxalifət münasibətləri demokratik müstəviyə keçirilməlidir - Ağasif Şakiroğlu

09.12.2020 08:40     A-reaksiya     674

Ölkədə iqtidar-müxalifət münasibətləri ümummilli maraqlar (dövlətin bütövlüyü, ərazi birliyinin bərpası, düşmənə qarşı müharibədə resursların cəm edilməsi və sairə bu kimi amillər) bu birliyi zəruri etmişdi, lakin bütün hallarda demokratik cəmiyyət və hüquqi dövlət qurmaq istəyiriksə, dövlət hakimiyyətinin bölgü prinsiplərinin gerçəkdən gözlənilməsini arzu ediriksə müstəqil məhkəmə hakimiyyəti mütləq şəkildə bərqərar etmək lazımdır. Eyni zamanda Azərbaycanda geniş səlahiyyətlərə malik bələdiyyələr formaşdırmaq başlıca atılacaq addımlardan biri olmalıdır. Hal-hazırda bələdiyyələrdə durum olduqca bərbaddır. Rüşvətxorluğa yol açan rayon icra hakimiyyətləri ləğv olunmalı və bütün salahiyyətlər bələdiyyənin tərkibə verilməlidir.
 
Bu fikirləri Reaksiya.az-a açıqlamasında Ağasif Şakiroğlu bildirib.
 
O qeyd edib ki , eyni zamanda ölkənin inkişafı üçün vətəndaş cəmiyyəti institutları işlək mexanizmə salınmalıdır. Bu gün ölkəmizdə müstəqil mətbuat, müstəqil televiziya kanallarının fəaliyyəti üçün gerçək imkanlar yaradılmalı, dövlət idarəediçiliyi təkmilləşdirilməsi üçün lazımı addımlar mütləq şəkildə atılmalıdır.
Qısa zamanda Azərbaycanda siyasi partiyalar haqqında qanuna dəyişikliklər edilməlidir. Ölkə Prezidentinin siyasi partiya sədri olması qadağan edilməli, Prezident siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının dövlət başçısı kimi rəhbəri olmalıdır. Düşünürəm ki, ölkədə Konistitusiya islahatları aparılmalı, dövlət idarəediciliyi dəyişdirilərək, parlamentar idarəçiliyə keçməliyik. Həmçinin Azərbaycan Parlamentinə keçirilən seçkilər təkcə mojaritar seçki sistemi ilə deyil, qarışıq (mojaritar və proporsional) seçki sistemi bərpasını təmin etmək lazımdır. Seçki sistemi sahəsində islahatlar mütləq şəkildə olmalıdır.
 
 
Bütün bunlar isə iqtidar-müxalifət münasibətlərini demokratik müstəvi üzərinə keçirilməsi şəraitində həyata keçirilməlidir!
Müxalifətin bu durumda olması ölkədə hakimiyyətdən asılı olan biznes adamlarının mövcudluğu ilə əlaqədardır. Ölkədə orta təbəqənin udel çəkisinin zəif olması, maliyyə resurslarının məhdudluğu və qeyri şəffaflığı vəziyyətin əsas səbəblərindən biridir. Ən əsası ölkənin neft fondu üzərində nəzarət prezident, parlament və müxalifət arasında proporsional qaydada həyata keçirilməli, xərclərin istiqaməti və şəffaflığı barədə aydın təsəvvürlər olmalıdır.
Bu gün bir çox "gözə girmək" istəyən şəxslər (xüsusilədə YAP-çı deputatlar) tərəfindən Prezident İlham Əliyevin ömürlük prezident seçilməsi üçün müxtəlif çağırışlar edilir. Bu demokratik idarəetmə ilə ölkənin əsas qanunlarına bir hörmətsizlik, avtoritarizmə meyllilik kimi qəbul olunmalıdır! Anlamaq lazımdır ki, bu tip yaltaqvari çağırışlar edənlər ölkə qanunlarına hörmətsizlik etməklə yanaşı ölkənin imicini də zərbələr altında qoymuş olur. Bu gün prezidentin Ali Baş Komandan olaraq apardığımız müharibədə əldə etdiyimiz qələbədə rolu heç şübhəsiz ki, şəksiz və misilsizdir! Amma bu zəfərə kölgə salınmasına imkan vermək olmaz. Bu tip çağırışlar edən "RUS BAŞ" deputatlara xatırlamaq lazımdır ki, Britaniya İkinci Dünya müharibəsində faşist Almaniyasina qarşı vuruşarkən U.Çörçil baş nazir idi. Əldə edilən qələbə onun baş nazir olduğu dönəmə təsadüf etdi. Bununla belə seçicilər 1945-ci ilin parlament seçkilərində onun lideri olduğu Mühafizəkarlar Partiyasına deyil, Leyboristlər Partiyasına səs verdilər və Kliment Etli höküməti formalaşdırdı. Yəni müharibədə əldə edilmiş qələbə belə Çörçilə Britaniya seçicilərinin mütləq əksəriyyətinin səsini qazanmağa imkan vermədi...
Məsələlərə digər tərəfdən baxdıqda isə anlamaq lazımdır ki, demokratiya azad və savadlı xalqın hakimiyyətidir. Yəni, cəmiyyət özü elə bir inkişaf səviyyəsində olmalıdır ki, insanlarımız özlərinə təbəə kimi deyil də, əsil vətəndaş kimi baxa bilsin... Görünən odur ki, bu çağırışları edən bəzi deputarlarımız hələ də təbəəlikdən çıxa bilməmişlər...

Reaksiya.az

Şərhlər

Çox oxunanlar