Prezidentin türkiyəli nazirlə görüşdə dediyi fikir nəyin siqnalıdır? - ŞƏRH

31.05.2021 13:42     A-reaksiya     178

Prezidentin dünən türkiyəli naziri qəbul edərkən dediyi bir fikir gələcək baxımından ciddi nəticə əldə etdiyimizin siqnalıdır.

"İkinci Qarabağ savaşından sonra biz yeni bir dəhliz üzərində çalışırıq - Zəngəzur dəhlizi. Artıq beynəlxalq müstəvidə də bunun adı məhz Zəngəzur dəhlizi kimi təsbit edildi”.

Bu o deməkdir ki, Naxçıvanı Azərbaycanla birləşdirən nəqliyyat kommunikasiyası dünya tərəfindən Zəngəzur dəhlizi olaraq qəbul edilib.

10 Noyabr razılaşmasında nə dəhliz, nə də Zəngəzur ifadəsi var. Paşinyan daxili auditoriyanı sakitləşdirmək, opponentlərinin ittihamlarına cavab vermək üçün dediyi "Mehridən dəhliz keçmir”, "Zəngəzur dəhlizi yoxdur” sözləri də bu layihənin olmaması yox, üçtərəfli razılaşmada belə ifadənin yer almamasına istinad etməsidir. 

Razılaşmaya belə ifadənin salınmaması böyük ehtimalla Paşinyan hakimiyyətinin prosesin icrası zamanı daxili siyasətdə çətin vəziyyətə düşməməsinə hesablanıb. Bakı üçün vacib olan istədiyi nəticəyə nail olmaqdır.

İlham Əliyev martın 6-da cəmiyyətdə "Naxçıvan dəhlizi” adlandırılan, Naxçıvanı Azərbaycanla birləşdirən nəqliyyat kommunikasiyasını Zəngəzur dəhlizi elan etdi. Hədəf sirr deyil.

Nəqliyyat kommunikasiyasının beynəlxalq müstəvidə Zəngəzur dəhlizi kimi təsbit edilməsi də hədəfə doğru atılan ciddi addımlardan biri hesab oluna bilər:

Birincisi, Zəngəzur dəhlizi ifadəsinin geosiyasi leksikona daxil edilməsi Zəngəzurun Azərbaycanın tarixi torpağı olması faktı yenidən aktuallaşdıra bilər;

İkincisi, bu, Azərbaycanın Zəngəzura qayıdış hədəfinin beynəlxalq müstəvidə legitimləşdirilməsinə zəmin yarada bilər;  

Üçüncüsü, dünya Zəngəzur dəhlizindən danışdıqca, Zəngəzur və onun tarixi gündəmdə qalacaq və bu, tarixi torpağa qayıdış strategiyasında olduqca əhəmiyyətlidir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar