LİBERAL media və başqaları...

14.06.2021 12:29     A-reaksiya     824

Qırx dörd günlük ikinci vətən savaşından sonra xaricdəki söyüş mediasının səsi daha əvvəlki kimi çıxmır. Üstəlik tamaşaçı auditoriyaları da azalıb. Maliyələrinin Avropadan gələn hissəsi aşağı salınıb və ya kəsilib. Bakıdan konkret dairələdən göndərilən hissəsi isə hələ ki, stabil qalır. Amma kəsiləcəyi və ya azalacağı təhlükəsi böyükdür. Sosial şəbəkə səhifələri və YOUTUBE kanallarındakı baxış sayı da daha əvvəlki deyil. Oradan da qazancları simvolikləşib. Odur ki, indi konkret şəxsləri təhqirə, şantaja keçiblər. Yəni indiki statusları irili-xırdalı məmurların məişət problemlərində çabalamaqdan ibarətdir.
 
Bu mənzərəyə birinci səbəb, insanların söyüş eşitməkdən bezəməsidir. Adamlar hər kəsi dinləyib, özü nəticə çıxarmağa çalışır. Bu arada söyüş mediasının reytinqdən düşməsi, dövləti əleyhinə işləsə də söyüş leksikonu olmayan digər mühacir media qrupunun da ziyanınadır. Əvvəla ona görə ki, auditoriyaları yaxındır. İkincisi, onlar “bir almanın iki üzü” kimidir. Yəni biri siyasi dildə danışır, o biri söyüş dilində. Hədəf eynidir, Azərbaycan. Belə düşünməyə və yazmağa onların tez-tez məsələn, Osmanqızı TV-də görünməsi əsas verir.
 
Mövzudan yayınmayaq, gələk ona ki, nədən söyüş mediası sıradan çıxmaq, auditoriyasını itirmək “təhlükəsi” ilə üz-üzədir və əli zəifləyib?!.
 
Birinci səbəbi qeyd etdik, insanlar söyüşdən bezdi.
 
İkinci səbəb, 44 günlük vətən savaşıdır. Sosial problemlərə paralel, bir də Qarabağ məsələsindən yana insanlar dövlətə sərt mövqedə idi. Başqa sözlə mühacir söyüş mediasına ölkəyə və siyasi rəhbərliyə hücumun əsaslarından biri Qarabağın işğalda olması idi. İndi nəhəng bir siyasi hücum bəhanəsi əldən çıxıb. Söyüşcül mühacirlər nakauta düşmüş oyunçuya dönüb. Və konkret məmurların məişət problemləri ilə uğraşmaqdadırlar. Həmçinin reytinq gətirəcək yeni mövzulara girişirlər. Məsələn, Tərtər işi, Gəncə işi, Tovuz işi kimi. Kanal 13-ə, Qurban Məmmədova, “Azad söz”ə paralel, mühacirətdəki söyüş mediasına da bu mövzuların vətənpərvərlikdən dolayı vacib olduğu inandırıcı görünmür. Bu onlara yeni reytinq üçün vasitədir. Yəni əvvəlki auditoriyanı geri qaytarmağa cəhd edirlər. Efirində erməniləri və bloqer Lapşini dəstəkləyən Q.Məmmədovun bu sadalanan cinayətlərdə vətənpərvərlik “nəğmələrinə” düzü mən inana bilmirəm.
 
***
Qarabağın azad edilməsi ilə Azərbaycan vətəndaşı milli mənliyini, kimliyini bərpa etdi. Daha nicatı kənarda axtarmaq barədə düşünmədi Azərbaycan insanı. Bu mühacir söyüşcüllərin reytinqini aşağı salan üçüncü səbəbdir. İnsanlar anladı ki, xaricdə və başqalarına aid tribunalarda vətən deyib qışqıranların əksəriyyəti fərdi maraq güdür. Bu həm də onların milli güc olmadığına işarədir. Əslində bütün proses zaman bağlı və təbii axarı ilə baş verdi. Yəni prosesi təşkil və idarə edən olmadı. Beləcə insanlar bu təbii reallığı mübaliğə və müzakirəsiz, sakitcə, qəbul etdi.
 
***
Dördüncü səbəb, insanları dinləyən və kənarda yox, Azərbaycanda fəaliyyət göstərən media adamlarının ortaya çıxmasıdır. Mən bu yazıdan sonra onlara liberal media adamları deməyə qərar verdim. Əslində diqqətlə müşahidə etsəniz gerçəkdən belədir. Liberal media adamı olmaq nə deməkdi? Qırmızı xəttini bilməklə yanaşı, həm də sözünü deməyi bacarmaq. Ən vacibi, sözü ölkənin içində, Azərbaycanda deyə bilmək. Həm də ictimai rəydə nüfuzunu saxlamaq, bulaşmamaq, çirklənməmək. Liberal medianın fomalaşması mühacir söyüşçülərinin auditoriyasını parçaladı, aqresiyasını azaltdı. Üstəlik insanların siyasi rəhbərliyə münasibətdə yumşalmasını təmin etdi. O, Azərbaycanın içində vətəndaşın problemini dövlətə daşındı. Dövlət də öz növbəsində zəruri olan və mümkün tədbirləri görməyə, tənbəl məmurlarsa məcburiyyət qarşısında çalışmağa başladılar. Liberal media, eyni zamanda siyasi baxışları kəskin fərqlənən çevrələri efirlərə daşıdı. İnsanlar fərqi gördü, müqayisə elədi, qiymət verdi. Məhz bu keyfiyyətlərindən yana liberalları ölkə içində də, xaricində də xeyli dairələr qəbul etmir, bəyənmir, dəstəkləmir, hətta sıxır. Və ya sıxılmasını təmin edir. Bu liberal medianın zəiflik və qeyri-peşəkarlıq göstəricisindən irəli gəlmir. Əksinə daha çox əhəmiyyətli ola bilmək və lazımi dairələrin də bunu görəcəyindən doğan narahatlıqdır. Yeri gəlmişkən, liberal media və onun simaları həm də Azərbaycanın otuz illik ikinci müstəqillik dönəmini yazılardan, tarixdən oxumayıb. Və ya hadisələrin içinə bəziləri kimi göydən enməyib. Onlar həmin dönəmdə hadisələrin mərkəzində peşə faliyyəti göstərirdi. Məhz bu üstünlüklərindən yana dövlət, vətən, xalq, milli təəssüb və peşəkarlıq onlar üçün prioritetdir. Yuxarıda qırmızı xətt deyəndə, məhz bu üstün cəhətləri nəzərdə tuturduq. Onlar Azərbaycan mediasının doxsanlardakı qızıl dövrünün yetişdirməsidir. Onlar həm də dövlətdən böyük məbləğdə maliyyə alsa da bir çoxunun yazıb, göstərmədiyini, yazır və göstərir. Ancaq bir az da qorxunc, əcaib obrazında təqdim olunurlar dövlətə. Bu isə yeni media siyasətinə uğur gətirməyəcək nüansdır. Sizi bilmirəm, müəllif olaraq mən, bu məqamdan son dərəcə narahatam. Heç kim ölkəsindən kənara qaçıb oradan söz deməməlidir. Heç kimi kənarda çalışmağa məcbur qoymaq olmaz. Heç kimi peşəsi, dövləti, şəxsiyyəti və ya para ilə imtahan etmək olmaz. Burada, məmləkət içində, müzakirə edib, nəticə çıxarmaq və qərar vermək lazımdır. Bu ümumi işin də faydasına olacaq.
 
...Və mənim üçün liberal media deyəndə, ilk ağıla gələn kimlərdir deyə soruşanlara, PRİME TV, XURAL TV, REAKSİYA TV, LAF TV, “PRESS KLUB” deyirəm...
 
Bəs bu liberallardan ibarət siyahıda daha kimlər ola bilərdi, amma olmadı? Daha doğrusu onlardan bilərəkdən, bəlkə lap elə zorən mühacir-müxalifət mediası düzəltdilər. Ölkədə fəaliyyətlərinə imkan vermədilər. Məsələn, Qənimət Zahidi yadıma salıram. Təqib və təzyiqlərdən sonra, Avropaya köçüb. Sevinc Osmanqızı və “OSMANQIZI” TV, məhz Azərbaycanda qala, fəaliyyət göstərə bilərdi, dəqiq bilirəm. Əgər onun əlində qalan, qapı-qapı gəzdirdiyi müəllif layihəsini Bakıda reallaşdırmağa imkan versəydilər. Natiq Ədilovun qardaşı, əsaslandırılmamış həbs yaşadı, Mirzə Sakit məhbəsdən çıxdı və ölkədən baş alıb qaçdı, Çingiz Sultansoy da tərk etdi ölkəni baxışlarından və ehtiyaclarından dolayı. “Ayna”-“Zerkalo”nun Rauf Mirqədirovu ətrafında baş verənlər isə ümumiyyətlə, anlaşılmaz oldu. Adam ölkəni tərk etdi və son baş verən bu oldu ki, çox sevdiyi anasının dəfninə gələ bilmədi.
 
***
Mediadan söz açmışkən, bir-iki istiqaməti də yazmaqda fayda var. O da liberal medainın vacibliyinə əsasdır. Ölkədə siyasi mövqeyindən dolayı dövlətə yaxın, dövlətdən maliyələşən və rəsmi KİV-lər mövcuddur. Onların bir xeylisi nə dövlətə düz əməlli yaxın, nə də media kimi media ola bilir. Liberal mövqeli, ümumiyyətlə ola bilmirlər. Rəsmi dövlət KİV-lərinin fəaliyyət istiqamətləri zatən adlarından bəlli, rəsmidirlər. Nə deyib, nə yazsalar hər kəs üçün dövlətin mövqeyini əks etdirirlər. Digərləri məzh libral medianın dediyi, yazdığı, işıqlandırdığı mövzulardan çəkinir. Və ya o mövzularda ütülü danışır. Mələsən, yazır və ya efirindən deyir ki, şəhidlər səki kənarında dəfn edilməyib, xüsusi xiyabanda basdırılıb, sonra bəlli olur ki, doğru deyil söylədikləri.
Əvvəla o mövzuları yazmaq, dövlətini sevməmək və ya dövlətçi olmamaq anlamına gəlmir. İkincisi, dövlətdən maliyələşənin, mövqeyi dövlətin yanında olmaqdır. Maliyə alıb susmaq və ya ən elementar məsələlərlə bağlı da “ustanovka” gözləmək olmaz. Və dövlətin yanında olmaqla, dövlətin yanında susmaq ifadələri arasındakı fərqi də başa düşməyin zamanıdır artıq. Ümumi işin xeyri üçün bunu anlamaq lazımdır.
 
***
Bu məqamda adını çəkməyi zəruri bildiyim KİV-lər barədə bir neçə kəlmə. “Yeni Musavat” media qrupu, haqqin.az və “Turan” İnformasiya Agentliyi. Bu üçlük son illərdə sayı ciddi şəkildə azalan ciddi analitik janrdan imtina etməmək kimi çətin amma gərəkli bir qərar alıblar. Tək yazar deyil, həm də oxucu olaraq alqışa layiq yanaşmadır.
 
 
***
Yeri gəlmişkən, bu yazı ona görə yazılmayıb ki, məmləkətin liberal media adamlarını tərifləyək, onlara da dövlət vəsait ayrsın deyək. Və ya söyləyək ki, konkret sponsorlar təsis edib bunları da neytrallaşdırın. Əsla! Bu yazı ona görə yazıldı ki, ölkənin yeni media siyasətində söyüş mediasının onurğasını qıran, milli liberal medianı elə oduğu kimi tanıyın, qəbul və təqdim edin. Onun fəaliyyətini məhdudlaşdırmağa kimsə çalışmasın. Çünki aynalar özümüzə çəki-düzən verməkdən yana gərəkdir. Onu qırmaqla çirkinliklər düzəlməz. Əksinə onu məsələn, Avropadan göstərirlər. Özü də çox eybəcər şəkildə, söyə-söyə...
 
***
Son vacib məqam. Diqqət etsəniz çox aydın görünür. Liberal media simalarından Azərbaycanın içində aqressiv, nifrət dolu bir media düzəltməyə cəhtlər var. Söyüş mediası və havadarları artıq işə başlayıb. Söymək daxil digər variantları da sınayırlar. Bunu görməmək, çox üzr istəyərək bildirirəm, təkcə qeyri-peşəkar və ya yuxuda olmaq deyil. Bunu görməmək, siyasi analitik təfəkkürün yoxluğudur və siyasi kürsüdəki yerində olmamaq deməkdir. Özümüzdə olana, özümüzdən olana, ədalətli münasibət göstərmək lazımdır. Vicdanlı adamları qorumaq şərtdir. Vəssalam!..
 
Jalə Mütəllimova
 

 

Şərhlər