Azərbaycan Haaqada erməni yalanları üzərində qələbə qazandı

09.12.2021 13:22     A-reaksiya     204

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan "müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını" təmin etməyib.

Məhkəmədə, həmçinin Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına və Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiaları da təmin olunmayıb.

Bu 3 məsələ üzrə ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır.

"Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə Trend-ə açıqlaması zamanı bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı da onu göstərir ki, Azərbaycanın 30 il ərzində söylədiyi və beynəlxalq ictimaiyyətə aşıladığı prinsiplər bu sənəddə öz əksini tapıb. Məhkəmə ədalətli şəkildə işə yanaşıb, bütün lazımı faktları araşdırıb. Eyni zamanda 44 günlük müharibədən sonra Azərbaycanın əlində daha çox faktlar var. Ermənilər nəyəsə iddia edəndə biz faktlarla çıxış edirik.

Azərbaycan torpaqlarını azad edəndən sonra bir çox beynəlxalq instansiyalara müraciət edib ki, şğaldan azad olunan torpaqlarımıza faktaraşdırıcı missiyalar təşkil edərək ermənilərin vandallığının əyani şahidi olsunlar. Hazırda həmin ərazilərə xaricdən gələn qonaqlar, diplomatik nümayəndələr baş çəkir, öz gözləri ilə törədilən bütün vəhşiliklərin şahidi olurlar", - İ.Vəlizadə deyib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi beynəlxalq proseslərdə çox vacib bir ədalət məhkəmələrindən sayılır.

"Məhkəmənin çıxardığı qərarlar həm hüquqi, həm də siyasi təsirlərə malikdir. Ermənistan və ermənipərəst qüvvələrin əsas məqsədi Azərbaycanı beynəlxalq ədalət məhkəməsinə verərək həm danışıqlar masasında həm də ümumi üstünlük əldə etmək idi. Buna görə də Haaqa məhkəməsinin çıxardığı qərar Azərbaycanda sevinclə qarşılandı və biz ədalətin və beynəlxalq hüququn erməni yalanlarının üzərində qalibiyyətimizi qazandıq. Prezident İlham Əliyevin mümkün Brüssel görüşü və yaxud digər görüşləri əsnasında bu məhkəmənin verdiyi qərar Azərbaycana bir sıra üstünlüklər verəcək. Eyni zamanda danışıqlar prosesində, humanitar məsələlərdə bizim mövqeyimizi gücləndirəcək", - deyə o bildirib.

Poltiloq qeyd edib ki, bundan başqa bir sıra ermənipərəst siyasi dairələr müharibənin başa çatmasının ilk günlərindən başlayaraq xristian abidələrinin və erməni abidələrinin azərbaycanlılar tərəfindən guya ki, dağıdılması, Azərbaycanda ermənilərə qarşı irqi və dini ayrıseçkilik məsələlərini qabartmağa çalışırdılar.

"Haaqa məhkəməsi ermənipərəst qüvvələrə "qulaqburması" verdi ki, bu məsələlərlə bağlı heç kəs Azərbaycanı ittiham edə bilməz. Ermənilərin bu aylar ərzində bütün görüşlərdə səsləndirdiyi "hərbi əsirlər" əslində terrorçu diversantlardır ki, bu məsələdə də Ermənistanın iddiaları rədd edildi."

Haaqa məhkəməsinin çıxardığı qərarla Ermənistan və ermənipərəst qüvvələr Azərbaycana təzyiq rıçaqlarını itirdilər", – deyə o bildirib.

Reaksiya.az

Şərhlər