Moskvada həlledici görüş başlayır - Bakı və Ankaranın təklifi işə düşür

09.12.2021 15:17     A-reaksiya     185

"10 dekabr tarixində Moskvada "Altılıq formatı"nın ("3+3") ilk iclası keçiriləcəyi barədə məlumat informasiya məqsədi daşıdığından indidən qeyd edildiyi kimi Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin müavinlərinin görüşündən regionda nəqliyyat kommunikasiyalarının açılması istiqamətində ilk dəfədən nəticə gözləmirəm".

Reaksiya.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.

Rusiyalı politoloq bildirib ki, tərəflər arasında "3+3" formatının fəaliyyəti ilə bağlı bəyanatlar imzalana bilər:

"Düşünürəm ki, bu görüş çərçivəsində çox güman ki, ölkələr arasında qarşılıqlı fəaliyyətin təşkili ilə bağlı texniki məsələlər müzakirə olunacaq. Cənubi Qafqaz altılığı xarici işlər nazirinin müavini formatında müzakirə ediləcək. Şübhə etmirəm ki, bəzi ilkin texniki məsləhətləşmələr artıq aparılıb.

Lakin buna baxmayaraq, belə diplomatik tədbirlərin keçirilməsi formatının işlənib hazırlanması demək olar ki, çox vaxt nəticəsiz qalır. Hesab edirəm regionda yeni reallıq çərçivəsində "3+3" formatında gerçəkləşəcək görüş zamanı ilk növbədə, həmin ölkələrin üzərlərinə götürdükləri səlahiyyətlərin, öhdəliklərin tənzimlənməsi məsələləri müzakirə olunacaq. Bundan sonra bir sıra məsələlərə aydınlıq gələcək. Mövcud öhdəliklərlə bağlı "3+3" formatında gündəliyə hansı məsələlərin çıxarılacağı, kimin, necə və hansı ardıcıllıqla icra etmək istiqamətində addımlar atacağı barədə dəqiq nəsə demək olmur.

Bu məsələləri işlək qaydada müzakirə etmək üçün çoxtərəfli komissiya yaradıla bilər. Ardınca onlara səlahiyyətlər verilməlidir. Çox güman ki, bu görüşün nəticələrinə əsasən, qarşılıqlı anlaşmanın yaradılması ilə bağlı tərəflər arasında birgə ümidverici fəaliyyət qaydalarını özündə ehtiva edəcək bəyanatlar imzalanacaq".

Xatırladaq ki, 2021-ci il dekabrın 10-da Moskvada Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi 3+3 formatında regional əməkdaşlıq platformasının ilk iclası keçiriləcək.

Reaksiya.az

Şərhlər