Əliyev-Zelenski görüşü: Nələr müzakirə ediləcək? – TƏHLİL

14.01.2022 13:13     A-reaksiya     433

Yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Kiyevdə görüş keçiriləcək.

İlham Əliyevin səfəri Rusiya-Ukrayna gərginliyinin pik həddə çatması, Cenevrədə, Brüsseldə Moskva ilə Qərb dairələri arasında aparılan danışıqların nəticəsiz qalması fonunda diqqət çəkir.

Bakı-Kiyev əlaqələrinin əsasını dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə, dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə təşkil edir.

Cənubi Qafqazda yaranan yeni reallıq Bakı-Kiyev münasibətlərinə yeni baxışın gətirilməsini aktual edir, bu, Türkiyənin də marağında yer alan istiqamətlərdəndir.

Türkiyə Ukrayna amili ilə yeni üçbucaq yaratmağa çalışır, buna əsaslar yaradan səbəb:

1. Hər üç ölkə arasında strateji tərəfdaşlıq (Bakı-Ankara ilə strateji müttəfiqlik)

2. Bu tərəfdaşlığı gücləndirmək üçün Bakının potensialından yararlanmaq.

Postmünaqişə dövrü Azərbaycanla Ukraynanın əvvəlki illərdə imzaladığı sənədlərə yeni məzmun gətirilməsini tələb edir, ona görə düşünmək olar ki, İlham Əliyevin səfəri zamanı bir sıra sənədlər (əsasən iqtisadi sahədə) imzalanacaq.

Ankara-Bakı-Kiyev oxunun yaranması Türkiyənin Cənub-Şərqi Avropada maraqlarının təminini şərtləndirir və Avropanın içərilərinə doğru yeni maraqlar yaradır.

Ankara Rusiya amilini də nəzərə alır, onu inandırmağa çalışır ki, Ukraynaya hərbi müdaxilə neqativ nəticələrə səbəb olacaq və münaqişənin miqyası böyüyəcək.

Türkiyənin strateji marağı Bakı-Kiyev münasibətlərinin xarakterinə də təsir edir, çünki Azərbaycanla Türkiyənin birgə strateji maraqları mövcuddur və bunu yeni coğrafiyaya daşımaq yolunda çalışırlar.

İlham Əliyevin səfəri Kiyev-Moskva qarşıdurmasının hərbi müstəviyə gəlməsi üçün “doymuş məhlul” halına gəldiyi dövrə təsadüf edir ki, bu da bir sıra məsələlərə aktuallıq qazandırır:

1. Bakının Kiyevlə münasibətlərinin inkişafı Rusiya ilə əlaqələrə xələl gətirməməlidir,

2. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, amma elə mexanizm qurub ki, bu, Kremlə uzanan marşrutda yoxuşlar yaratmasın.

Bakı balansı bu zamana qədər qoruyub, hərçənd ki, Ukrayna ilə hərbi sahədə də əməkdaşlıq mövcuddur və Azərbaycanın silah idxal etdiyi ölkələrdən biri də məhz Ukraynadır.

İlham Əliyevin Ukrayna böhranının güclənməsi zamanında Kiyevə səfəri həm də münaqişənin həlli üçün beynəlxalq diplomatiyanın tərkib hissəsi kimi nəzərdən keçirilə bilər.

Çünki NATO-Rusiya danışıqları faydalı iş əmsalını artırmaq əvəzinə, mövcud “rəqəmi” daha da aşağı saldı, ancaq hələ də diplomatiyanın məharətinə ümidlər ölməyib.

Bu mənada düşünmək olar ki, İlham Əliyev bağlı qapılar arxasında cənab Zelenskiyə münaqişədən qaçmaq üçün ideyalar verəcək.

Yəni:

1. Rusiya və Qərb dairələri ilə danışıqlarda qazandığı böyük və peşəkar təcrübəni Zelenski ilə bölüşəcək,

2. Türkiyə ilə strateji müttəfiqliyin, bu müttəfiqliyin Rusiya maraqları ilə uzlaşdırılması məsələlərinə dair fikir mübadiləsi aparılacaq.(oxu)

Reaksiya.az

Şərhlər