İrəvanın həyasızlığı və reallıqlar - Fərrux kəndi ətrafında nə baş verir?

25.03.2022 16:38     A-reaksiya     184

Son günlər Ermənistan tərəfi Xocalının Fərrux kəndi ətrafında baş verənlərdən şou düzəltməyə cəhd edir. Rəsmi İrəvan iddia edir ki, Azərbaycan Ordusu Fərrux kəndi istiqamətində irəliləyib və buna qarşı həm bölgədəki Rusiya sülhməramlılarının, həm də beynəlxalq ictimaiyyətin müdaxilə etməsinə nail olmaq istəyirlər.

Sual yaranır: Azərbaycanın öz ərazisində hansısa addımı Ermənistanı niyə narahat etməlidir?


Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin edib və Qarabağ iqtisadi rayonu ilə bağlı istənilən məsələ bizim daxili işimizdir. Ermənistanın Qarabağdakı hadisələrlə bağlı açıqlamaları Azərbaycana qarşı ərazi iddiasının yenidən davam etdirilməsidir ki, bu həm postmünaqişə dövrünün tələblərinə, həm də gündəmdə olan sülh müqaviləsinin imzalanması perspektivinə ziddir. Ermənistan XİN Azərbaycanın suveren ərazilərinə aid məsələlər barədə açıqlama vermək praktikasına son qoymalıdır, əks təqdirdə, bu kimi hallar region sabitliyini təhdid edir.

Fərrux kəndində baş verənlər də heç də Ermənistan tərəfinin iddia etdiyi kimi gərginliyin yaşanması deyil. Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir. Bura Azərbaycanın suveren ərazisidir və Azərbaycan Ordusu öz suveren ərazisində hərəkət istiqamətləri ilə bağlı heç bir ölkəyə hesabat verməli deyil.

Əslində, bölgədə baş verənlər 10 noyabr razılaşmasının 4-cü bəndinin icra edilməsinin - qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasının həyata keçirilməsinin zəruriliyini bir daha aktuallaşdırır. Üçtərəfli razılaşmaya əsasən, Rusiya sülhməramlı kontengenti 10 noyabr razılaşmasının bütün bəndlərinin, xüsusilə bu bəndin icrasına bu günə qədər təmin etməli idi. Lakin razılaşmanın imzalanmasından bir ildən də artıq vaxt keçməsinə baxmayaraq, bununla bağlı heç bir irəliləyiş yoxdur. Əksinə, erməni terrorçular öz mövqelərini genişləndirir, yeni postlar qururlar, hətta Azərbaycanın yaşayış məntəqələrini atəşə də tuturlar. Və bu, iki seçimdən birinin edilməsini zəruri edir: ya Rusiya sülhməramlıları razılaşmanın 4-cü bəndini icra etməlidirlər, ya da Azərbaycan öz suveren ərazisində qanunsuz birləşmələri təmizləməlidir. Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq bunu tələb edir.  (publika)

Reaksiya.az

Şərhlər