Xocalıdakı terrorçulara “hücum” əmrini kim verdi?

31.03.2022 16:53     A-reaksiya     124

Gecə yarısı xəbər yayıldı: Xocalı rayonunun Pirlər kəndinin yaxınlığındakı erməni terrorçu qruplaşmalarına hərbi geyim və silah paylanıb. Videofakt da ortada, cəmi 200 metrlikdə Rusiya sülhməramlıları “soyunub-geyinmə”yə tamaşa edirlər. Onlar tamaşa etmək üçünmü Qarabağa gəliblər, bu günlərdə daşdan səs çıxır, sualın cavabını verməli olanlardan yox.

Azərbaycan Müdafiə Nazirliyi son günlərdə bir neçə dəfə Rusiya Müdafiə Nazirliyinə sərt məzmunlu müraciət ünvanlayıb. Deyilir ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” yoxdur, Rusiya Müdafiə Nazirliyi yenə də ermənilərdən qalma adları rəsmi məlumatlarında tirajlayır, nə qonşuluq bilir, nə müttəfiqlik, nə beynəlxalq hüquq.  

Belə bir vəziyyətdə Xankəndidə və ətraf ərazilərdə mövcud olan “Artsax” terror təşkilatının rəhbərliyi bəyan ediblər ki, yeni silahlı birləşmələr yaradırlar. Bunlarda bu cəsarət hardandır belə? Kim bu uşaq qatillərinə “qorxmayın, hərəkətə keçin”, komandasını verdi? Hər halda səbəbsiz deyil. Əks təqdirdə, 44 günlük savaşda gizlənməyə siçan deşiyi axtaranlar diliuzunluq eləməzdilər.  

Bu günlərdə kadrlar yayılmışdı, Ermənistanın sınıq-salxaq ordusunun əsgərləri qarlı şəraitdə təlim keçərkən tibb işçilərinin geyimlərinə bürünmüşdülər, özü də axçilərin geyiminə. Yəni Ermənistan ordusu arvad geyiminə büründüyü halda, Qarabağdakı quldur dəstələri hərbi geyimi və silahı nəyin hesabına, hardan əldə etdi ki, Pirlər kəndində paylandı?  

Olmaya ABŞ Konqresinin ayırdığı 3 milyon dollarlıq “humanitar” dəstək ünvanına çatıb artıq? Bu günlərdə ABŞ-dakı erməni təşkilatları çox təşvişə düşüblər, 2023-cü ildə Konqres Ermənistana maliyyə dəstəyini azaltmaq, Qarabağ ermənilərinə yardımı isə ümumiyyətlə,  kəsmək fikrindədir deyə. Əslində dünyanın supergücü üçün, ədalətli mövqedə dayandığını iddia edib də, Rusiyanın başına oyunlaq açan ABŞ üçün belə polemikaya şans tanımağın özü utanvericidir. Qonşu ölkənin torpaqlarını 30 il işğalda saxlayan, altını-üstünə çevirən, ağlasığmaz müharibə cinayətləri törədən bir ölkəyə yardımmı düşür? Özü də işğala məruz qalmış Azərbaycana işğalçı, terrorçu Ermənistandan az yardım ayrılır. Üstəlik, Qarabağdakı terrorçu “Artsax” təşkilatına da milyonlar! Budurmu ədalət?! Əgər qərar ədalətlidirsə, onda ABŞ Konqresi Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Krım, Donetsk, Luqansk separatçıları üçün də “əlini cibinə salsın”, “ögey-doğmalıq” etməsin, utanmasın! Necə olur ki, Rusiya bayraqları ilə küçələrə çıxan Ermənistan erməniləri və Xankəndidən Ukrayna separatçılarına yardım göndərən separatçılara yardım ABŞ-dan gəlir? Məntiqlə, elə dolayısı yolla ABŞ da Ukraynadakı separatçıları və ya rus qoşunlarının maliyyələşməsində iştirakçı olur. Marşrut belədir: ABŞ Ermənistana və Qarabağdakı “Artsax” terrorçu təşkilatına “humanitar yardım” ayırır, onlar da Ukraynadakı separatçılara və rus qoşunlarına! İnanmırsınız, erməniləri oxuyun: Qarabağdan Ukraynanı işğal edənlərə 14 ton yük göndərilib, davamı da olacaq! Yəqin ki, ABŞ-dan pulun növbəti partiyası gələndən sonra! ABŞ nəşri "Hayastan" Fondunun cinayətkar fəaliyyətindən yazır. Amma bu fondun "Artsax" terror təşkilatını maliyyələşdiriməsinə Ağ Ev sakit yanaşır, absurd deyilmi?!

Xocalıda erməni qanunsuz silahlı birləşmələrinə hərbi geyim və silah  paylanılır - ŞOK VİDEO » Azxeber.com Azərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Ancaq təkcə ABŞ-mı yardım edir işğalçıya? Avropa İttifaqının rəhbərliyi işğalçı Ermənistana 2,6 milyard avro, Azərbaycana 150 milyon yardım  ayıracağını bəyan etməyibmi? Onlar da dolayısı yolla Azərbaycan ərazilərində məskən salmış cinayətkar qruplaşmalara dəstək vermiş olurlar. Avropa Parlamentinin iç üzünü bu yaxınlarda gördük: “erməni irsinin dağıdılmasına görə” 20 faiz ərazisi darmadağın edilən Azərbaycana qarşı qətnamə qəbul etdilər, utanmadan!   

Bitmədi. Bu günlərdə Azərbaycan ordusu Xocalı rayonunun Fərrux kəndi istiqamətində təxribatlar törədən erməni terrorçularına xəbərdarlıqların nəticə vermədiyini görəndə hərəkətə keçdi, yeni mövqelərdə möhkəmləndi, xəbərdarlıq etdi ki, növbəti təxribatların cavabı sərt olacaq. Ardınca nə baş verdi? 30 il ərzində qətnamələri ayaqlar altına atılmış BMT-dən tutmuş, ATƏT-ə, Avropa İttifaqından tutmuş, NATO-ya qədər hamısı “narahat” oldu. Putini “cəllad”, “qatil” adlandıran, birmənalı şəkildə Ukrayna xalqının və dövlətinin yanında olanlar, Rusiya prezidentinin hakimiyyətdə qalmayacağını əminliklə deyənlər Azərbaycan torpağındakı terrorçu “Artsax”ın qartil başçıları haqqında kəlmə belə kəsmədilər, Ermənistanı 10 noyabr 2020-ci il bəyanatına əməl etməyə, bölgədəki silahlıları çıxartmağa çağırmadılar, hərdəmxəyal Paşinyanın başına ağıl qoymaq istəmədilər. Ardınca da İrəvandakı Rusiya, Fransa, ABŞ səfirləri Ermənistan XİN başçısını sakitləşdirmək üçün növbəyə düzüldülər, hətta ATƏT-in Qarabağdakı keçmiş canişini Kasprşik də özünü yetirdi, sonra rusiyalı səfir atını dördnala çapdı. 44 günlük müharibədə işğalçıları və terrorçuları xilas üçün hərəkətə keçənlər yenə də iş başındadır, hətta Yunanıstan da  Fərrux dağının daşı ilə əlləşir, İranın “Sepah”ının hansısa generalı da “Ermənistanın ərazi bütövlüyü bizimçün qırmızı xətdir”, deyir. Nədənsə “qırmızı xətt” erməni məsələsində yada düşür.

Nikol Paşinyanın müharibəyə gətirib çıxaran əməlləri - TƏHLİL

Bütün bunlardır erməni terrorçularının qudurmasına stimul verən. Azərbaycan ordusunun qarşısında nəinki erməni terrorçuları, hətta onların havadarları da duruş gətirə bilməz. Üstəlik, masada Şuşa Bəyannaməsi var, hər an işə salına bilər! Sadəcə, bəzi çevrələr həmişəki kimi bədbəxt ermənilərdən “maşa” kimi istifadə etmək istəyirlər. Topalarına bircə “Bayraqdar” yetər! Amma nə olsun, erməniləri qızışdıranlara gərginlik ocağı lazımdır. Kim ola bilər gərginlik yaradanlar? Yuxarıda Qərb dairələrindən bəhs etdik. Axı, Azərbaycan prezidenti bəyan edib, Qarabağ münaqişəsi bitib, məsələ həll olunub! Amma Qərbdəki dairələr, “həmsədrlər” və digərləri yenidən Qarabağa burun soxmaq üçün gərginliyi tətikləmək istəyirlər.

Amma təkcə onlar da deyil. Xatırladaq, bundan əvvəl Ermənistan-Azərbaycan sərhədində gərginlik nə zaman yaşandı: 15-16 noyabr 2021-ci ildə. O zaman Avropa Birliyi Azərbaycan və Ermənistan rəhbərliyini görüşdürmək istəyirdi. Toqquşma baş verdi, erməni ordusunun həmləsinə tutarlı cavab verildi, Ermənistanın burnu ovuldu. Amma son nəticədə Brüssel görüşü ertələndi, Soçi görüşü irəli düşdü.

Bakı: Soçi bəyanatında

Yaxud 2016-cı ilin aprel  döyüşlərini yada salaq. Onda ABŞ-da nüvə təhlükəsizliyi ilə bağlı zirvə çərçivəsində Azərbaycan və Ermənistan  prezidentlərinin görüşü gözlənilirdi, Ağ Evin təşəbbüsü ilə. Görüş ərəfəsində erməni ordusu hücuma keçdi...

Erməni terrorçularının Xocalı ərazisində silahlanmasından az öncə xəbər yayıldı ki, Azərbaycan və Ermənistan rəhbərliyi aprelin 6-da Brüsseldə baş tutacaq, Aİ Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə. Və erməni terrorçuları hərəkətə keçir. Hansı ki, bir gün əvvəl Ermənistan parlamentinin sədri ölkəsinin Azərbaycanın 5 şərtini qəbul etməyə hazır olduğunu demişdi.




Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə  Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib. Görüşü Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar təşkil edib. İstisna deyil ki, təşəbbüsün Avropaya keçməsini sinirə bilmir “sülhməramlı”. Deməli, artıq Qarabağdakı terrorçular İrəvandan idarə olunmur.

Tədbirli olmalıyıq, bir çox mərkəzlər istəmirlər ki, Azərbaycan bayrağı Xankəndidə dalğalansın. Rusiya ilə müttəfiqlik münasibətlərimizə zərbə vuranların səsi elə Moskvadan gəlir son günlərdə, dalyaqinlər həm  də erməni terrorçularına stimul verənlərdir.(musavat)

Reaksiya.az

Şərhlər