Ordumuzun Ağdərə istiqamətində irəliləməsi buna cavab idi - Hərbi ekspert

11.04.2022 12:53     A-reaksiya     59

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlı kontingentinin həmin ərazidə, eyni zamanda Xocalının Fərrux kəndində Rusiya bayrağını qaldırması və şəhərin aeroportunda özlərinə xilaskar əsgər kimi abidə qoyması birmənalı şəkildə ölkəmizə qarşı olan addımlardır.

Bu sözləri Yenipress.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, rus sülhməramlılarının məsuliyyətsiz və ikibaşlı hərəkətləri bununla kifayətlənmir:

“Son günlər Ağdabana səfər edən azərbaycanlı jurnalistlərin olduğu avtobusun rus sülhməramlılarının gözü qarşısında separatçı erməni silahlıları tərəfindən dayandırılması və hansısa “qaydada” sorğu-sual edilməsi də öz növbəsində başqa bir fəlakətdir”.

Hərbi ekspert Ordumuzun Ağdərə istiqamətində irəliləməsini sözügedən təxribatlara cavab kimi qiymətləndirib:

“Rus sülhməramlıları və erməni separatçılarının artmaqda olan təxribatlarına Şanlı Ordumuzun layiqli cavab verəcəyinə əmin idim. Azərbaycan Silahlı Qüvvələrinin Ağdərə istiqamətində irəliləməsi məntiqli və düşünülmüş bir addımdır. Çünki rus sülhməramlıları öz dövlətinin altına imza atdığı bəyanata hörmət etmir və Azərbaycan öz ərazisində suverenliyini tam şəkildə bərpa etməlidir. Əgər ölkəmiz BMT TŞ-nin məlum qətnamələrini təkbaşına yerinə yetiribsə, 10 noyabr bəyanatını niyə özümüz reallaşdırmayaq? Azərbaycanın bunun üçün yetərincə gücü və imkanı var. Sözügedən prosesin yaxın gələcəkdə daha intensiv şəkildə davam edəcəyini düşünürəm”

Reaksiya.az

Şərhlər