Ermənistandan yeni təklif: “İrəvan özünə təskinlik verir ki,.."

06.05.2022 12:29     A-reaksiya     472

“Azərbaycanın 5 şərtinə qarşı Ermənistanın 6 şərt irəli sürməsi məqbul deyil”.

Bu sözləri Yenisabah.az-a Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov deyib.

O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sərhədlərin təyin edilməsi ilə bağlı “Azərbaycanın anklavları Ermənistanda, Ermənistanın anklavları isə Azərbaycan ərazisində qalsın” açıqlamasına münasibət bildirib.

Xatırladaq ki, Azərbaycanın Ermənistan ərazisində 3 (Kərki-Tiqranaşen, Sofulu, Barxudarlı, Yuxarı Əskipara-Voskepar – red.), Ermənistanın isə Azərbaycan ərazisində yalnız 1 anklavı (Başkənd-Artsvaşen – red.) mövcuddur.

Öz növbəsində, X. Bəşirov qeyd edib:

“10 noyabr bəyanatı, mahiyyətcə, Ermənistan üçün kapitulyasiya, Azərbaycan üçün isə qələbə aktı idi.
Təbii ki, indi Ermənistan tərəfindən irəli sürülən hər hansısa şərtləri 10 noyabr tarixli bəyanatın imzalanmasına səbəb olan 44 günlük müharibəyə qədər müzakirə edə bilərdik. Çünki Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın mövqeyi ondan ibarət idi ki, müharibə reallaşmasın və işğala sülh danışıqları yolu ilə son qoyulsun.

Münaqişəyə danışıqlar yolu ilə son qoya bilmədiyimizə görə 44 günlük müharibə baş verdi və Azərbaycan 3 minə yaxın şəhid verdi. Bundan sonra artıq kapitulyasiya aktını imzlayan Ermənistanın Azərbaycana şərt qoyması qəbuledilməzdir”.

Siyasi şərhçinin sözlərinə görə, rəsmi İrəvan cəmiyyətinə təskinlik verir ki, guya hazırkı müzakirələr platformasında şərt qoyan tərəfdir:

“Halbuki Prezident İlham Əliyev son çıxışında sərhədlərin delimitasiya və demarkasiyasında hansı xəritələrdən istifadə olunması ilə bağlı mövqe bildirib. Hətta vurğulayıb ki, 1918-ci ildən öncəki xəritələrə belə müraciət etməliyik. Bu nəinki o kəndlərin Ermənistanın daxilində anklavda qalmasını, eləcə də bu bir sıra digər ərazilərin Azərbaycana təhvil verilməsini diktə edir”.

Reaksiya.az

Şərhlər