Paşinyanın yerinə kimi gətirə bilərlər? - ŞOK DETALLAR

06.05.2022 12:34     A-reaksiya     245

Ekspert: “Hakimiyyətdə onu əvəzləyəcək hər hansı  şəxsin prosesləri uzun müddət tormozlamaq imkanı olmayacaq”

Ermənistanda 1 aya yaxındır ki, davam edən növbəti iqtidar-müxalifət savaşı həlledici mərhələyə qədəm qoyub. Bu mübarizəni rusiyapərəst keçmiş siyasi elita ilə qərbyönlü Paşinyan komandası arasında sonuncu döyüş də adlandırmaq olar.

Ekspertlərə görə, prosesin arxasında Rusiya durur  və regionda zəif bənd olan Paşinyan iqtidarını devirməklə Qərbin bütün bölgədə (Güney Qafqazda) mövqelərini zəiflətməyə və  Azərbaycanla başlayan sülh prosesini dondurmağa çalışır. Ermənistanın daxilində  qüvvələr nisbəti hələ ki Paşinyanın xeyrinədir. Müxalifətin bir ay ərzində apardığı kampaniya, bütün cəhdlərə rəğmən, Ermənistanı əhatə edə bilmədi, paytaxtda keçirilən aksiyalar isə 7-8 min nəfər sayını keçmədi. Ölkədə keçirilən son rəy sorğularına görə, müxalifətin reytinqi seçki dövründən o qədər də fərqlənmir, iqtidar partiyası populyarlığını qoruyub saxlayır.  

Bu səbəbdən Köçəryan-Sərkisyan cütlüyü və onlarla bir yerdə olan radikal millətçilər prosesləri zor müstəvisinə keçirib, nəticə əldə etməyə çalışırlar. Paşinyan demokratiyanın dövlətin zəifliyi demək olmadığını qeyd edərək, lazım olan məqamda dövlət aparatının sərt reaksiya verəcəyini vurğulayıb.  Bu savaşın nə ilə nəticələnəcəyi iqtidarın prosesi nə qədər uğurla aparacağına bağlıdır. Çox güman ki, Paşinyan ona sadiq olan polis qüvvələrinə radikal qüvvələri əzməyi əmr edəcək. Amma Paşinyan nə qədər realist olsa da, ermənidir. “Ümumerməni maraqları naminə” onun günlərin birində istefa verməyəcəyinə də təminat yoxdur.

Paşinyan sülh sazişini yarımçıq qoyub qaça  bilərmi? Onun yerinə Rusiya kimi gətirə bilər?

Rəşad Bayramov: “Rusiya “sülhməramlıları”nın Ermənistanla sərhədimizə  yerləşdirilməsi təhlükəlidir” - Ovqat.com

Rəşad Bayramov

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov erməni baş nazirin postunu tərk edəcəyini düşünmür: “Əvvəla, onu qeyd edim ki, Paşinyanın sizin dediyiniz kimi ”ümumerməni maraqları" naminə istefa verib kənara çəkiləcəyini düşünmürəm. Əgər o, bunu etmək istəsəydi, elə kapitulyasiya aktı olan üçtərəfli bəyanatın imzalanması ərəfəsində və ya ondan sonra keçirilən növbədənkənar seçkilərdə iştirak etməməklə edərdi. Əgər o, indiyə qədər bunu etməyibsə, bundan sonra da belə bir addım atacağı inandırıcı deyil.

Ona görə ki, Paşinyan özbaşına deyil və müstəqil siyasət də yürütmür. Onu həmin posta gətirən ayrı-ayrı Qərb dövlətləri və institutları qarşısında konkret öhdəlikləri var. Ən vacib öhdəlik isə Rusiyanın regiondan tədricən də olsa sıxışdırılıb çıxarılmasından ibarətdir. Həmin öhdəliklər hələ yerinə yetirilməyib, bu isə o deməkdir ki, Paşinyanı hakimiyyətə gətirən qüvvələr onun istefasında maraqlı deyillər və buna da heç bir halda imkan verməzlər. İkincisi, bu gün Paşinyana qarşı dayanan qüvvələrin hamısının rusiyameylli qüvvələrdən ibarət olması da hakimiyyət dəyişikliyi halında Ermənistanın yenidən tamamilə Rusiyanın nəzarətinə keçməsi ilə və demək ki, anti-Qərb mövqeyinin möhkəmlənməsi ilə nəticələnə bilər ki, bu da ABŞ başda olmaqla, Qərbin maraqlarına xidmət etmir. Nəhayət, üçüncüsü, Paşinyan iqtidarına müxalif olan qüvvələrin zəifliyi onun məcbur qalmayınca öz postunu tərk etməyəcəyi ilə bağlı arqumetləri möhkəmləndirir. Bu günə isə onu istefaya məcbur edəcək hər hansı bir ciddi səbəb yoxdur. Əksinə, məhz elə “ümumerməni maraqları” naminə Paşinyan sülh prosesinin sürətlənməsi istiqamətində fəaliyyətini sürətləndirməli və nəhayət ki, qonşuları ilə normal münasibətləri bərpa edərək Ermənistanı düşdüyü bataqlıqdan çıxarmalıdır".

Politoloq mitinqlərdə müxalifətin kütləviliyi təmin edə bilmədiyinə də işarə vurdu: “Ermənistan müxalifətinin keçirdiyi aksiyalara baxsaq görərik ki, onlar əvvəlkilərdən hər nə qədər də intensivliyi ilə fərqlənsə də, kütləvilik baxımından bir o qədər də fərqlənmir. Müxalifət ən yaxşı halda aksiyaya on min civarında etirazçı toplaya bilir. Bunun isə iki səbəbi var. Birincisi ondan ibarətdir ki, müxalifətin istefaya çağırışla bağlı yeganə şüarı Qarabağla bağlıdır.  Ancaq unudurlar ki, məhz yenidən müharibə olmasın deyə erməni əhalisinin böyük əksəriyyəti müharibədə məğlub olmuş baş nazirə növbədənkənar seçkilərdə etimad göstərmiş və bununla da revanşistlərin yenidən hakimiyyəti ələ keçirməsinə imkan verməmişlər. İkinci səbəb isə odur ki, Paşinyanın istefasını tələb edən müxalifətin aparıcı fiqurları Köçəryan və Sərkisyan cütlüyüdür və onların hər biri on il Ermənistana rəhbərlik ediblər. Rəhbərlik etdikləri dövrdə isə yalnız korrupsiya, rüşvətxorluq ön planda olub və nəticə etibarilə Ermənistanda yaşayış səviyyəsi o qədər dözülməz hal alıb ki, əhalinin kütləvi şəkildə ölkəni tərk etməsi ilə nəticələnib. Əhali isə bunları unutmayıb və indi də görür ki, müxalifət öz aksiyalarında ölkənin sosial-iqtisadi vəziyyətinə, ümumiyyətlə, toxunmur, başqa sözlə, məqsəd ölkə əhalisinin vəziyyətinin yaxşılaşdırılması deyil, Paşinyanın devrilməsidir. İndiki halda Paşinyanın hakimiyyətdən getməsi yalnız onun fiziki yoxluğu halında mümkündür.

Proseslərin arxasında məhz Rusiyanın dayandığı da gün kimi aydındır. Normallaşma prosesini və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını özü üçün təhlükə hesab edən Rusiya bütün vasitələrdən istifadə edərək prosesi tormozlamağa çalışır. Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlarda faktiki olaraq oyundankənar vəziyyətə düşmüş Rusiya üçün prosesi yenidən öz nəzarətinə qaytarmaq və bununla da hər iki tərəfə təzyiq imkanlarını əlində saxlamaq olduqca vacibdir. Bu isə ancaq Paşinyanın sülh danışıqlarından imtina etməsi ilə mümkündür. Odur ki, Rusiya həm separatçı rejimə dəstək verməklə onu Paşinyanın apardığı sülh danışıqlarını qəbul etməməyə şirnikləndirərək, həm də daxildəki müxalifəti ayağa qaldıraraq Paşinyana təzyiq göstərməyə çalışır".

Müsahibimiz Paşinyanı kimin əvəz edə biləcəyi yönündəki sualımıza isə belə cavab verdi: “Rusiyanın Paşinyanın yerinə kimi gətirə biləcəyinə gəldikdə isə hətta nəzəri cəhətdən onu əvvəllər hakimiyyətdə olmuş qüvvələrlə əvəzləmək mümkün olmayacaq. Yəni başqa sözlə, Rusiya Paşinyanın yoxluğunda elə namizəd tapmaq məcburiyyətindədir ki, o, həm xalq tərəfindən qəbul olunsun, həm də Qərbə arxa çevirə biləcək gücdə biri olsun. Bu isə çox müşkül məsələdir və indiki halda, yəni Rusiyanın Ukrayna ilə müharibə apardığı və hər gün sərtləşən sanksiyaların təsirindən qorunmaq üçün mübarizə apardığı bir dövrdə bu məsələyə vaxt ayırıb onun kampaniyasını təşkil etmək faktiki olaraq mümkün deyil.

Bütün bunları Rusiya da kifayət qədər yaxşı anlayır və ona görə də indi yeganə məqsəd təzyiqlər yolu ilə ən azı müəyyən bir dövrə qədər də olsa, Paşinyanı danışıqlar prosesindən çəkindirməkdir. Lakin bir şey aydındır ki, istər Paşinyan, istərsə də hakimiyyətdə onu əvəzləyəcək hər hansı bir şəxsin artıq gedən prosesləri uzun müddət tormozlamaq imkanları yoxdur. Əvvəla, ona görə ki, Azərbaycan Ermənistanda daxili vəziyyətin sabitləşəcəyini gözləməyəcək, digər tərəfdən isə artıq Qərb də münasibətlərin normallaşmasına Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması imkanları kontekstində baxır və bu istiqamətdə fəaliyyətin həyata keçirilməsində maraqlıdır".(musavat)

Reaksiya.az

Şərhlər