Ağ Ev Moskva ilə Pekini necə ayıracaq? - TƏFƏRRÜATLAR

04.07.2022 13:31     A-reaksiya     101

"Birləşmiş Ştatlar Ukraynaya hərbi yardımı artırıb. ABŞ Fransa və Almaniyadan fərqli olaraq Rusiya-Ukrayna müharibəsinin nə yolla olursa-olsun bitməsini istəmir. Vaşinqton növbəti mərhələdə Rusiyanın məğlubiyyətini təmin etməyə çalışacaq. Bunun üçün isə Ukrayna ordusuna yeni hərbi texnika verilməli və işğalçıya qarşı həmlələrin sayı artırılmalıdır. Ancaq Kreml də boş dayanmayıb və Ukraynada məğlub olmamaq üçün bütün resurslarını səfərbər edib".

Reaksiya.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq Amerikanın “The National Interest” dərgisində ABŞ-ın Rusiya prezidenti Vladimir Putinin yeni “sürprizlərinə” hazır olmasıyla bağlı analitik yazı ilə bağlı fikirlərini bölüşüb: "Həmin məqalədə ABŞ-ın 2017-ci ildən başlayaraq Rusiya və Çinə qarşı mübarizədə milli təhlükəsizlik strategiyası hazırladığı və həyata keçirdiyi yazılıb. Amerikalı analitiklər məhz bu strategiya çərçivəsində hadisələrin sonrakı inkişafını proqnozlaşdırmağa çalışırlar. “The National Interest” dərgisindəki məqalədə Vaşinqtonun Rusiya və Çinə qarşı strategiyasında iki ciddi problemin olduğu vurğulanıb. Birinci problem strategiyada Rusiya ilə Çin arasında fərqin göstərilməməsidir. Rusiya və Çin bir-birilə strateji tərəfdaş olsalar da, iki fərqli dövlətdir. Vaşinqton bu fərqdən hələ ki, istifadə edə bilmir".

 

Politoloq düşünür ki, ikinci problem ABŞ-ın milli təhlükəsizlik strategiyasının Rusiya və Çinlə mübarizə üzərində formalaşması ilə bağlıdır:

"Digər təhlükələr barədə ciddi araşdırmalar aparılmayıb. Misal üçün, koronovirus pandemiyası iki il ərzində Amerikanın əsas probleminə çevrildi, ən çox insan xəstəlikdən məhz bu ölkədə vəfat etdi. Bundan çıxış edən bəzi analitiklər milli təhlükəsizlik strategiyasının korrektə edilməsinə, yeni alyansların qurulmasına diqqətin ayrılmasına önəm verirlər. Onlar hesab edirlər ki, ABŞ Rusiya və Çinlə eyni zamanda mübarizə aparmaq əvəzinə, bu iki dövləti bir-birindən ayıran – uzaqlaşdıran siyasətə üstünlük verməlidir. Vaşinqton “soyuq müharibə” illərində məhz bu siyasəti yürüdür, keçmiş SSRİ ilə mübarizə apararkən, Çinlə normal münasibətlər qurmuş, bu yolla Pekinin Moskva ilə yaxınlaşmasının qarşısını almışdı. Hazırda Vaşinqton bu siyasətdən uzaqlaşıb və bu durum Pekinlə Moskvanın yaxınlaşmasına səbəb olub. Çin Qərbin sərt sanksiyaları ilə üzləşən Kremlin əsas ümididir. Ona görə də Kreml Çinlə ittifaqın pozulmaması üçün Vaşinqtonun planlarına qarşı mübarizəsini daha da gücləndirəcək".

Reaksiya.az

Şərhlər