ƏRDOĞAN-PAŞİNYAN DANIŞIQLARI – Regionda balans Türkiyənin xeyrinə pozulur, Rusiya nə edəcək?

13.07.2022 13:55     A-reaksiya     583

İyunun 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla ilk dəfə telefon danışığı aparıb. Ərdoğanın ofisindən yayılan rəsmi məlumatda bildirilir ki, hər iki lider bir sıra məsələlərdə razılaşma əldə edib. Bu razılığa görə, üçüncü ölkələrin vətəndaşları Ermənistan-Türkiyə sərhədindən istifadə imkanı əldə edəcəklər.

Bundan başqa Nikol Paşinyan Türkiyə Prezidentini Qurban bayramı, Ərdoğan isə Paşinyanı qarşıdan gələn Vardavar bayramı münasibətilə təbrik edib. Liderlər Ermənistanla Türkiyə arasında hava yükdaşımalarının ən qısa zamanda qurulması barədə də razılığa gəliblər.

 

 

Politoloq Elxan Şahinoğlu bildirir ki, bunları ikitərəfli dialoqda və danışıqlarda kiçik irəliləyiş saymaq olar. Onun sözlərinə görə, bu irəliləyişi iki dövlətin liderləri vurğulamalı idilər və bunun üçün telefon danışığına ehtiyac var idi: “Yaxın gələcəkdə iki ölkə liderinin beynəlxalq konfrans çərçivəsində görüşəcəyi də istisna deyil. Böyük ehtimalla bu görüşü hazırlamaq üçün hər iki ölkənin diplomatlarına tapşırıq verilib”.

Erməni mətbuatı bir neçə gün öncə belə bir xəbər yaymışdı ki, Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla telefonla danışmaq üçün Kreml sahibindən icazə istəyib. Putin Ankara-İrəvan dialoqunun əleyhinə olmadığından liderlərin telefon danışığına müsbət yanaşıb.

Qeyd edək ki, Paşinyanla telefon danışığından sonra Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə müzakirə aparıb. E.Şahinoğlu qeyd edir ki, rəsmi xəbərlərdə Putinlə Ərdoğanın telefon danışığında BMT-nin Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhliz planının və Ukraynadakı durumun müzakirə edildiyi bildirilsə də, Ankaranın İrəvanla apardığı dialoqun mövcud vəziyyəti barədə də fikir mübadiləsinin olduğu şəksizdir.

Bu gedişatın Azərbaycanla hansı əlaqəsi var? 

Təhlilçi bir neçə məqama diqqət çəkir: “Birincisi, Ankara İrəvanla təmaslarını Bakı ilə əlaqəli şəkildə həyata keçirir. Bu isə o deməkdir ki, Bakı Ankara ilə İrəvan arasındakı son razılaşmaların və liderlərin telefon danışıqlarının əleyhinə deyil.

İkincisi, bölgədə gərginliyin azalması üçün Ərdoğanın irəli sürdüyü 3+3 platformasının işlək olmasına ehtiyac var. Bu məqsədlə Ankara-İrəvan dialoqu zəruridir. Ancaq bu o demək deyil ki, bu dialoq bütün istiqamətlərdə müsbət nəticələr verəcək. Ümumi gedişatın müsbət nəticələnməsi üçün Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalı, hər iki ölkəyə qarşı ərazi iddialarından və separatizmi dəstəkləməkdən vaz keçməlidir. Bu baş verməyincə, ümumi nəticə müsbət olmayacaq”.

Reaksiya.az

Şərhlər