Zəngəzur “ORTA DƏHLİZ”in açarı ola bilər – ekspert rəyi

01.08.2022 15:52     A-reaksiya     64

“44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən sonra Cənubi Qafqazda yeni reallıq yaranıb. Bu da bölgədəki mövcud siyasi düzənin yenidən işlənməsini gündəmə gətirib. Bu günə qədər mövcud olan qaydalar müasir standarlara uyğun olmadığı kimi, Türkiyə ilə Azərbaycanın maraqlarına da cavab vermir”.

Bu sözləri Publika.az-a açıqlayan politoloq Cümşüd Nuriyevin fikrincə, bölgədə yenilənmə və müasirləşmə getməlidir:

“Bu məsələdə Azərbaycan, Türkiyə və Gürcüstanın mövqeyi böyük əhəmiyyətə malikdir. “Orta Dəhliz”lə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) bağlı məsələnin qaldırılması düzgün addımdır. Rusiya-Ukrayna müharibəsi səbəbindən Asiyadan və Orta Asiyadan gələn məhsulların Avropaya çatdırılması artıq mümkün deyil. Türkdilli Orta Asiya dövlətlərinin ticarət dövriyyəsinin yaxşılaşdırılması, iqtisadiyyatlarının gücləndirilməsi Ankara ilə Bakının marağına uyğundur. Buna görə onlara kömək etməli, “Orta dəhliz” layihəsi reallaşmalıdır".

Azərbaycanın öz məhsullarını hələlik Gürcüstan üzərindən Türkiyəyə çatdırdığını söyləyən ekspert bu baxımdan Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətini önə çəkir:

“Həm Türkiyəyə çıxmaq üçün məsafə azalır, həm də türkdilli dövlətlərlə quru əlaqəsi yaranır. “3+3 platformasına daxil olan Rusiya, İran və Ermənistan da bu dəhlizdən yararlanaraq daha çox gəlir əldə edə bilərlər. Kreml dəhlizdən istifadə etmək istəyini açıq bəyan etsə də, Tehran bu məsələdə “əyləc” statusunda çıxış edir. İrəvan isə konkret fikir söyləmir. Halbuki, küncə sıxılmış vəziyyətə düşən İrəvan üzərinə götürdüyü 10 Noyabr öhdəliklərini yerinə yetirməli, Zəngəzur dəhlizinin açılması ilə bağlı şərti yerinə yetirməlidir”.

Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına qoşulmasının gündəmdə olduğunu vurğulayan C.Nuriyevin sözlərinə görə, həm bu, həm də “Orta dəhliz” məsələsində ölkəmiz siyasi və iqtisadi dividentlər əldə edir:

“Siyasi divident dedikdə, ilk növbədə Naxçıvan və Türkiyə ilə birbaşa, yəni qədim Azərbaycan torpaqları olan Ermənistan üzərindən quru əlaqəsi bərpa edilir. Dövlətimiz dəhlizin açılmasında siyasi iradəsini ortaya qoyub. İqtisadi dividentə gəldikdə, tranzit xərclərindən azad olacaq və maddi gəlir əldə edəcək. Öz mallarını artıq Rusiya bazarlarına deyil, Türkiyə üzərindən Avropaya çıxaracaq. Həmçinin, Yaxın və Orta Şərqi Asiya və Şimali Afrika ölkələrinə çıxış əldə edəcək. Azərbaycanın həm siyasi, həm də iqtisadi cəhətdən nüfuzu artacaq”.

Reaksiya.az

Şərhlər