Boris Consonu kim əvəz edəcək? – Liderlik yarışı finişə çatır

10.08.2022 13:13     A-reaksiya     416

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının liderliyi uğrunda yarış davam edir. Partiyanın lideri ölkənin baş naziri olacaq. Bu ya keçmiş maliyyə naziri Rişi Sunak, ya da xarici işlər naziri Liz Trass olacaq. Mübarizə ikisi arasında davam edir.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilib.

Mərkəzin analitiklərinin fikrincə, baş nazir kim olur-olsun, Britaniya ABŞ-la strateji müttəfiqliyini davam etdirəcək:

“Bu, Londonun siyasətinin ana xəttidir. Rusiyaya gəldikdə, Londonun Kremlə münasibətinin dəyişəcəyini də söyləmək çətindir. Yeni seçkiyə qədər baş nazir səlahiyyətini yerinə yetirən Boris Conson Rusiyaya qarşı sərt mövqedən çıxış edir, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibənin birinci günündən Kiyevə hərtərəfli dəstək verir. Ukrayna Prezidenti Vladimir Zelenski Consonu özünə ən yaxın tərəfdaş sayır.

Xarici işlər naziri Lizz Trassın da Rusiyaya münasibəti bəlliir. O, Consonun kabinetində xarici siyasəti müəyyənləşdirdiyinə görə, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni sərt tənqid edir, anti-Rusiya koalisiyasının formalaşmasında əsas rollardan birini oynayır.

Rişi Sunak hökumətdə maliyyə işinə məsul olduğundan onun Rusiyanın işğalıyla bağlı açıqlamaları çox deyil”.

Təhlildə bildirilib ki, Londonun xarici siyasətində digər mövzusu Çindir:

“The Telegraph” nəşrinin yazdığına görə Sunak Çini “ən uzunmüddətli təhlükə” adlandırıb. Çini Britaniya üçün uzunmüddətli iqtisadi və təhlükəsizlik problemi kimi dəyərləndirən Rişi Sunak Lizz Trassdan geri qalmamağa çalışır. Trassı dəstəkləyən təhsil naziri Ceyms Kleverli Sunakı Çini qiymətləndirməsində gecikdiyini bildirib. Yəni Kleverli demək istəyib ki, bu günə qədər harda idin, Çin təhlükəsi barədə niyə danışmırdın?

Trass və Rişi Sunakdan biri baş nazir olacağı halda Çinlə necə rəftar edəcəkləri barədə mübahisə edirlər. Sunakdan fərqli olaraq, Trass Çin təhlükəsi barədə illərdir açıqlamalar verir, problemin mahiyyətini izah etməyə çalışır. Sunak da son vaxtlar Çin mövzusunu xeyli aktuallaşdırıb. Məsələn, Sunak deyib ki, baş nazir seçilsə, məktəb və universitetlərdə “Konfutsi” mərkəzlərini qapadacaq. Bu mərkəzlərdə Çin dili, tarixi və mədəniyyəti tədris edilir. Bəzilərinin fikrincə, Pekin bu mərkəzlər vasitəsilə siyasi təbliğat da aparır. Sunak Çinə qarşı mübarizədə Vaşintonla birgə hərəkət edəcəyini vəd verib.

Beləliklə, baş nazir postu uğrunda mübarizədə xarici siyasət ön plandadır. Britaniya Türkiyə və Azərbaycanın da tərəfdaşıdır. Ona görə Britaniyanın yeni baş nazirinin kimliyi və onun yürüdəcəyi siyasət Ankara və Bakı üçün də əhəmiyyətlidir”.

Reaksiya.az

Şərhlər