Pərvin “Qadın olmaq” üçün on hədəf seçdi

18.01.2016 21:46     Artreaksiya     3027

“Qələm adamlarının narahatlığının həmişə, hər zaman bir əlacı var: yazmaq!”- fikirləri Prezident mükafatçısı və təqaüdçüsü Pərvin Nurullayevaya məxsusdur. O, on qadın və on taledən bəhs edən “Qadın olmaq” kitabına giriş sözünü də özü qələmə alıb. “Niyə məhz bu qadınlar?”- sualının cavabını da esseləri oxuduqca müəyyənləşdirmək olur.

Kitab “Dahi ayaqyalın” essesi ilə başalyır. Bu esse Amerika rəqqası, 44 yaşlı Aysedora Dunkanın rəqsi qarşısında söz tapmayaraq, ona RƏQSlə cavab verən rus şairi Sergey Yeseninlə münasibətlərinə aydınlıq gətirir. Yesininin möcüzə kimi baxdığı bu qadına hisslərini anlatmaq üçün söz aciz idi, o əsas deyildi ki, onların biri rus dilli, biri ingilis dilli idi. Yesenin üçüncü nigahını onunla bağlayır. Lakin bu evlilik sevgini nəinki adiləşdirir, daha betər münasibətlər ortaya qoyur; şair onu ən yaxın dostlarına da qısqanır. Nə yalan danışım, bu esseylə mənim Yesenin haqqında olan bütün ideal düşüncələrim çiliklənir. “Məktubların peşman olmuş müəllifi onlardan daha tez çatırdı ünvana”- cümləsi Yeseninin iradəsizliyini çılpaqlığıyla ortaya qoyur. Yesenin qadının kölgəsində qalmaqdan, sadəcə həyat yoldaşı olmaqdan qorxdu. Dəfələrlə yarımçıq qalmış ayrılıqlar yaşatdı onu sevən qadına. İki illik eşq nağılı onun cılızlığını isbatlayan bu sözlərlə yekunlaşır: “Başqasını sevirəm. Evliyəm. Xoşbəxtəm”. Yesenin elə düşünürdü ki, Aysesora onun üçün adiləşib. Əslində isə o, bütün adi kişilərin edə biləcəyi adiliyi etdi...

İkinci yazı isə “Arxadakı qadın” adı ilə təqdim olunur. Bu esse kinorejissor Federiko Fellini ilə aktrisa Culyetta Mazinanın həyatından bəhs edir. Federikonun arzularının qadınının xüsusi özəlliyinin onu anlaması olduğu yazının əsas leytmotivini təşkil edir. İki uşağını itirən Culyetta ana ola bilmədiyi kimi, ərini də ata edə bilmir. Lakin bu qadın ərini hər zaman “Ruhun Çernoblı”ndan xilas edə bilir. Pərvin xanım bu özəlliyi belə ifadə edir. “Onun təkcə özündən ibarət nə karyerası, nə də şəxsi həyatı ola bilərdi...” Öz məşhurluğunu, unudulmazlığını qurban verən qadının əri Federikodan “Dahi Fellini” yarada bildiyi, özünün isə yalnız ərinin 7 filminə çəkildiyi həmin fikirləri əsaslandırır. Həyat yoldaşının bütün “gizlin”lərini bilən xanımın onun qəlbini fəth etmiş yeganə qadın olmasıyla kifayətlənməsi bu araşdırmanın məğzini üzə çıxarır. “Qızıl toy”a hazırlaşdıqları ərəfədə Fellinini ölüm aparır və arvadı bundan beş ay sonra xərçəng xəstəliyindən ölür. Bu yazının digərlərindən özəlliyi odur ki, burada bir qadın və bir kişi, həm də bir evlilikdən söhbət gedir. Müəllifin yazının sonunda qoyduğu “Sirr nədə idi, görəsən?” – sualının cavabı da elə bu ola bilər.

“Kişi kimi” adlanan üçüncü yazı fransız aktrisası Marina Vladiyə həsr olunub. Göstərilir ki, 17 yaşında rejissor Andre Mişelin “Cadugər” filmində baş rola çəkilməklə cadugərlik missiyasına başlasa da, ona “kişi kimi qadın” statusunu Vladimir Visotski ilə tanışlıq qazandırıb. Bununla da Vladinin ilk dahi heyranıyla 13 illik sevgi hekayəsi yaranıb. Onun ilk nigahı Robert Osseyn, ikinci isə Jan Klod Brue ilə olmuşdur. O, 1973-cü ildə V.Visotski ilə evlənir və bu ikisinin də üçüncü ailəsi olur. Müəllif yazır ki, “Marina bütün varlığıyla həyat yoldaşını sevir, sözü, gitarası, rolları ilə birgə onu xilas etmək istəsə də, artıq gec idi...” Ərinin içki düşgünlüyünün və bu zəifliyinin onu məhv etməsinin qarşısını “kişi kimi qadın”ın ala bilməməsi bu əsərin yazılma mahiyyətinə diqqəti yönəldir. Qeyd edilir ki, bu evlilik qəhrəmana 1987-ci ildə “Vladimir və ya dayandırılmış uçuş” əsərini yazdırır. Marinanın bu kişini həyatda yaşamağa məhkum edən qadın olmağını kişi kimi bacardığı ortaya qoyulur. Ölümündən sonra da onu ölümdən qoruyur.

Dördüncü esse isə Jorj Sand kimi tanıdığımız Amandina Avrora Lüsil Düpen adlı yazçının özəlliyindən bəhs edir. Pərvin xanım onun bilərəkdən o cür yaşadığını həyatından təsvir etdiyi məqamlarla əsaslandırmağa çalışıb. “Çoxu Jorj Sandı qayğıkeş ana hesab edirdi, amma iblis qadın adlandıranlar da az deyildi”. Müəllif adamı özünə yoluxduran epitetiylə təqdim etdiyi bu qadının hər bir hərəkətinin sənət naminə olduğuna bizi inandırmaq istəyir. O, oğlu Moris və qızı Solanjın atası Kazimir Dudevadan ayrılıb sevgilisi Jül Sandanın yanına Parisə gedir və indi tanındığı imzanı da onun adından götürür. Hər gün 8 saat əsər yazmaqla nəşğul olan Jorj Sandın növbəti sevgiləri Alfred de Mütse, Frederix Şopen, Prosper Merime və başqaları olduğu bəlli olur. Pərvin xanım onun bu  “kolleksiyalarını” təsriflənən feillərlə (nəzərə alaq ki, bu cür feillər şəxsə və zamana görə dəyişir) belə ifadə edir: “Ov”una sahib çıxır, alır aparır, qanadlandırır, uçurdur, yazdırır, qısqandırır, məhv eləyir...” Yəqin ki, bu onun həyatının qanunauyğun düsturu idi; özlərini güclülərin güclüsü sayan kişilərin məhv edilməsi. Bunu ancaq qadınlığın fövqündə olmaqla bacarmaq olardı. Merimedən sonra Aleksandr Morso, Jorj Marşal kimi aşiqlərini də yarıyolda qoyan yazar növbəti hədəfini seçir. Müssedən 6 yaş böyük olan Jorj xəstə sevgilisinin qayğısına qayğıkeş ana kimi qala-qala onun həkimi Pyetro Pocelloya vurulur. Nəticədə Müsse etiraf edir ki, nə ona qədər, nə də ondan sonra əsl sevgi vəcdləri duymayıb. Əsas detallardan biri budur ki, Şopen ilk təəssüratında Jorj üçün “Ümumiyyətlə, qadındırmı?”- şübhəsiylə yanaşsa da, 6 aydan sonra ona məhz Jorj kimi qadın lazım olduğu qərarını verir. Sənətə eyni münasibət onların səadətinin əsl reallığı olsa da, müasirlərinin İblis qadının tərbiyəli, alicənab bəstəkarı ələ keçirdiyini fikirləşirdiyinə də münasibət bildirilir. Hətta yazıçının qızı Şopenə anasının xəyanətkar olduğunu inandırmağa çalışır. Jorj isə bəstəkarın ölümündən sonra 27 il yaşayır. Müəllif təsiredici anların təsvirinə Şopenin “O, mənə söz vermişdi ki, mən onun qolları arasında öləcəyəm” – cümləsiylə yer verir. Jorj isə bu sözü ona görə tuta bilmədi ki, o yalnız Şopeni dinləyəndə kövrəlirdi. Onun ölümsüzlüyünə inanmışdı. Müəllif qeyd edir ki, Jorj həyatına daxil olanları zirvədən aşağı düşürmür, ordan geriyə yol yoxdu.

Beşinci yazı filosof Luiza Salomedən söz açır. Pərvin xanımın fateh qadın kimi xarakterizə etdiyi bu qadın üçün sevgi ideal harmoniyaydı, onun sevmək də, sevdirmək də istedadı vardı. Lakin sevənlərini məsafədən idarə etməyin mexanizminin sirrini gizlin saxlayırdı. Onun aşiqləri sadəcə məhkəmə icraatçısı kimi bir şey idilər. Filosofun bənzərsiz tarixçəsi 17 yaşında holland keşiş Henrix Qiyoya vurulmasıya başlayır. Sonra 32 yaşlı filosof Paul Re ona eşq elan edir, lakin dost kimi bərabər yaşayırlar. Paul onu filosof Fridrix Nitşe ilə tanış edir. Bizə qeyri-adi görünən həmin üçbucağın əsas məqamı da burada yaranır. Nitşenin evlilik təklifini rədd edən qadın üçlükdə yaşamaq alternativini ortaya qoyur və Nitşe Paulun evinə köçür. Yazının ağırlıq yükünü Lunun filosofları bir daha “filosof” etməsi daşıyır. Növbəti aşiq qafazlı qanı daşıyan şərqşünas Fridrix Andreasdır. O da evlilik təklifinə “yox” cavabı alsa da, özünü ödürəcəyini deyir və bu evlilik 40 il davam edir. Lakin o ailə də Lunun dəmir prinsipləriylə qurulur və nəticədə F.Andreasanın qulluqçudan övladı olur. Siyasətçi Qeorq Ledebur onu ərinin əlindən almaq istəsə də, baş tutmur. 40 yaşlı qadının növbəti hədəfi 22 yaşlı şair Rayner Mariya Rilke olur. Digər bir heyranı İsveç psixiatoru Paul Byer onu Ziqmud Freyd ilə tanış edir. Bütün kişiləri “yox”uyla cəlb edən bu qadın bir dəfə ana olmaq şansı qazansa da, uşağını itirir. Tarixə isə “psixoanalizin anası” kimi düşür, “Nəyinsə anasıyam!”- deyir. 75 illik ömür Pis Qızın özünəməxsusluğuyla keçir.

“Şahzadə Qreys” adlanan növbəti yazıda Qreys Kellinin həyatından bəhs edilir. Müəllif yazır ki, “gözəl qadının həyatını, taleyini, xarici görünüşü diqtə edir...” Məlumat verilir ki, onun ilk “qurbanı” müəllimi Don Riçardson olsa da, Klark Qeybllı da özünə aşiq edə bilir. “Oskar” və iki dəfə “Qızıl qlobus” mükafatlarına sahib olan bu aktrisa 11 filmdə rol alıb. Essedə onun aktrisa və şahzadəlik məharəti nümunəvilik fonunda nəzərə çatdırılır. O, Monako knyazı III Renyenin evlənmək təklifinə “hə” deyir. Onların iki qızı və bir oğlu olur. Bu qadının sirrinin özünəinamı olması xüsusilə vurğulanır. Gözəl qadınlar isə həm də “sahibkar” olurlar. 52 yaşlı şahzadə avtomobil qəzasında öldükdən sonra əri 20 il yaşadı, amma evlənmədi.

Yeddinci yazı “Dalinin dəlisi” başlığıyla təqdim olunur. Anasının məsləhəti ilə Yelena Dyankovanın fransızcadan tərcümədən “bayram” mənasını verən “Qala” sözünü özünə ləqəb götürməsi bildirilir. Onun ilk öncə fransız şairi Pol Eluarı çılğın aşiqə çevirməyi bacardığının şahidi oluruq. Onların nigahlarından bir qızları da olur. Müəllifin “ilham mühərriki” kimi təqdim etdiyi Yelenaya “Qala” möhrünü Pol vurur. Əsas nəzərə çarpan cəhət odur ki, “Qalanın Salvador Dali ilə tanışlığının səbəbkarı da Elüar oldu və onların arasında alovlanan məhəbbəti görüb sakitcə kənara çəkildi”. Pərvin xanım Qalanın özündən 11 yaş kiçik rəssam Dali ilə görüşünü sənət hadisəsi kimi xarakterizə edir. Pol öldükdən sonra Qalanın Dali ilə rəsmi nigaha girdiyi bildirilir. Onları yalnız Qalanın 88 yaşında ölümü ayırır. Qala həyatındakı kişiləri belə qiymətləndirir. “Elüar istedadlıydı, Dali isə DAHİ!” Onun dahi Dali imperiyasını kərpic-kərpiç hörməsi əsaslandırılır.

“Şeytan Liliya” adlanan səkkizinci essedə heykəltaraş Liliya Brikdən bəhs olunur. İlk öncə doğma dayısı ona evlənmək təklif etdiyi, sonra musiqi müəllimindən hamilə qaldığı haqqında məlumat verilir. Həmin uşaqdan xilas olmaqla ana olmaqdan ömürlük məhrum olur. Sevilmək üçün “ölüm”dən də istifadə edən bu qadın heykəltaraş Osip Briki ilə 1912-ci ildə evlənir. Lakin o bacısı Elzanın sevgilisi rus şairi Vladimir Mayakovskini özünə aşiq edir. Bunu ərinə də, bacısına da həzm etdirə bilən insan olması essenin ideyasının dərk edilməsinə yardım edir. Ər və bacı da bu sevgini xəyanət saymırlar. Çünki Mayakovskinin bu kifir qadını bütün nəzəriyyələrin fövqündə sevdiyinə oxucunu inandıra bilir. O qadının ömürlük “sevimlilik” sığortasını qazandığı nəzərə çatdırılır. Mayakovski ona həsr etdiyi ən gözəl sevgi əsəri olan “Pro eto”nu da iki aylıq sevgi blokadası zamanı qələmə alır. Lakin 1924-cü ildə Nyu-Yorka gedən Mayakovskinin Elli Consdan qızı dünyaya gəlir. Ana ola bilməmək Liliyanın qalib gələ bilməyəcəyi rəqabət olduğu da nəzərdən qaçmır. O, belə vaxtlarda yeni rəqiblər axtarmaq fəndini sınayırdı. Şairi uşağının anasından ayırmaq üçün ona modelyer Tatyana Yakovlena, aktrisa Veronika Polonskaya kimi müvəqqəti olacağına əmin olduğu məşuqələr tapır. Bununla belə, şairi depresiyaya salaraq əvvəlki əri ilə Avropa səyahətinə çıxdığı yazılır. Veronikadan da etiraz cavabı alan şair 36 illik həyatına bir güllə ilə son qoyur. Şairin ölümündən sonra Liliya ərindən boşanıb hərbiçi Primakovla ailə qurur. Bu əri xalq düşməni elan edilib öldürüldükdən sonra Liliya Mayakovskişünas Vasili Katanyanla evlənir. Pərvin xanım həmin qadının həyatını bir neçə feillə belə ifadə edir: “Evində ədəbiyyat klubu açır, istedadlı adamlarla dostlaşır, film çəkir, aktrisalıq edir, heykəllər yonur, əsərlər yazır, aşiq olur, özünü sevdirir, ərə gedir, ayrılır, “intihar” edir”. Növbəti intihar cəhdi 86 yaşında bir ovuc yuxu dərmanı içməklə baş tutur və o, ayılmamaq şərti ilə yatır.

Doqquzuncu esse “Frida... Dieqo... və əzablar!” adlanır. Bu əsər meksikalı rəssam Frida Kalodan bəhs edir. Onun ən gözəl avtoportret müəllifi olaraq tarixə düşməsi xatırlanır. Bu qadın doğulmamış itirdiyi övladının da rəsmini çəkmişdi. Çoxlu qəzalar keçirən, 32 əməliyyat keçirmiş həmin qadın rəssam Dieqo Riveraya ərə getmək məqsədinə nail olur. Lakin bildirilir ki, “ona oğlan doğacam” arzusuna avtoqəza imkan vermir. Bir ildən çox yataqdan qalxa bilməyən rəssam qızı sevgilisi Alexandro tərk edir. Pərvin xanım “sınıq-salxaq” qız adlandırdığı qəhrəmanını məqsədinin qalibi kimi sevdirə bilir. İki dəfə ailəli olmuş Dieqonun vəfasız xarakterinə qarşı o, qalibiyyət mübarizəsi aparır. Dieqonun xəyanətlərini müəllif “mənəvi terrorizm” kəlməsiylə ehtiva edir. Fridanın sevgisini isə yalnız əndrəbadi sözüylə ifadə etmək mümkün olur. O hətta Dieqonun əlindən aldığı qadınları özünə aşiq edirmiş. Dieqo ona kiçik bacısı Kristina ilə xəyanət edəndə Frida bu dəfə onu bağışlamır və boşanırlar, lakin bir neçə il sonra yenidən evlənirlər. Rəssam qadın da ayrılan kimi ilk olaraq saçalarını kəsdi, kişi kostyumu geyindi. Amma o, ərinin dostu Lev Trotskini özünə aşiq edə bilir. Ancaq onu yanındakı qadının- arvadının hisslərinə hörmət etdiyi üçün əldən verir. Göstərilir ki, qanqrena verərək amputasiya edilən bir ayağı da onun həyata və Dieqoya olan sevgisinin sirrini vermir. “Bu vicdansız bədəni yandırarsız” – vəsiyyətini etdiyi bildirilir.

Sonuncu “Ledi Di... Qəlblərin kraliçası” adlanan esse Diana Frensis Spenserin həyat tarixçəsini əks etdirir. Diananın şahzadə Çarlzı ilk dəfə Eltop hausda görməsi və həmin vaxtlar Çarlzın Diananın bacısı Saradan xoşlanması süjetin düyününü vurur. Sara ilə münasibətin qarşısını isə şahzadənin anası Yelizaveta alır. Ana oğlunun ərli qadın Kamilla Parker Boulzla münasibətlərinin qarşısını almaq məqsədilə ələ düşmüş Diana kimi fürsətdən yararlandığı üçün müəllifin diqqətini çəkib. Lakin... Vindzor sarayında sevilməyən Diana krallıq qanunlarına zidd olsa da, ərindən ayrılır. 1992-ci ildən başlanan ayrılma prosesi 1996-cı ildə rəsmiləşdi. Diana pakistanlı kardiocərrah Hosnat Xan tərəfindən əsl sevgi ilə qəbul edilir. Daha sonra Misirli Dodi-Əl-Fadeylə qurulmuş münasibətlərini inkar etdikləri barədə bilgi verilir. Lakin onlar birlikdə avtomobil qəzasına düşərək əbədiyyətə qovuşdular. Kamella 1995-ci ildə Çarlz isə 1996-cı ildə boşansa da, onlar 2005-ci ildə ailə qurdular.

Yazılarda qəhrəmanların real yaşantılarına üstünlük verilməklə yanaşı, həmin talelərə gənc bir qadının bədii-fəlsəfi münasibəti də öz əksini tapıb. Pərvin xanım qəhrəmanlarının yaxşılığa yozumlanan üstünlüyünü ibrət kimi təqdim etməklə bərabər, çatışmazlıqlarından da dərs götürməyi aşılaya bilmişdir.

Şərhlər