Sumqayıtda Gənclər günü münasibəti ilə yazarlarla görüş keçiriləcək

26.01.2016 23:16     Artreaksiya     2373

Dünya Gənc Türk Yazarlar Birliyindən (DGTYB) aldığımız bilgiyə görə, yanvarın 30-da (saat 12.00) Sumqayıtdakı “28 may” Mədəniyyət Evində 2 fevral – Gənclər Günü münasibəti ilə gənc yazarlarla görüş keçiriləcək. Tədbir Əli Kərim adına Poeziya Klubunun “2016-ci il təqvim planı”na uyğun olaraq düzənlənir.  Bu görüş, həm də Poeziya Klubunun və DGTYB-nin ötən təqvim ili ərzində çalışmaları haqqında “könüllü hesabat”, başqa sözlə, “toplum bilgiləndirməsi” xarakteri daşıyacaq.

Gənc və yeni nəsil yazarların kitablarının sərgilənəcəyi görüşdə, Sumqayıt şəhərində yaşayan, ümumən respublika gənc yazarlarının problemləri, uğurları, istəkləri, layihələri, başqa uyğun sosial və yaradıcılıq mövzuları ələ alınacaq; gənc və yeni nəsil şairlər öz şeirlərini oxuyacaq; habelə bir sıra yazarlara Poeziya Klubu və DGTYB-nin “fəxri fərmanı” veriləcəkdir.

Görüşdə sərgilənən kitablar, sonda, Poeziya Klubuna, “28 may” Mədəniyyət Evinə, eləcə də, Sumqayıtın Mərkəzi Kitabxanasına hədiyyə ediləcək.

Şərhlər