“Qızlara əxlaqsız təklif edilməsi cinayət əməlidir”

ATV-də yayımlanan “Bu stil mənim” verilişi barədə layihədən uzaqlaşan iştirakçılar ciddi ittihamlar səsləndiriblər. Belə ki, “Qafqazinfo”-ya açıqlama verən  iştirakçılar onlara fərqli fikirlərlə yanaşıldığını iddia ediblər. Günel Məmmədova layihəni ərsəyə gətirən “Renk Media”nın rəhbəri Həmid Tuncerin köməkçisi Ümid bəyin ona başqa təkliflər etdiyini bildirib: “Ümid bəy mənə mesaj yazıb ki, “Sən qısa geyinəndə çox xoşuma gəlir. Özümü sənə baxanda saxlaya bilmirəm. Çox “seksi” görünürsən”.
 
Aysel Mehdizadə isə qeyd edib ki, Ümid bəy fotosessiyasını sosial şəbəkədə paylaşdıqdan sonra ona yazıb: “Ah, sən böyle mi güzeldin? Yarışmada da belə olardın”. Dedi ki, Azərbaycanda qalmaq fikrin var? Türkiyəyə gəlmək istəmirsən? İndi gəlsən, səni hər şeylə təmin edərəm”.
 
Rəşidə Rzayeva isə vurğulayıb ki, iştirakçıların bəziləri gecə həyatı keçirir, təşkilatçılarla əylənirlər. 
 
Musavat.com veriliş haqda səsləndirilən ittihamlarla bağlı layihənin prodüseri Hamit Tuncer və münsif Zaur Baxşəliyevlə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz baş tutmadı. 
 
İttihamlara münasibət bildirən media hüququ üzrə ekspert Ələsgər Məmmədli saytımıza bildirib ki, iddialarla bağlı  prokurorluq orqanları  araşdırma aparmalıdır:
“Azərbaycanda cinayət məcəlləsinə görə istənilən cinayət faktoru ola biləcək məlumat mediada yayımlanırsa,  prokurorluq orqanları  hər hansı şikayət gözləmədən faktı araşdırmalıdır. Qızların səsləndirdiyi iddialar kifayət qədər ciddi və cinayət tərkibi ola biləcək iddialardır. Belə bir hadisə varsa, bu, cinayət əməlidir. Buna görə də prokurorluq orqanları araşdırma  başlatmalı, iştirakçılar fakt varsa, ortaya qoymalı, qızların böhtan atıb-atmaması aydınlaşdırılmalıdır.  Cəmiyyətdə biri bir söz deyir, heç bir struktur  araşdırmır,  cinayət  işi açılmır və ya açılsa da, cəmiyyətə məlumat verilmir. Bu hal qanuna olan hörməti azaldır, dövlətin etibarına, hüquq-mühafizə orqanlarının işinə kölgə salır.  Bunlar ciddi iddialardır, kimisə əxlaqsızlığa sövq edən hərəkətlər olubsa, bunlar cinayət məcəlləsində cinayət əməlləri kimi əks olunub. Hüquq-mühafizə orqanları araşdırma başlatmalı, media orqanları da hər iki tərəfin mövqeyini  dərc etməlidir. Cəmiyyətə doğru məlumat verilməsi üçün bu məsələ araşdırılmalı, iddiaların doğru və ya yanlış olması insanlara çatdırılmalıdır”.
 
Ekspert vurğulayıb ki, ATV bu hadisədə səssiz qalmamalı, media orqanlarına məlumat verməlidir: 
“KİV haqda qanunun 8-ci maddəsinə görə, jurnalistin, istənilən KİV-in sorğusuna qurumlar, hüquqi və fiziki şəxslər  cavab verməlidir. ATV  rəhbərliyi hüquqi şəxs olaraq iddialara münasibət bildirməlidir. Onlar jurnalistlərin sorğularına cavab vermirsə, bu özü də hüquq pozuntusudur. Jurnalistin informasiya sorğusuna  bilərəkdən cavab verməmək və ya yanlış cavab vermək İnzibati Xətalar Məcəlləsinin 186-cı maddəsinə görə,  inzibati məsuliyyət yaradır”.
 
Ə. Məmmədli qeyd edib ki, qızlar böhtan atdığı təqdirdə məsuliyyətə cəlb oluna bilər:
“İndiki halda qızlar yalan məlumatla televiziyanın  işgüzar nüfuzuna  zərər vurursa,  ilk növbədə ATV-nin mənəvi kompensasiya tələbetmə hüququ var. Televiziya məhkəmə qaydasında Mülki Məcəllənin 23-cü maddəsinə görə, işgüzar nüfuzun zədələnməsinə görə həmin şəxslərdən kompensasiya tələb edə bilər. Etmədiyi  işə görə  hər hansı şəxsə  böhtan atılırsa, cinayət məcəlləsinin 147-ci böhtan maddəsinə görə o şəxs məsuliyyətə cəlb olunur. Təqsirləndirilən şəxs  iddia edən barədə xüsusi ittiham ərizəsi ilə  polisə müraciət edə bilər”. 
 
Verilişin keçmiş iştirakçısı İrlana Qasımova əllərində sübutlar olduğunu qeyd edib. 
 
Advertisement Banner

Şərhlər