Gənc şairlər Sumqayıtda toplaşdı - FOTOLAR

30.01.2016 19:18     Artreaksiya     2507

Bu gün "28 May” diyarşünaslıq evində Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü, Ə.Kərim adına "Poeziya” klubunun təşkilatçılığı ilə Dünya Gənc Türk Yazarları Birliyinin 2 fevral Gənclər günü münasibətilə Bakı və Sumqayıt şəhərində fəaliyyət göstərən ədəbi gəncliyin nümayəndələri ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Ə.Kərim adına "Poeziya” klubunun direktoru şair İbrahim İlyaslı tədbir haqqında məlumat verib və gəncləri təbrik edib, yaradıcılıq uğurları arzulayıb. Daha sonra çıxış edən DGTYB-nin sədri Əkbər Qoşalı tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib və təşkilatın fəaliyyəti haqqında qısa məlumat verib. Gənclər gününün qeyd edilməsi ilə bağlı təşəbbüsünün məhz DGTYB-yə aid olduğunu qeyd edən Ə.Qoşalı bildirib ki, gənclərin əziyyətini dəyərləndirmək və uğurlrını qiymətləndirmək hər bir gəncə stimul verir.  Daha sonra  "Türk dünyasında söz verib söz almaq onun birliyinə səbəb olacaq” deyən AYB Sumqayıt Bolməsinin sədri şair Sabir Sarvan  DGTYB-yə fəaliyyətində uğurlar arzulayıb.  Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi adından çıxış edən Arif Vəliyev çıxış edərək idarə rəisi Mehman Şükürovun gənclərə təbriklərini çatdırıb, yaradıcılıq uğurları arzulayıb. Tədbirdə iştirak edən şairlər, Dəyanət Osmanoğlu, Qafqaz Əvəz oğlu, Almaz Sahilə, Eyyub Qiyas, Əli Nəcəfxanlı, Sumqayıt MKS-in direktoru Yeganə Əhmədova və digərləri çıxış edərək gənclərdə vətənpərvərlik duyğusunun önəmli olduqunu bildirib, qeyd ediblər ki, cəmiyyətin gənc ziyalılara böyük ehtiyacı var və gənclər cəmiyyətin nəbzini tuta bilsələr layiq olduqları zirvəyə çata biləcəklər.  Daha sonra gənc şairlər Ülkər Piriyeva, Şəhanə Müşfiq, İntiqam Yaşar, Çinarə Ömrə, Fuad Cəfərli, Sərvər Kamranlı, Ruslan Naib və digərlərinin ifasında şeir nümunələri tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib və alqışlarla qarşılanıb. S.Rüstəmov adına UİM-in Skripkaçılar qrupunun rəngarəng musiqi nömrələri, aşıq Anar laçınlının ifasında "Ruhani” aşıq havası tədbiri daha da rövnəqləndirib. Sonda gənc yazarlar və S.Rüstəmov adına Uşaq incəsənət Məktəbi DGTYB –nin fəxri fərmanları ilə təltif edilib.

Şərhlər