125 yaşlı görkəmli ictimai xadim

03.02.2016 10:53     Artreaksiya     2324

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Ceyhun Hacıbəylinin 125 yaşı tamam olur.
 
APA-nın məlumatına görə, C. Hacıbəyli 1891-ci ildə fevral ayının 3-də Şuşada anadan olub. İlk təhsilini Şuşada N. Vəzirovun müdir olduğu məktəbdə, orta təhsilini isə Bakıda alıb. 1908-ci il yanvarın 12-də  qardaşı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının Tağıyev teatrında tamaşaya qoyulmasında onun da  xidmətləri olub. 
 
C. Hacıbəyli bir müddət Əlibəy Hüseynzadənin müdir olduğu “Səadət”  məktəbində çalışıb, sonradan təhsilini davam etdirmək üçün Peterburqa gedib, universitetin hüquq fakultəsinə daxil olub. Sonradan Fransaya yollanıb və Sorbon Universitetində oxuyub. Azərbaycana qayıtdıqdan sonra müxtəlif qəzetlərdə Azərbaycan və rus dillərində məqalələrlə çıxış edib.  
 
C. Hacıbəyli eyni zamanda “Müsəlmanlıq”, “İzvestiya”, “İttihad”, “Azərbaycan” qəzetlərinin redaktoru olub.
 
Azərbaycan Xalq Cümhuriyyəti dövründə o, bir müddət “Azərbaycan” qəzetində redaktor vəzifəsində çalışıb, sonradan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə gedib, orada fəaliyyət göstərib. 1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha geri qayıtmayıb, Fransada mühacirət həyatı yaşayıb.
 
C. Hacıbəyli Avropada ictimai-siyasi fəaliyyətini davam etdirib, Azərbaycanın qədim tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə qərb oxucularını tanış edib. C. Hacıbəyli Parisdə nəşr olunan müxtəlif jurnallarda çıxış edərək, çoxlu sayda yazılar nəşr etdirib.
 
Mühacirət illərində C. Hacıbəyli “İlk müsəlman respublikası Azərbaycan”, “Azərbaycan mətbuat tarixi”, “İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları”, “Qarabağın dialekti və folkloru” əsərlərini yazıb.
 
O, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasını fransızcaya tərcümə edib və Parisdə “Femina” teatrında tamaşaya qoyub.
 
C. Hacıbəyli 1962-ci ilin oktyabr ayının 2-də vəfat edib, Parisin Sen-Klu məzarlığında dəfn edilib.
 
Tədqiqatçı Nəsiman Yaqublu yazır ki, 1920-ci ilin 27 aprel işğalından sonra Türkiyə və Avropada məskunlaşan azərbaycanlı mühacirlər həmin ölkələrdə ciddi fəaliyyət göstərdilər: "Onlar bu ölkələrdə həm siyasi təbliğatla məşğul olur - təşkilatlar yaradır, qəzetlər, jurnallar çap edir, həm də müvafiq dövlət strukturlarına Azərbaycan probleminin həlli baxımından təsir etməyə çalışırdılar. Digər tərəfdən isə azərbaycanlı mühacirlər beynəlxalq qurumlara müraciətlər edir, SSRİ dövlətinin işğalçılıq siyasətini tənqid edirdilər. Belə şəxsiyyətlərdən biri də məhz Ceyhun Hacıbəyli idi. Onun digər xidmətlərindən biri də Avropada Azərbaycan Mühacirət Mətbuatının yaranmasına verdiyi dəstək idi".
 
C. Hacıbəylinin “Azərbaycan” jurnalının nəşrində də böyük xidmətləri olub. Jurnalın baş redaktorları Ceyhun Hacıbəyli və Əbdürrəhman Fətəlibəyli-Düdənginski idi. Jurnal iki dildə nəşr edilirdi: Azərbaycan və rus. Jurnalın hər iki redaktoru həm də rus təhsilli idilər. Ceyhun bəy Sankt-Peterburqda, Əbdürrəhman bəy isə Moskvada rus dilində təhsil almışdılar.
 
N. Yaqublu yazır: "“Azərbaycan” jurnalının başlıca fəaliyyət proqramı – mövcud Sovet rejiminə qarşı təbliğat işləri aparmaq, kommunist ideologiyasının “çürüklüyünü” və bəşəriyyətə ziyanlı olduğunu göstərmək idi. Jurnalı ABŞ dövləti maliyyələşdirdiyindən həmin ölkənin yürütdüyü siyasət əsas xətt olaraq götürülürdü.
 
“Azərbaycan” jurnalında Azərbaycanın azadlığı, müstəqilliyi ilə bağlı çoxlu sayda yazılar, məqalələr nəşr edilirdi".
 
 

Şərhlər