“Orxanın saflğından çox adam istifadə edirdi” – Firuzə İbadova

07.03.2016 21:12     Artreaksiya     1200

Əməkdar artist Firuzə İbadova Teleqraf.com-a İlhamə Quliyeva və onun şəxsi həyatı ilə bağlı danışıb. Onun səsləndirdiyi fikirləri təqdim edirik: - İlhamə xanımın iki bacısı var. Onlarla münasibəti necə idi. Ailəvi gediş-gəlişləri vardımı? – İlhamə xanımla bacılarının münasibəti çox yaxşı idi. Danışırdılar, bir-biri ilə hal-əhval tuturdular. Bir-birinin evinə gedib-gəlirdilər. – Onlar xalq artistinin ögey bacı-qardaşlarıdır? – Ana ayrı, ata bir övladdırlar. O uşaqlar Məzahir Quliyevin qızları idi. Məzahir müəllim uzun müddət şəhər və rayonlarda prokuror işləyib. Sanballı adam olub. – M.Quliyev Tükəzban İsmayılovanın birinci həyat yoldaşı olub... – Bəli, Tükəzban xanımın birinci həyat yoldaşı olub. – Bu gün miras qalmaqalında xalq artistinin xalası qızlarının da adı hallanır. İlhamə xanımın onlarla münasibəti necə olub? – Xalası qızları İlhamə xanımgilin evlərində böyüyüblər. Orxanın anası Lalə onlarda yaşayırdı və Tükəzban xanım onu öz qızı kimi saxlayırdı. İlhamə xanıma necə baxırdı, Laləyə də elə. Ona da ali təhsil verib. Müəllimədir. Çox alicənab bir xanımdır. Tərbiyəli,  səviyyəlidir, liseydə dərs deyir. İngilis dili müəlliməsidir.   İlhamə xanım Lalənin oğlu Orxanı uşaqlıqdan övladlığa götürdü. O da canla-başla övladını İlhamə xanıma verdi. Bilirdi ki, çox yaxşı böyüyəcək, ali təhsil alacaq. Lalə hər zaman halal zəhməti ilə  dolanan bir xanım olub. – Orxanın bacı-qardaşı varmı? – Bəli, Orxanın bir bacısı, bir qardaşı var. Onun doğma ata-anası da çox təmiz insanlardır. Biz onlarla bir yerdə  böyümüşük. Onlar İlhamə xanımın doğmalarıdırlar və burada başqa söz-söhbət ola bilməz. İndi məni üzən bir məsələ var; İlhamə xanımın var-dövləti ilə bağlı qırğın gedir. İlhamə xanımın bacıları da çox imkanlıdır. Heç nədə gözləri yoxdur. Lalə xanım da necə sadə dolanırsa elə də davam edir. Orxan onun övladıdır. 30 ildir ki, Orxan İlhamə xanımın oğludur, ona savad verib, böyüdüb. Ana-balanın münasibətində problem də ola bilər, amma onu ata bilməz. Orxanın səhvi də olmuş olsaydı, atmırdı axı. Onu balası idi. Ana  baladan inciyir və sonra da barışır. Bir də deyirəm ki, İlhamə xanım Orxanı balası kimi böyüdüb. Nəvəsi Ruslanı da çox sevirdi. – Orxandan niyə incimişdi? Əsas problemləri nə idi? – Ana-bala arasında söz-söhbəti yalnız ikisi bilirdi. Orxana zəng edirdi, harada olduğunu soruşurdu. Deyirdi Ruslanı gətir darıxmışam. İlhamə xanım istəyirdi ki, Orxan çox adamla dostluq etməsin. Çünki Orxanın sadəlövhlüyündən çox adam istifadə edirdi. O təmiz, dostcanlı uşaqdır. İlhamə  xanım onun çox adamla qaynayıb-qarışmasını istəmirdi.  Mən də qızıma deyirəm ki, hər adamı yaxınına buraxma! Məni səninlə vura bilərlər. İlhamə xanım da bilirdi ki, Orxanla onu vura bilərlər. Deyirdi oğlum, sən təmiz uşaqsan. Mən səni yaxşı böyütmüşəm. Bəzi insanlar qazanımıza girib bulandıra bilərlər. Yəni suyu da üfür-üfürə içirdi.  – Mərhumun qohumu, müğənni Əli Mirəliyev də mirasa iddialıdır... – Onu mən bilmirəm. Əli mənim həmkarımdır. Sovetskidə bir məhəllədə yaşamışıq. Ətlə dırnağın arasına girməyə ixtiyarım yoxdur. – İlhamə xanım, niyə ikinci dəfə ailə həyatı qurmadı? – O, özünə xas olan bir kişi ilə ailə qurmalı idi. Həmişə deyirdi, elə bir adamla ailə qurmalıyam ki, mənə layiq olsun. Mənə uyğunu da yoxdur. Həqiqətən də elə idi. O, böyük sənətkar idi. Onu da deyim ki, miras qalmaqalına görə İlhamə xanımın xalası qızı Lalə xanım çox stress keçirir. O, hər zaman zəhməti ilə yaşayan təmiz adamdır. Miras qalmaqalında adının çəkilməsindən narahatdır. Mən də  bacardığım qədər bildiyimi deməliyəm. İlhamə xanım yoxdursa, onun sənəti var. Böyük sənətkar idi. Onu müdafiə etməliyik.

Şərhlər

Çox oxunanlar