Azərbaycanlı səfirin oğlu dirijorluq etdi

17.04.2016 17:38     Artreaksiya     1515

Novosibirskdə keçirilən beynəlxalq "Transsibir art festivalı"nda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun oğlu Murtuza Bülbüloğlu dirijorluq edib. 
 
ANS PRESS-in məlumatına görə, səfirin özünün də konsertdə çıxış etməsi gözlənilir.
 
Bu barədə festivalın bədii rəhbəri Vadim Repin jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə əsasən, səfir ifa edən zaman orkestrə onun oğlu Murtuza dirijorluq edəcək.
 
Murtuza Bülbüloğlu ənənəvi "Uşaqlar-uşaqlara" ("Дети - детям") proqramında iştirak edir. "Onun 14 yaşı var və yaxşı dirijorluq edir. Biz onu da bu konsertə dəvət etdik ki, o, bir əsərə dirijorluq etsin. Bu haqda onun atası eşidib və oğlunu dəstəkləmək üçün festivala gəlməyə qərar verib. Polad Bülbüloğlu hədiyyə olaraq, festivalda bir mahnı da ifa etməyə söz verib", - deyə bədii rəhbər proqramdan öncə qeyd edib.
 
Polad Bülbüloğlu oğlu Murtuza ilə sərgidə
 
Polad Bülbüloğlu oğlu Murtuza ilə sərgidə
 
Üçüncü "Transsibir art festivalı" 2016-cı ilin aprelin 9-dan 24-dək Novosibirsk şəhərində keçirilir. Festival çərçivəsində Böyük Britaniya, İsrail, Cənubi Koreyaya, Yaponiyada da konsertlər keçirilməlidir. Tədbirlərdə 26 solistin və 11 dirijorun iştirak edəcəyi gözlənilir.
 
İkinci"Transsibir art festivalı" 2015-ci ilin yaz ayında baş tutub. 15 gün ərzində dünya səhnəsinin ulduzlarının iştirakı ilə 15 konsert keçirilib. 15 mindən çox tamaşaçının iştirak etdiyi festivalda 200-dən çox artist çıxış edib.
 
Polad Bülbüloğlu - Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri (1989-2006), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri (2006-cı ildən bu günədək), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973), Azərbaycan SSR xalq artisti (1982), TÜRKSOY-un sədri (1994), Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimidir.
 

 
 
Xalq artisti Polad Bülbüloğlunun oğlu ilk dəfə atasının 70 illik yubiley mərasimində hər kəsi təəccübləndirib. O vaxt 12 yaşlı Murtuza Bülbül səhnəyə çıxaraq, atasının mahnılarından ibarət popurini səsləndirən orkestrə dirijorluq edib. Övladının bu hərəkətindən təsirlənən P.Bülbüloğlu onun yaşda olarkən atasına eyni sürprizi etdiyini söyləyib.

 

Şərhlər