Xalq artisti Habil Əliyevin qəbirüstü abidəsinin açılışı olub - FOTOLAR

27.05.2016 19:01     Artreaksiya     1493

Fəxri xiyabanda görkəmli kaman ustası, xalq artisti Habil Əliyevin qəbirüstü abidəsinin açılışı olub.

"Report" xəbər verir ki, tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, ziyalılar, mədəniyyət işçiləri, mərhum xalq artistinin ailə üzvləri iştirak ediblər. 

Qeyd olunub ki, öz sənəti ilə xalqına xidmət etmiş Habil Əliyevin doğum günü Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu və hazırda dövlət səviyyəsində qeyd edilən Respublika Gününə - mayın 28-nə təsadüf edir. Milli musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “İstiqlal” ordeninə layiq görülən kaman ustası ömrü boyu ölkəmizin istiqlalını şərəfləndirən dəyərlərə xidmət edib. Habil Əliyev öz ifası ilə ömrünün 60 ilindən çoxunu xalqın musiqi zövqünün yüksəlməsinə həsr edib. Dünyanın ən ucqar məmləkətlərində Azərbaycan dilindən, məişətindən, düşüncə tərzindən xəbərsiz insanlar belə onun ifasını dinləyəndən sonra bu ölkənin muğamını, musiqisini tanıyıb və seviblər.

Diqqətə çatdırılıb ki, ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı, gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur.

Torpaqlarımızın iyirmi faizinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin xalqımız üçün ən böyük dərd olduğunu deyən Rafael Hüseynov diqqətə çatdırıb ki, Habil Əliyev sənətə gəldiyi dövrdə bədnam qonşularımız kaman ifaçılığının məhz onlara məxsus olması barədə fikirlər yayır, azərbaycanlıların bu sənətə yaxın düşməməsi üçün psixoloji zəmin hazırlayırdılar. Lakin Habil Əliyev öz sənəti ilə kamançanın Azərbaycanın olduğunu isbat etdi və öz ifası ilə örnək yaratdı.

Habil Əliyevin insani keyfiyyətlərindən söhbət açan Rafael Hüseynov onun ən adi həyat həqiqətlərinə belə fəlsəfi yanaşdığını qeyd edərək sənətkarı təkcə görkəmli musiqiçi deyil, həm də müdrik insan kimi səciyyələndirib. Vurğulayıb ki, Habil Əliyev adının qarşısında “kaman” sözü deyilən yeganə sənətkardır. Onun özü və ifaları xalqın qəlbində həmişə yaşayacaq.

Xalq şairi Nəriman Həsənzadə çıxış edərək burada iki abidənin – Habil Əliyev və kamançanın olduğunu vurğulayıb və görkəmli sənətkarın ifasından təsirlənərək yazdığı şeirdən bir parça söyləyib.

Sənətkarın ailəsi adından çıxış edən nəvəsi Əli Əmirəliyev Habil Əliyevin yoxluğunun xalq, sənət, musiqi dünyası üçün böyük itki olduğunu söyləyib. O, Habil Əliyev sənətinin yüksək qiymətləndirilməsinə, habelə abidənin ucaldılmasında göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, qəbirüstü abidəni heykəltəraş Natiq Əliyev hazırlayıb.

Şərhlər