Azərbaycan kimsəsiz uşaqlarla bağlı Sofiya xeyriyyə gecəsində təmsil olunub

04.11.2016 14:44     Artreaksiya     1302

Azərbaycanın Bolqarıstandakı səfirliyi Bolqarıstanın aparıcı qeyri-hökumət təşkilatlarından olan “Uşaqlarımız üçün” Fondunun təşkil etdiyi xeyriyyə gecəsində iştirak edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, sayca yeddinci olan bu xeyriyyə gecəsinin məqsədi Sofiya və regionlarda tərk edilmiş uşaqların dəstəklənməsidir. Tədbirdən əldə olunan vəsait “Müqəddəs Sofiya” sosial institutunun tərk edilmiş uşaqları üçün müasir sosial və tibbi xidmətlər kompleksinin tikilməsinə sərf olunacaq.

1992-ci ildən etibarən Bolqarıstanda fəaliyyət göstərən Fond Bolqarıstanda övladlığa götürülmə sahəsində ixtisaslaşan ilk təşkilat olub. Təşkilatın məqsədi təhlükədə olan körpələr, uşaqlar və gənclərə dəstəyin göstərilməsidir. Bu məqsədlə Fond ailələr, övladlığa götürmüş şəxslər və səhiyyə mütəxəssisləri ilə sıx iş aparır. Təşkilatın Məşvərət və Qəyyumlar Şurasında Bolqarıstanın tanınmış simaları – jurnalistlər, iş adamları və musiqiçilər cəmləşmişdir. Xeyriyyə gecəsi Fondun ən böyük xeyriyyə tədbiri olaraq Bolqarıstanın biznes və mədəni elitasını və diplomatik korpusu bir araya gətirərək təşkilatın fəaliyyətinin dəstəklənməsinə yönəlib.

Gecə ənənəvi olaraq bədii hissə və xeyriyyə hərracından ibarət olur. Hərracda nümayiş olunan əşyalar Bolqarıstanın tanınmış simaları, müxtəlif şirkət sahibləri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklər tərəfindən ianə edilir. Qeyd edək ki, builki hərracda Bolqarıstan Prezidenti Rosen Plevneliyev tərəfindən ianə edilən rəsm əsəri də nümayiş olunub. Tədbirdə iştirak edən diplomatik nümayəndəliklərdən töhfə olaraq hərraca ölkələrinin mədəniyyəti, tarixi və ya mətbəxini nümayiş etdirən əşya ianə etmək və ya müvafiq səfirlikdə ziyafət təşkil etmək xahiş olunub. Hərracda Azərbaycan, Böyük Britaniya, Misir, Braziliya, Kipr, Vyetnam, İndoneziya, Fransa, İngiltərə, Rusiya, Danimarka, Bosniya və Herseqovina, Almaniya, İsrail, Niderlandın Bolqarıstandakı səfirlikləri iştirak edib.

Hərracda Azərbaycanın Bolqarıstandakı səfirliyinin səfirlikdə ziyafət təşkil etmək təklifi maraqla qarşılanıb və bu kateqoriyada toplanılmış vəsait baxımından səfirlik ikinci yer, hərracda ilk dəfə iştirak edən ölkələr arasında isə birinci yer tutub.

Şərhlər