Kaliforniyada Fikrət Əmirov və Niyazinin əsərlərindən ibarət geniş konsert proqramı təqdim olunub

07.11.2017 11:48     Artreaksiya     1579

ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində tanınmış Sakramento Gənclər Simfoniyasının ifasında görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov və Niyazinin əsərlərindən ibarət geniş konsert proqramı təqdim olunub.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan azərtac-a bildirilib ki, Sakramentonun tarixi Krest Teatrında keçirilən konsertdə Kaliforniya paytaxtının siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri, həmçinin KİV təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, dünya şöhrətli dirijor Maykl Nyumanın rəhbərlik etdiyi Sakramento Gənclər Simfoniyası ABŞ-ın ən tanınmış simfonik orkestrlərindən hesab olunur.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə keçirilən və 1000-dək amerikalının qatıldığı konsertdə Azərbaycan musiqiçisi Mustafa Mehmandarovun dirijorluğu ilə və gənc müğənni Mərziyyə Hüseynovanın ifasında Sakramento Gənclər Simfoniyası Fikrət Əmirov və Niyazinin ən tanınmış əsərlərini səsləndiriblər.

Tədbirdə Fikrət Əmirovun həyat və yaradıcılığını əks etdirən videoçarx da nümayiş etdirilib.

Konsertdən əvvəl çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq bu cür möhtəşəm tədbirin Kaliforniyanın paytaxtında keçirilməsinin əlamətdar və tarixi hadisə olduğunu bildirib. O, Azərbaycan haqqında tamaşaçılara məlumat verərək, ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə və musiqiyə sahib olduğunu diqqətə çatdırıb. Klassik musiqi irsimiz barədə danışan N.Ağayev Azərbaycanın müsəlman dünyasında ilk opera, operetta və baletin vətəni olduğunu qeyd edib. Sonda baş konsul konsertin ərsəyə gəlməsində göstərdiyi səylərə görə Sakramento Gənclər Simfoniyasının direktoru Maykl Nyumana, musiqiçilərimizə, həmçinin Sakramentodakı Azərbaycan icmasının fəalı Şəbnəm Qafarovaya dərin təşəkkürünü bildirib.

Tamaşaçılar tərəfindən gurultulu və ayaqüstü alqışlarla qarşılanan konsert proqramı F.Əmirovun “Azərbaycan kapriççiosu” ilə yekunlaşıb.

Konsertdən sonra qonaqlara Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin hazırladığı zəngin milli mətbəximizin ləziz təamları təqdim olunub.

Reaksiya.az

Şərhlər