Sənətkarın sənətinə baxarlar, şəxsi həyatına yox - 2017 - nin gözəli - FOTOLAR

Sənətkarın sənətinə baxarlar, şəxsi həyatına yox - 2017 - nin gözəli - FOTOLAR
Tarix: 14.01.2018 17:07
Oxunma sayı: 5150
Paylaş:
Ötən ilin sonu şou-bizness aləmi üçün "Ak Prodakşın" MMC – nin təşkil etdiyi ‘Miss & Misster of the year 2017’ Gözəllik yarışması ilə yadda qaldı.Yarışmanın birinciliyi üçün olduqca gərgin və rəqabətli mübarizə getdi. Sonda İsmayıllı rayonunda anadan olan 23 yaşlı gənc aktrisa Gülşən Quliyeva qalib gəldi. Gülşənin birinci olması təbii olaraq, digər mübarizə aparan yarışmaçıları narazı saldı. Hətta, birinciliyi Gülşənin ‘pulla aldığını’ iddia edənlər də oldu. Bizim saytda bu iddialarla bağlı yazı dərc etmişdi. Yazıda da dediyimiz kimi bu sadəcə iddialar idi. Saytımızın araşdırma qrupunun səyi nəticəsində məlum oldu ki, deyilənlər həqiqətə uyğun deyil. Amma oxucular üçün bu iddialara 2017 – ci ilin gözəli elan olunan Gülşən Quliyevanın özünün iddialara cavab verməsi maraqlı idi. Bu görə də gənc, istedadlı aktrisanı redaksiyamıza dəvət etdik.
 
- Gülşən iddialardan fərqli olaraq, gənc və istedadlı olmasına baxmayaraq, çox sadə və təvazükar görünürdü. 
 
- Gülşən xanım, necə oldu ki, birdən – birə gözəllik yarışmasına qatılmağa qərar verdiniz, hardan idi sizdə bu əminlik ki, qalib gələcəksiniz?!
 
-Bilirsiniz, mən hər zaman düşünmüşəm ki, insanın özgüvəni varsa, o həyatda hər istədiyinə nail ola bilər. Bizim ailədə də hər zaman valideynlərim bizi özgüvənli tərbiyyə ediblər. Bununla yanaşı, valideynlərim hər zaman istedada böyük önəm veriblər, baxmayaraq ki, qız olmuşam, amma valideyinlərim hər zaman mənə dəstək olublar. Lap, uşaqlıqdan orta məktəbdə tədbirlərdə, özfəaliyyət dərnəklərində bədii qiraət sahəsində fəaliyyət göstərmişəm. Bu günə qədər neçə-neçə müsabiqələrdə iştirak edib, qalib olmuşam. Bütün bu nailiyyətlərimi də valideyinlərimə və özgüvənimə borcluyam.
 
- Gülşən xanım, birinciliyi pulla aldığınız iddia olunurdu...
 
- Bunlar təbiidir. Hər zaman naliyyət qazanan adamların arxasınca danışanlar çox olur. Amma özünüz də araşdırdınız ki, deyilənlər həqiqəti əks etdirmir. Hələ, bu harasıdır, bu yarışmadan sonra adıma olmazın sözlərini danışdılar. Amma vicdanım şahiddir ki, harda oluramsa olum, bir Azərbaycan xanımı olduğumu unutmamışam, daim da Şərq qadınına uyğun davranmışam. Haqqımda deyilənlər böhtan və şaiədir. Belə bir misal var; deyirlər, pişiyin əli məsələsi... qoy, nə deyirlər, desinlər. Məni ailəm, yaxın çevrəm yaxşı tanıyır, bu mənə yetər. Mən yalnız sənətimlə məşğulam. Əsas niyyətim də istedadım yetdiyi qədər, bacardığım qədər Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında az da olsa, xidmətim olsun.
 
Gülşən xanım, yeni layihələrdən danışaq...
 
- İnanın ki, layihələr çoxdur. Bəzən, fiziki baxımdan çatdıra bilmədiyim üçün bir çoxundan imtina edirəm. Məsələn, bu günlərdə Türkiyədən bir seriala dəvət aldım, atam xəstə olduğu üçün onu qoyub, gedə bilmədim. Hələ ki, ölkədəki layihələrlə məşğulam.
 
- Məsələn, hansı layihələr?!
 
- Öncədən danışmaq istəmirəm. Çox yaxında hamı görəcək. Mənim düşmənlərim o qədərdi ki, əvvəlcədən bir layihəm barədə danışıramsa, ona mane olmağa çalışırlar. Amma mənim inanın ki, heç kimlə işim yoxdu. Hər kəsin xoşbəxt, sağlam və uğurlu olmasını arzulayıram. 
 
- Ailəlisiniz?!
 
- Bu barədə düşünmək üçün hələ çox tez olduğunu düşünürəm. Amma sevdiyim insan var, ailəm də bu barədə məlumatlıdır. Ailə qurmağı isə yenə deyirəm ki, hələ, düşünmürəm...
 
- Sirr deyilsə, sevdiyiniz kimdir?!
 
- Neynirsiniz, hər kimdir (gülür). Münasibətimiz ailə müstəvisinə yüksələndə, hamı kimi siz də bilərsiniz. 
 
- Deyirlər, sevdiyiniz şəxs vəzifəli bir oliqraxdır...
 
- Yalan və böhtandır. Bunu danışan adamlar ən azından, Azərbaycan mentalitetində və dinimizdə bir Azərbaycan qızının adına olmazın böhtanlarını danışmağın nə qədər günah olduğunu bilməlidir. Çox ayıbdır. Mənim ailəm var, atam, qardaşım var. Siz düşünürsünüzmi ki, onlar bunları oxuyanda, nələr ola bilər?! Mən hər zaman çalışıram ki, atamın, qardaşımın mənə olan etibarını itirməyim, onların başını aşağı salmayım. Çox təəssüf edirəm ki, elə bir zamana gəlmişik ki, sənət qalıb kənarda, insanların şəxsi həyatları müzakirə olunur. Əslində isə insanların şəxsi həyatına burun soxmaq qədər tərbiyyəsiz əməl yoxdu. Baxın, dünyada nə qədər məşhurlar var, təbii ki, hamısının da şəxsi həyatı var. Hətta, bunların içində şəxsi həyatları bərbad olanları da var. Amma xalq onların şəxsinə yox, sənətinə dəyər verir. Baxın, Türkiyədə orientasiyasını dəyişən Zəki Müren olub. Kimsə onun şəxsi həyatından danışmır. Hər kəs üçün Türk estradasının ulduzu Zəki Müren var. Yaxud, bu gün də sənətdə olan Bülent Ersoy... Düzdür, son vaxtlar dünyanın gedişatına və insanların marağına uyğun olaraq, onların da şəxsi həyatlarını gündəmə gətirirlər. Amma bu şəxsi həyata görə onları cəmiyyətdən çıxdaş etmirlər. Sənətkar, sənətkardı... Sənətkarın sənətinə baxarlar, şəxsi həyatına yox. Amma çox şükür ki, şəxsi həyatımda da baş aşağı olacağım bir məqam yoxdu.  Yuxarda da qeyd etdiyim kimi biur sevdiyim insan var ki, mən bundan sonrakı həyatımı ona bağlamışam. Sadəcə, cəmiyyətdə tanınan, hörmətli insan olduğu üçün adını çəkmirəm ki, paxıllar dəli olmasın (gülür). Amma mənim bütün uğurlarımda qeyd edim ki, həmin dəyərlimin də imzası var.
 
- Görünən odur ki, dünya ulduzları qədər iddialısınız...
 
- Niyə də olmayım ki?! Mən özümə güvənirəm. İnanıram ki, öz istedadımla canım Azərbaycanımın mədəniyyətinin daha da tanıdılmasında öz bacarığımla əlimdən gələni edəcəyəm.
 
- Fəaliyyətinizdə uğurlar arzu edirik.
 
-Mən də sizə, redaksiyanıza minnətdarlığımı bildirirəm ki, mənim mövqeyimə də yer ayırdınız. Ümid edirəm ki, bundan sonra da birgə əməkdaşlıq edəcək, bizim uğurlarımızdan da yazacaqsınız (gülür).
 
- Təki, hər zaman siz uğur qazanın, biz yazarıq...
 
 
Söhbətləşdi: Rəsmiyyə Allahverdiyeva
 

Şərhlər