Akademik Milli Dram Teatrında Tofiq Kazımovun yubileyi qeyd olunacaq | Reaksiya

Akademik Milli Dram Teatrında Tofiq Kazımovun yubileyi qeyd olunacaq

Yanvarın 30-da Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli teatr rejissoru və pedaqoqu, xalq artisti Tofiq Kazımovun 95 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

 

APA-nın məlumatına görə, tədbirdə görkəmli rejissorun həyat və fəaliyyətindən, Azərbaycan teatrının, rejissor sənətinin inkişafındakı xidmətlərindən danışılacaq. 1964-cü ildən 1980-ci ilədək Akademik Milli Dram Teatrının baş rejissoru vəzifəsində çalışan Tofiq Kazımov bu teatrın səhnəsində yaddaqalan tamaşalar yaratmaqla bərabər, gənclərin teatra cəlb olunmasında böyük rol oynayıb. Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. 

 

Tofiq Kazımovun Akademik Milli Dram teatrında baş rejissor kimi Şekspirin "Hamlet", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "Aydın", Məmməd Səid Ordubadinin "Qılınc və qələm", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu” və s. əsərləri tamaşaya hazırlayıb.

 

Tədbirdən sonra Tofiq Kazımovun xatirəsinə həsr olunan “Ölülər” tamaşası təqdim olunacaq.

 

Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli komediya-tamaşa teatrın direktoru və bədii rəhbəri, xalq artisti Azər Paşa Nemətovun quruluşu əsasında səhnələşdirilib. Səhnə əsərinin rejissorları isə gənc rejissorlar Anar Sadıqov və Əlif Cahangirlidir. Tamaşada görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunacaq. Mədəniyyət və Turizm Nazırliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

 

“Ölülər”in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə əməkdar artist  Anar Heybətovdur. Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, Əjdər Həmidov, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova məharətlə canlandırırlar.

 

Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətə məxsusdur.

 

Reaksiya.az

Advertisement Banner

Şərhlər