Türkiyənin top-modelləri Bakıda “Dosso Dossi Fashion Show”nun podiumuna çıxacaqlar

 Dünyada tanınmış top-modellərin iştirakı ilə Türkiyənin ən böyük moda proqramına imza atan “Dosso Dossi Fashion Show” xaricdə ilk tədbirini qardaş ölkə sayılan Azərbaycanda həyata keçirəcək. Reaksiya.az-ın xəbərinə görə, bu dəfə Türkiyənin ən məşhur manekenlərini heyət tərkibinə daxil edən “Dosso Dossi Fashion Show” 1-3 mart tarixlərində 40 şirkətin iştirakı ilə Azərbaycanın paytaxtı Bakıda böyük bir şouya imza atacaq.

 Şou çərçivəsində martın 2-də həyata keçiriləcək moda nümayişində Çağla Şikel, Özge Ulusoy, Vilma Elles, Şebnem Sçefer, Günay Musayeva, Merve Büyüksaraç, Tuba Melis Türk və Ege Begüm Yücetan kimi modellər podiuma çıxacaqlar. Xoreoqrafiyasını Öner Evezin hazırlayacağı moda nümayişində türk dizaynerlərin 2018 yaz-yay məhsulları nümayiş etdirəcək.

 Azərbaycanın ən böyük sərgi məkanı olan “Baku Expo Center”də keçiriləcək moda nümayişindən sonra Bakının populyar əyləncə mərkəzi sayılan “Enerji Club”da təşkil ediləcək əyləncədə Azərbaycanın və Rusiyanın məşhur müğənniləri Röya və Soso Pavliaşvili konsert verəcəklər.

 “Dosso Dossi” şirkətinin baş direktoru Hikmet Eraslan ilk ölkə xaricindəki şou qardaş ölkə Azərbaycanda təşkil edəcəkləri üçün xoşbəxt olduqlarını söyləyib: “Biz “Dosso Dossi”yə aid moda nümayişi və konsertləri ilə Bakıda festival ab-havası əsdirəcəyik. Türk və Azərbaycan xalqları arasında bir çox ortaq cəhətlər var. Özümüzü evimizdə hiss edirik. Moda aləmi “İki dövlət – bir millət” konsepsiyasına öz töhfəsini verərək, Türkiyə ilə Azərbaycan arasında mövcud dostluq əlaqələrini bir qədər də möhkəmlədəcək. İlk şoumuzdan sonra nümayişimizi Azərbaycanda təşkil etməyimizə olduqca şadıq”.

 “Dosso Dossi” şirkətinin rəhbəri Hikmet Eraslan tərəfindən yaradılan və “original bir iş fikri” olaraq Türkiyədə Yüksək Şura tərəfindən də təsdiq olunan “Dosso Dossi Fashion Show” ildə iki dəfə, dekabr və iyun aylarında təşkil edilir. “Dosso Dossi Fashion Show” 2005-ci ildə 11 şirkət və 45 müştərinin iştirakı ilə başladı. Hazırda 150 şirkət və orta hesabla 5 min müştəriyə çatan fəaliyyət əsasən “Laleli”, “Merter”, “Osmanbey” və “Çağlayan” olmaqla trikotaj istehsalçılarını və müştərilərini Antalyada təşkil edilən sərgidə bir yerə toplayır.

 Fəaliyyət əsnasında Rusiya başda olmaqla 30 ölkədən və 200 fərqli şəhərdən trikotaj müştəriləri Türkiyəyə gəlir. Trikotaj müştəriləri, özləri ilə birlikdə ailələri də gəldikləri Antalyada həm alış-veriş, həm də beş ulduzlu hotellərdə istirahət etmək imkanı əldə edirlər. Hər bir tədbirdə dünyada məşhur olan top-modellərin də çıxış edəcəyi və dünya miqyasında böyük səs gətirən moda nümayişləri keçirilir. Hazırda “Dosso Dossi Fashion” geniş auditoriyaya malikdir. “Dosso Dossi Fashion Show”nun 2017-ci ilin iyun ayında Antalyada “Land Of Legends” əməkdaşlığında həyata keçirəcəyi son şousu dünya miqyasında 420 milyon şəxs izlədi. “Dosso Dossi Fashion Show” dünya miqyasında “Victoria’s Secret”dən sonra ən çox səs gətirən moda şousu halını alıb.

 “Dosso Dossi Fashion Show”da indiyədək Adriana Lima, İzabel Fontana, Miranda Kerr, İrina Şeyk, İzabel Qular, Ana Beatriz Barros, Kendall Cenner, Lindsey Ellinqson və Erin Hiterton kimi modellərlə yanaşı Rusiya kəşfiyyatının sabiq agenti, “Qırmızı agent” adı ilə tanınan teleaparıcı Anna Şapman da iştirak edib.


Gülnaz Qənbərli

Reaksiya.az

Advertisement Banner

Şərhlər