Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının marionet tamaşası nümayiş etdirilib | Reaksiya

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının marionet tamaşası nümayiş etdirilib

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı davam edir.

Festival çərçivəsində martın 9-da Marionet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının marionet tamaşası nümayiş olunub.

Tamaşanın nümayişindən əvvəl çıxış edən teatrın bədii rəhbəri Tərlan Qorçu bildirib ki, Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanan operanın marionet tamaşası 14 pərdədən ibarətdir.

Qeyd edib ki, qədim Şərq folkloruna məxsus incə və faciəli məhəbbət əfsanəsi olan Leyli və Məcnun orta əsrlər dövrü ədəbiyyatının ən məşhur mövzusu olub, Azərbaycan şairləri Nizami Gəncəvi və Məhəmməd Füzuli mövzuya eyniadlı poemalar həsr ediblər. Dahi bəstəkar Üzeyir Hacıbəyli 1907-ci ildə Şərq muğamı və Qərb klassik musiqisinin sintezi əsasında “Leyli və Məcnun” operasını yazıb.

Şərq dünyasının ilk operası olan bu əsər xalqımızın zəngin folklor musiqisindən bəhrələnməklə, muğam və lirik mahnılar əsasında yaradılıb. Operada həm Şərq, həm də Qərb musiqi ənənələri ahəngdar tərzdə yer alıb. Klassik süjetin bənzərsiz musiqi ilə vəhdəti bu operanın təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində populyarlaşmasına və sevilməsinə səbəb olub.

Marionet Teatrı dünyada yetərincə maraqlı və populyar olan, ən çətin başa gələn və eyni zamanda, ən maraqlı və cəlbedici janrdır. Çətin olduğuna görə əksər ölkələrdə belə teatr ənənəsi mövcud deyil. Hansısa ölkədə Marionet Teatrının mövcud olması həmin xalqın zəngin milli mədəniyyətindən xəbər verir və bu teatr janrı ölkənin tanıdılmasında əvəzsiz rola malikdir. Bütün yaş qrupundan olan insanların rəğbətinə səbəb olan bu teatr janrı xalqımızın zəngin, çoxşaxəli mədəni irsinin ən müxtəlif sahələrini - memarlığı, milli geyim sənətini, musiqini, dilimizin nitq melodikasını, məişət və bayramlarımızı, naxışlar və rəqslərimizi özündə birləşdirir.

Tamaşanın quruluşçu rejissoru və rəssamı Tərlan Qorçu, musiqi aranjemançısı Salman Qəmbərov, kukla ustası Tengiz Xalvaşı, işıq işləri üzrə rəssam Azər Muxtarov, səhnə qurğularının müəllifi İlkin Mirzəyevdir.

Səhnə əsəri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, martın 14-dək davam edəcək "Muğam aləmi” V Beynəlxalq Muğam Festivalına 15-dən çox ölkəni təmsil edən musiqiçilər qatılıb.

Reaksiya.az

Advertisement Banner

Şərhlər