Gənc pianoçu Ayla Kəlbiyeva Almaniyada beynəlxalq müsabiqədə birinci yerə çıxdı

Gənc pianoçu Ayla Kəlbiyeva Almaniyada beynəlxalq müsabiqədə birinci yerə çıxdı
Tarix: 04.04.2018 13:27
Oxunma sayı: 417
Paylaş:

Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının VII sinif şagirdi, Xalq Artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbində vokal dərsləri alan Ayla Kəlbiyeva bu günlərdə Almaniyanın Baden-Vürtemberq şəhərində pianoçuların “Musical Fireworks” beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb. Xatırladaq ki, Vokal Musiqi Məktəbinin martın 18-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təqdim etdiyi “Baharın səsi” adlı konsert proqramında Xalq Artisti Fidan Hacıyevanın ifalarından birini fortepianoda Ayla Kəlbiyeva müşayiət etmişdi. Təbiətən utancaq, danışmağı sevməyən bu qızın fortepianoda ifasını dinləyərkən onun zərif vücudunda fitri istedadın gizləndiyini görməmək mümkün deyil. Altı yaşından başlayaraq Aylanın qazandığı uğurlar da bunu təsdiqləyir.

Fidan Hacıyeva: Aylanın Almaniyadakı uğurundan qürur duyuruq

Almaniyada beynəlxalq fortepiano müsabiqəsi bir neçə yaş kateqoriyasında keçirilib. “Müsabiqə çox çətin idi. Türkiyə, ABŞ, Rusiya, Ukrayna, Belarus və digər yerlərdən istedadlı fortepianoçular gəlmişdilər. Münsiflər heyətində məşhur professorlar təmsil olunurdular. Onların sırasında “Zolotaya muza”, “Svyataya Sofiya” (Bolqarıstan) mükafatları laureatı, bir çox ölkələrdə ustad dərsləri keçən Tamara Poddubnayanı xüsusilə qeyd etmək istəyirəm. Müsabiqədə görkəmli bəstəkar Q.Qarayevin “Lay-lay” əsərini, F.Mendelsonun “Sözsüz mahnı”, Y.Haydnın “Sonata”sını ifa etdim. İfa üçün yeddi əsər hazırlamışdım. Almaniyadakı müsabiqə əslində iki turdan ibarət idi; birinci tur Tenerifedə (İspaniya) olmuşdu”, - deyə Ayla Kəlbiyeva bildirib. 

“Aylanın Almaniyadakı uğurundan qürur duyuruq. O, gələcəkdə həm solo, həm də konsertmeyster kimi çıxış edə bilər. Necə deyərlər, istedadlı adamlara kömək etmək lazımdır, istedadsız özü qabağa gedəcək”, - deyən Xalq Artisti Fidan Hacıyeva gələcəkdə onunla bir yerdə konsert vermək planı olduğunu da söyləyir.

Arzusu beynəlxalq müsabiqənin Qran-Prisini Bakıya gətirməkdir

Professor Tamara Poddubnaya Aylanı Nyu-Yorkda “Long Island Conservatory of Music”ə dəvət edib. Bu konservatoriyaya xüsusi istedadı olan uşaqlar qəbul olunur. Aylaya isə həmin konservatoriyaya imtahansız qəbul olunmaq və ödənişsiz təhsil almaq təklif edilib. 

Almaniyada olarkən Ayla həm də Bolqarıstana, İtaliyaya və Türkiyəyə ustad dərsləri almağa dəvət olunub. O isə Qran Pri qazanmaq, beynəlxalq müsabiqənin münsiflər heyətini Bakıya dəvət etmək, müsabiqənin bir mərhələsinin Bakıda keçirilməsini arzulayır. Əlbəttə ki, onun ABŞ-da 15 gün qalaraq Tamara Poddubnayadan ustad dərsləri alması fortepiano ifaçılığında digər keyfiyyətlərinin üzə çıxarılmasına kömək edə bilər. Professorun ona tövsiyə etdiyi proqrama əsasən bu kövrək, zərif barmaqları olan qız F.Şopenin valslarını, fantaziya-ekspromtunu, Y.Haydnın sonatasının üç hissəsini, F.Listin etüdlərini hazırlamalıdır.

Ayla Kəlbiyeva sentyabr ayında Bolqarıstanda keçiriləcək müsabiqədə iştirak üçün iyunda Almaniyada ustad dərsi almalı, habelə İtaliyaya getməlidir.

Bir müsabiqədən iki diplom

Ayla Kəlbiyeva ilk uğurunu 2013-cü ildə Maltada “Violin and friends” beynəlxalq müsabiqəsində qazanaraq üçüncü yerə çıxıb. Buradakı ifasına görə, o, həm də xüsusi diplom alıb. “Qara Qarayevin “Lay-lay” əsərini səsləndirdim. Heç həyəcanlı deyildim, çünki məni buraya nə üçün gətirdiklərinin, məni gəzməyə qoymadıqlarının, məndən ancaq fortepianoda çalmaq tələb etdiklərinin səbəbini başa düşmürdüm. On beş gün müxtəlif yerlərdə və tədbirlərdə çalmalı idim. Hətta mənim adımı çəkərək səhnəyə dəvət edəndə uşaqlarla “gizlən qaç” oynayırdım. Anam məni tapa bilmədiyi üçün əsəbiləşdi. Nəhayət, məni tapdılar və səhnəyə çıxardılar. Mən “Lay-lay” əsərini çalanda təsəvvür edirdim ki, uşaq yatıb. Düşünürdüm ki, səhnəni də sakitcə tərk etməliyəm, əks halda, uşaq oyanar. Ona görə da ifamı bitirdikdən sonra səhnədən barmaqlarımın ucunda çıxdım”, - deyə Ayla xatırlayır.

Təcrübəli münsiflər heyəti Ayla Kəlbiyevanın musiqi duyumunu anlamışdı. Həmin vaxtdan bəri müxtəlif tədbirlərdə qızın musiqi istedadının bu və ya digər keyfiyyətləri üzə çıxmaqdadır. Ayla Kəlbiyeva 2014-cü ildə Fransada N.Rubinşteyn adına XII beynəlxalq fortepiano müsabiqəsində və 2015-ci ildə İtaliyada “Citta di Pesaro” XII beynəlxalq musiqi müsabiqəsində ikinci yerə çıxıb. Onun fikrincə, ən çətin müsabiqə 2016-cı ildə ABŞ-da “American Protege” olub. Müsabiqə üçün fortepianoda ifanı videoya çəkib göndərmək lazım idi. Ondan sonra iştirakçıya məlumat gəlirdi. İkinci yerə layiq görülən Ayla Kəlbiyeva “Carnegie Hall”da yekun konsertdə iştirak etməyə dəvət olunub. Qeyd edək ki, bu məşhur zalda çıxış etmək ABŞ-da bir çox yerli musiqiçilərin arzusudur. Bizim qəhrəmanımız Ayla buna da nail olub. O, həmçinin 2017-ci ildə “Stars at Tenerife” beynəlxalq musiqi müsabiqəsində ikinci yeri tutub. Orada professor Tamara Poddubnayadan ustad dərsləri alıb.

Aylanın anası: Qızımın sevinc hissləri yaşadığını görmək mənə bəsdir

Ayla həm də dərs əlaçısıdır. Beynəlxalq müsabiqələrə görə dərs buraxmasına baxmayaraq, qayıdan kimi müvafiq fənlər üzrə əlavə məşğələlər götürür. Fortepiano ifasında uğurları onun digər fənlərə marağını heç də azaltmır: gündə azı 5-6 saat fortepianoda məşğul olduqdan sonra digər fənləri öyrənir. Tarix və riyaziyyat isə ən çox sevdiyi fənlərdir. Öz üzərində daim çalışması, böyük zəhməti hesabına beynəlxalq müsabiqələr qalibi olan Ayla, əlbəttə ki, yaşıdlarından fərqlənir. Lakin bu 13 yaşlı qız da yaşıdları kimi əylənmək, kinoya getmək, dostlarla bir yerdə daha çox olmaq istəyir. Hətta bəzən anasına “sən mənə uşaqlığımı yaşamağa imkan vermədin” deyir. Qızının musiqi istedadını körpəlikdən duyan Sevda xanım təmkinini pozmur və övladının hələ neçə-neçə uğur qazanacağına, ölkəsinin mədəniyyətini layiqincə təmsil edəcəyinə inanır. 

Ayla Kəlbiyevanın uğurlarına valideynləri, dostları, müəllimləri, təhsil aldığı məktəbin kollektivi də qəlbən sevinirlər. Bu, Aylanı gələcəkdə solo konsert verməyə ruhlandırır. Əməkdar Müəllim Nigar Nəcəfovadan yeddi ildir musiqi dərsləri alan Ayla uğurları ilə kifayətlənmir, öz üzərində səylə çalışır və arzularına qovuşmaq istəyir. Biz də ona həyatında, təhsilində yeni-yeni uğurlar arzulayırıq.

Reaksiya.az

Şərhlər