Xəlil paşa rus ordusunu qarşılamağa getdi… - “Son iclas”

30.05.2018 12:29     Artreaksiya     2161

Reaksiya.az Prezident İlham Əliyevin qızı Arzu Əliyevanın prodüserliyi ilə çəkilən “Son iclas” filminin ssenari müəllifi, Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənovun teleqraf-a müsahibəsini təqdim edir:

- Müsəllim müəllim, hər bir filmin, layihənin, işin öncə ideyası yaranır. “Son iclas” filminin ideyası necə meydana gəldi, ssenari kimin təşəbbüsü ilə yazıldı?

- Ölkə başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar sərəncamı verilməzdən xeyli qabaq fikirləşirdik ki, Bakı Media Mərkəzinin bu əlamətdar tarixə öz töhfəsi olmalıdır. Hələ keçən ilin yayında qərara almışdıq ki, Cümhuriyyətin 100 illiyi ilə bağlı layihə hazırlayaq.

Onu da qeyd edim ki, Bakı Media Mərkəzi 5 il bundan əvvəl yaranıb və bu müddət ərzində Azərbaycan tarixinin nisbətən az öyrənilmiş, qaranlıq səhifələrinə işıq salmağa çalışıb. İkinci dünya müharibəsi illərində faşizm üzərində qələbədə Bakı neftinin roluna həsr edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən “Əbədi ezamiyyət” filmləri bu qəbildəndir. Mərkəzin əsas işlərindən biri də sənədli filmlər çəkmək olduğundan keçən ilin yayından yeni film barədə müzakirələr aparırdıq. Mövzu aydın idi: film AXC-nin 100 illiyinə həsr olunmalı idi.

O ki qaldı filmin konkret süjetinə, ortaya sual çıxa bilər ki, niyə məhz “Son iclas”? Əslində Cümhuriyyətin 23 aylıq fəaliyyətinin hər ayı haqqında film çəkmək olar və yəqin ki, gələcəkdə çəkiləcək. Çünki bu tarixin hər ayı dramatik hadisələrlə zəngindir. Cümhuriyyətin elan olunmasından tutmuş süqutuna qədər uzanan 23 ayın hər bir ayı gərgin mübarizələr şəraitində keçib.

Biz düşündük ki, AXC-nin yaranması, İstiqlal Bəyannaməsinin qəbulu, Cümhuriyyətin tarixi xidmətləri haqqında adamlarda kifayət qədər məlumat var və 100 illik ərəfəsində bu mövzuda müxtəlif verilişlər hazırlanacaq, ola bilsin, filmlər çəkiləcək, kitablar yazılacaq və bu məlumatlar bir az da zənginləşəcək. Ancaq Cümhuriyyətin sonu barədə nəsə hazırlamaq o qədər də aktual olmayacaq. Buna görə də məhz Cümhuriyyətin son aylarına işıq salmağı qərara aldıq.

Şəxsən mənim özüm üçün də maraqlı idi ki, bu iclas necə baş verib, səsvermə necə keçirilib, hakimiyyət necə təhvil verilib və s. Ona görə də əvvəldən qərara aldıq ki, mövzu AXC parlamentinin son iclası ilə bağlı olsun.

Bir şeyi də qeyd edim ki, bizim Bakı Media Mərkəzində yaradıcılıq azadlığı ilə bağlı heç bir məhdudiyyət yoxdur, amma bütün məsələlər müzakirə yolu ilə, kollegial şəkildə həll edilir. Filmin “Son iclas” adlandırılması da bu cür müzakirələr vasitəsilə həll olundu və AXC-nin son iki ayına - mart-aprel aylarına həsr olunması barədə kollegial qərar qəbul edildi.

- Biz sual verməmişdən bu məsələyə özünüz toxunduz. Doğrudan da, niyə süqut əsas götürüldü? Bir qədər pessimist əhval yaratmırmı?

- Hələ mövzu müzakirə olunanda bu sual ortaya çıxmışdı – niyə məhz son dövr, süqut mərhələsi?.. Biz ona görə bu dövrü seçdik ki, Cümhuriyyətin son ayları nisbətən az tədqiq olunub və bu dövr daha dramatikdir. Təbii ki, filmdə Cümhuriyyətin xidmətlərini vurğulamağı da unutmadıq. Filmdə Cümhuriyyətin elan olunması, Fətəli Xan Xoyskinin bu barədə dünyaya car çəkməsi, eləcə də AXC-nin xidmətləri xatırladılır. Bu baxımdan filmin pessimist ruhda çəkilməsindən danışmaq olmaz.

Hər bir filmin tamaşaçıya ünvanlanmış bir neçə mesajı olur. Bizim filmdə də tamaşaçıya bir çox mesajlar verilir. Onlardan biri Cümhuriyyət qurucularının hakimiyyəti hansı çətin və gərgin mübarizə şəraitində təhvil verdiklərini göstərmək idi.

Göstərmək istədik o vaxt ölkənin daxili siyasi, eyni zamanda geosiyasi vəziyyəti necə idi ki, bu kişilər hakimiyyəti təhvil verməyə məcbur oldular. Aradan 100 il ötüb, indi “gərək hakimiyyəti verməyəydilər” demək çox asandır. Xatırlayırsınızsa, 1920-ci ilin yanvarında Paris Sülh Konfransının Ali Şurası Azərbaycanın müstəqilliyini de-fakto tanıyır. Həmin günlərdə müzakirələr gedir və Britaniya hökuməti bəyanat verir ki, Azərbaycan və Gürcüstana silahla kömək ediləcək. Cəmi iki ay sonra bolşevik qoşunları Azərbaycana daxil olur, amma Britaniya hökuməti susur, heç bir reaksiya vermir, halbuki dünən silah verəcəyini bəyan edirdi...

Xoyski Britaniyanın və Fransanın Qafqazdakı nümayəndəsinə zəng vurur ki, kömək edin, hansısa formada dəstək verin, amma heç bir səs-soraq çıxmır. İndi biz tez-tez dünya siyasətində ikili standartlardan danışırıq, sən demə elə 100 il əvvəl də belə olub. Tamaşaçıya bu reallığı göstərmək, çatdırmaq istədik. Azərbaycan dövləti bu gün ona görə özünə güvənir və müstəqil siyasət yeridir ki, kənardan olan dəstək, yardım əbədi deyil, xarici dövlətlər müəyyən maraqlar daxilində kömək göstərir, özlərinə lazım olanda dəstək verirlər, amma çətinlik yarananda hərə öz marağını qoruyur.

Başqa bir misal, 1920-ci ilin aprelində bolşevik qoşunları Azərbaycana daxil olanda parlamentin gərgin iclası keçirilir və Məhəmməd Əmin Rəsulzadə müraciət edir ki, parlamentin qapısını açıq qoyaq, xalq hansı çətin şəraitdə qərar qəbul etdiyimizdən xəbərdar olsun...

- Parlamentin qapısının açıq qoyulmasına dair Məhəmməd Əmin Rəsulzadənin müraciəti tarixi sənədlərdə var, faktdır, elə deyilmi?

- Bəli, bu fikirlər parlament iclasının stenoqramında əks olunub. Biz filmdə maksimum tarixiliyi qorumağa çalışmışıq. Burada bədii fantaziya çox azdır.

Deməli, qoşunların Azərbaycan sərhədini keçməsini xatırlatdım. Zirehli qatarlar Samur körpüsünü keçib Bakıya doğru irəliləyir, amma əhali buna biganədir. Parlamentin fövqəladə iclasıdır, hakimiyyət məsələsi həll olunur, əhali küçələrə tökülmür, etiraz etmir. Diqqət elədinizsə, filmdə xırda bir detal var: bolşevik qoşunları Dağıstanda dayanıb, amma Bakıda təzə restoran açılır, teatr tamaşaları qoyulur. Niyə bu cür idi?

O dövrdə əhali, demək olar ki, təhsilsiz idi, müstəqilliyin nə demək olduğunu geniş kütlə anlamırdı, əsas güc Cümhuriyyət qurucuları olan ziyalıların çiynində idi. Amma bundan sonrakı 70 ildə çox dəyişikliklər oldu, əhali kifayət qədər savadlandı, hərbi mütəxəssislərimiz yetişdi, yenidən xalq hərəkatı başlayanda AXC hökumətinin yaratdığı Bakı Dövlət Universitetinin artıq 70 yaşı var idi. Ona görə də 1990-cı illərin ortalarında Azərbaycanın müstəqilliyinə qarşı təhlükə yarananda ulu öndərin televiziya ilə bir müraciətindən sonra gecə vaxtı yüz minlərlə adam Prezident Administrasiyasının qarşısına gəldi, dövlətin, dövlətçiliyin müdafiəsinə qalxdı.

Bütün bunların xatırladıldığı filmdə daha bir mesaj verilir: Allah eləməsin, yenidən müstəqilliyimizə hər hansı təhlükə yaransa, xalq öz dövlətini qorumağa hazır olsun. Bu, hər birimizin borcudur.

- Bəs filmdə Nəriman Nərimanov obrazının görünməməsi nə ilə bağlıdır? Hərçənd Azərbaycanın hansı tale yaşamasından asılı olmayaraq əsas qəhrəmanlardan biri Nərimanov idi...

- Ona görə ki, həmin günlərdə Nəriman Nərimanov Bakıda deyildi, Həştərxanda idi. Fikir verdinizsə, filmdə Orconikidzeninin Leninə teleqramı səsləndirilir. O, Bakıda vəziyyəti təsvir edib deyir ki, Nərimanov burada bizə çox lazımdır, xahiş edirik onu yanımıza göndərəsiniz. Nərimanov Bakıda nəyə lazım idi?! Çünki o yerli adam idi, hamı tanıyırdı, Bakıda hərbi inqilab komitəsinin sədri vəzifəsinə Kirovu, Orconikidzeni qoymaq olmazdı, yerli adam gərək idi.

Düzdür, bir neçə ildən sonra artıq bu prinsip də unudulacaqdı və Azərbaycana rəhbərlik etmək Mirzəyanlara, Kirovlara həvalə ediləcəkdi, amma ilk vaxtlar məhz Nərimanovun üzərinə qoyuldu bu vəzifə. Bu səbəbdən Nərimanovu Bakıda istəyirdilər, ancaq o, aprel çevrilişindən bir neçə gün sonra - mayın 16-da gəldi Bakıya. Ona görə Nərimanov obrazını xüsusi qabartmadıq, amma filmdə onun da acı taleyi xatırladılır.

- O dövrdə XI Qızıl ordunun başında türk zabiti Necatinin dayanması barədə şayiələr yayılıb. Doğrusu, düşünürdük ki, filmdə hansısa sənədlərə əsaslanaraq bunun nə dərəcədə həqiqət olduğuna aydınlıq gətiriləcək. Ancaq sanki bu məsələ aydınlaşdırılmamış qalır, fürsətdən istifadə edib soruşmaq istərdik ki, bu şayiələrin əsası vardımı?

- Ekspertlərimizdən biri, tarixçi İlqar Niftəliyev filmdə xatırladır ki, 1920-ci ildə Bakıda Azərbaycan Kommunist Partiyası, eyni zamanda Türkiyə Kommunist Firqəsi yaradılmışdı. Həmin dövrdə Bakıda kifayət qədər türk zabitləri var idi və xeyli kommunist təmayüllü adamlar yaşayırdı. Onda Osmanlı imperiyası təzəcə dağılmışdı, Türkiyənin vəziyyəti ağır idi. Ona görə də bolşevik Rusiyası ilə əlaqələr qurmaq, Rusiyadan silah-sursat almaq üçün danışıqlar gedirdi. O dövrdə Qırmızı Orduya türk generalın başçılıq etməsi barədə söhbətlər olmuş, Bakıda olan Xəlil paşa Rusiya qoşunlarının rəhbərliyi ilə danışıqlar da aparmışdı. Xəlil paşa hətta Dağıstana da getmişdi...

- XI Qızıl ordunu qarşılamağa?

- Demək olar ki, hə. O, qoşunlarla gəlmək istəyirdi. Levandovski və Orconikidze ona dedilər ki, bizə Moskvadan belə göstəriş verilməyib, məsələni Moskva ilə həll edin. Ona görə də Xəlil paşa qoşunlara başçılıq etməmişdi, amma belə söhbətlər yayılmışdı.

Bir şayiə də var idi ki, gələn qoşunlar Bakıda dayanmayacaq, Türkiyəyə yardıma gedəcək, ingilis imperialistlərini qovmaq üçün türklərə dəstək verəcək. Əlbəttə, reallıqda belə olmadı, Türkiyəyə yardıma getmək adı ilə Bakıya daxil olan qoşunlar 70 il burada qaldı.

- Xəlil paşanın şəxsiyyəti barədə faktlar, sənədlər varmı, araşdırmanızda rast gəldinizmi?

- Bəli, Xəlil Kut haqqında Türkiyə hərbi xadimi kimi Cümhuriyyət Ensiklopediyasında ayrıca məqalə də var. O, 1918-ci ildə Bakının azad edilməsində yaxından iştirak edib. Amma sonralar, 1920-ci ildə Sovet-Türkiyə yaxınlaşmasını və bolşeviklərin Cənubi Qafqazda möhkəmlənməsini təmin etmək məqsədilə xüsusi tapşırıqlar yerinə yetirib. Hətta bundan sonra bir müddət Moskvada da yaşayıb.

- Türkiyənin Azərbaycan Cümhuriyyətinin taleyinə laqeyd qaldığına dair müxtəlif fikirlər səsləndirilir. Sənədlərlə işləyən araşdırmaçı, ssenarist kimi Azərbaycanın taleyi baxımından Türkiyənin rolu barədə nə deyərdiniz?

- Qeyd etdiyim kimi, 1920-ci ildə Bakıda Türk Kommunist Firqəsi yaradılmışdı, yəqin ki, Azərbaycan Kommunist Partiyasının üzvü olan Əliheydər Qarayevlə milliyyətcə türk olan kommunistin mövqeyi fərqlənməzdi. Hesab eləmirəm ki, Türkiyə dövləti Azərbaycan Cümhuriyyətinə biganə olub. Rəsulzadənin filmdə səsləndirilən çıxışı da bunu təsdiq edir. O deyir ki, Türkiyə bizim xilaskarımızdır, Türkiyənin xilası üçün gedən ordunu biz məmnuniyyətlə yola salarıq... Amma Türk Kommunist Firqəsinin üzvləri Bakıda canfəşanlıq ediblər, o firqənin nümayəndələrinin bir çoxu zabitlər idi, onlar filmdə də göründüyü kimi Bakının küçələrinə vərəqələr yapışdırırdılar ki, narahat olmayın, bu qoşun Türkiyəyə gedir, heç bir problem olmayacaq.

Tarixçi Firdovsiyyə Əhmədova da xatırladır ki, məhz yardım alayının üzvləri türk şarkıları oxuyur, təbliğat aparırdılar ki, ordu Anadoluya yardıma gedir. Onlar, təbii ki, Türkiyə dövləti demək deyildi və bizdə olan kommunistlər kimi düşünürdülər.

- Zaman-zaman Məhəmməd Əmin Rəsulzadəni hökuməti təhvil verməkdə də günahlandırırlar. “Son iclas”ı bu ittihamlara cavab saymaq olarmı?

- Hesab edirəm ki, saymaq olar. Biz Cümhuriyyət tarixinin iki ayını canlandırmağa çalışdıq. Filmdə Rəsulzadənin çıxışından parçalar səsləndirdik. Və bu çıxışdan görünür ki, hakimiyyətin təhvil verilməsinin əleyhinə ilk etiraz edən məhz Rəsulzadə olub. “Hakimiyyəti biz kimə təslim edirik”, deyə emosional bir nitq söyləyib. Amma təəssüf ki, vaxtilə onunla birgə Cümhuriyyət quran kişilərin heç də hamısı onu dəstəkləməyib.

Bundan başqa, həmin dövrdə Azərbaycanın özündə vəziyyət gərgin, beynəlxalq şərait də olduqca mürəkkəb idi. Sonralar Rəsulzadə Cümhuriyyətin süqutunun səbəblərindən danışarkən kifayət qədər zabitlərimizin olmadığını, əhalinin təhsil səviyyəsinin aşağı olduğunu, kifayət qədər məmur-mütəxəssislərin çatışmadığını əsas gətirmişdi.

Digər tərəfdən Azərbaycana təpədən-dırnağa silahlanmış bolşevik Qırmızı Ordusu gəlirdi. Azərbaycan ordusunun əsas qüvvələri isə Qarabağda ermənilərlə vuruşurdu. Belə olan halda hakimiyyəti necə qorumaq olardı? Nəhayət, bir məsələni də unutmaq olmaz ki, onlar hakimiyyəti dinc və demokratik yolla, eyni zamanda konkret şərtlər daxilində təhvil vermişdilər. Nə idi o şərtlər? İndi yaradılan bolşevik hakimiyyəti müvəqqəti, keçid dövləti olacaq. Azərbaycanın istiqlaliyyəti qorunacaq, hökumət və parlament üzvləri təqib edilməyəcək və s. Təəssüf ki, bu şərtlər elə ilk gündən pozuldu, Cümhuriyyət qurucuları təqib olundu, həbsxanalara atıldı...

Bu baxımdan filmdə ekspert kimi çıxış edən Berlin Humbolt Universitetinin professoru Eva-Maria Auxun fikirləri maraqlıdır. O deyir ki, belə ağır şəraitdə qan tökməmək naminə hakimiyyətin təhvil verilməsi müdrik qərar idi.

- İndiyədək AXC ilə bağlı bir sıra video-materiallar vardı, amma belə fikirlər səslənir ki, “Son iclas” Məhəmməd Əmin Rəsulzadəni Cümhuriyyət qurucusu kimi qabardan ilk sənədli filmdir, bunu tarixi salnamə adlandıranlar da var. Bu fikirlərlə nə dərəcədə razılaşırsınız?

- Əgər Azərbaycan Xalq Cümhuriyyəti haqqında film çəkilir və orada Məhəmməd Əmin Rəsulzadə obrazı canlandırılmırsa, bu, gülməli və absurd olardı. Bizdə qəribə bir psixologiya var, Bakı Media Mərkəzi Cümhuriyyət haqqında film çəkdiyini elan edəndə dərhal sosial şəbəkələrdə müzakirələr başlandı: Rəsulzadə obrazı olacaqmı? Bu sualı verənlər özləri də cavab verirdi ki, xeyr, olmayacaq!

Anlaya bilmirdik ki, adamlar niyə belə düşünür... Axı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə deyib ki, müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Bundan başqa, cənab Prezident bu Cümhuriyyətin 100 illiyinin keçirilməsi ilə əlaqədar xüsusi sərəncam imzalayıb, 2018-ci ili Cümhuriyyət ili elan edib. Dövlət Cümhuriyyətə sevgisini və ehtiramını daha necə bildirməlidir? Özünüz də bu günlərdə dövlət səviyyəsində keçirilən tədbirlərin şahidi oldunuz. Bu baxımdan mən deyərdim ki, M.Ə.Rəsulzadənin və bütün cümhuriyyət qurucularının xidmətlərini qabardan “Son iclas” filmi yox, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olub. Məhz cənab Prezidentin sərəncamından sonra biz belə bir film ərsəyə gətirmişik.

Təəssüf ki, Bakı Media Mərkəzinin bundan əvvəl çəkdiyi “Əbədi ezamiyyət” filmi barədə də belə müzakirələr açılmışdı. Deyirdilər, filmdə niyə M.Ə.Rəsulzadə obrazı yoxdur? Əvvəla, həmin filmdə Rəsulzadənin Topçubaşovla yazışamları xatırladılmışdı. Digər tərəfdən, axı “Əbədi ezamiyyət” bütövlükdə Cümhuriyyət tarixi haqqında deyil, Ə.M.Topçubaşovun rəhbərliyi altında Paris Sülh Konfransına göndərilən nümayəndə heyəti haqqında idi. O nümayəndə heyətinin tərkibində isə M.Ə.Rəsulzadə yox idi...

- Bəzən ssenarinin güclü olması hələ filmin səviyyəsini müəyyənləşdirmir. Təcrübədə ssenarisi güclü, rejissor işi zəif filmlər çoxdur. Rejissor Fuad Əlişovun işindən razı qaldınızmı?

- Bəli, razı qaldıq. Fuad Əlişov kifayət qədər istedadlı, müasir düşüncəli rejissordur. Bunu ortaya qoyduğu işlə bir daha sübut etdi. Gələcəkdə qismət olsa, yenə də Fuad Əlişovla işləməyə hazıram. Çünki iş prosesində aramızda fikir ayrılığı yaranmadı.

- Fuad Əlişov daha çox klip çəkən rejissor kimi məşhurlaşıb. Maraqlıdır, rejissor seçimi kimin ixtiyarına buraxılmışdı?

- Həqiqətən rejissor seçimi ilə bağlı müxtəlif təkliflər, variantlar var idi. Son qərarı Bakı Media Mərkəzinin baş icraçı direktoru Orman Əliyev verdi. O özü də nisbətən gənc və istedadlı rejissordur, Azərbaycan rejissorlarını məndən daha yaxşı tanıyır. Bu filmi Fuad Əlişova Orman Əliyev etibar etdi və hesab edirəm ki, seçimi düz oldu.

- Filmə reaksiyalar necədir?

- Filmi ilk dəfə Heydər Əliyev Mərkəzində min nəfərdən çox tamaşaçı izlədi, daha sonra 3 gün Bakı və Gəncə kinoteatrlarında nümayiş olundu. Əməkdaşlarımız monitorinq aparıblar və demək olar ki, bütün seanslarda zallar dolu olub. Təbii ki, bu, təkcə “Son iclas” filminə yox, həm də Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə maraqla bağlıdır.

Düzü, əvvəl bir az şübhə ilə yanaşırdıq ki, kinoteatrda filmə baxanlar çoxmu olacaq? Daha çox komediya janrına maraq göstərən tamaşaçı Cümhuriyyət tarixinə maraq göstərəcəkmi? Sən demə, narahatlığımız nahaq imiş. Üç gün kinoteatrlar bu filmə görə doldu.

Bəzi kinoteatrlardan müraciət gəlib ki, nümayişin bir neçə gün də davam etdirilməsinə icazə verilsin. Doğrudan da sevindirici faktdır ki, AXC tarixinə əhalidə belə böyük maraq var. Tamaşaçılar arasında gənclərin çoxluq təşkil etməsi isə daha sevindiricidir. Hələ ciddi tənqidə rast gəlməmişik, amma ola bilər nə isə kiminsə xoşuna gəlməsin. Bu da təbiidir.

- Aktyor seçimində də gənclərə üstünlük verilmişdi, bir çoxu yeni sima idi.

- Aktyor seçimi ilə peşəkar kastinq qrupu məşğul olmuşdu. Hər rola az qala 3-4 aktyor seçilmiş, sınaq çəkilişləri aparılmışdı. Ona görə də aktyor seçimini uğurlu saymaq olar.

- Düzdür, filmin sonunda istifadə edilən arxivlərin adı sadalanır. Amma hər halda ssenarist kimi oxucularımıza xatırlada bilərsinizmi ki, ssenarinin yazılması üçün hansı arxivlərdən istifadə edilib?

- Cümhuriyyətlə bağlı Azərbaycan arxivlərində saxlanılan bütün sənədlərlə, demək olar ki, tanış olduq, Moskva arxivlərində çalışdıq. Rusiya Federasiyasının Dövlət Arxivində, Rusiya Dövlət Kino-Foto Sənədləri Arxivində, Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivində, Rusiya Dövlət Hərbi Arxivində və sair arxivlərdə saxlanılan sənəd və materiallardan istifadə etdik.

Bundan başqa, Fransa Ali İctimai Məktəbinin arxivində saxlanan sənədlərdən yararlandıq, Britaniya arxivlərindən də müəyyən sənədlər aldıq. Bir məsələni də qeyd etmək yerinə düşər. Cümhuriyyət parlamentinin bütün iclaslarının stenoqramları Dövlət Arxivində saxlanılır, son iclas istisna olmaqla. Parlamentin son iclasından sonra həmin stenoqramlar bolşeviklər tərəfindən müsadirə edilib və təhlükəsizlik orqanlarının arxivinə verilib.

Hazırda həmin sənədlər Dövlət Təhlükəsizlik Xidmətinin arxivindədir. Bizim bu sənədlərlə tanış olmağımıza icazə verildiyinə görə DTX-nin rəhbərliyinə xüsusi təşəkkürlər düşür. Onu da qeyd etmək istəyirəm ki, filmin elmi məsləhətçiləri tarix elmləri doktoru Aydın Balayev və tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyevdir. Bundan başqa Fransa Ali İctimai Məktəbinin doktoru, milliyyətcə gürcü olan Giorgi Mamulia var, Parisdə yaşayır, Qafqaz tarixinin araşdırıcısıdır.

Hələ “Əbədi ezamiyyət” filminin çəkilşləri zamanı onunla işgüzar və mehriban münasibətlərimiz yaranmışdı, bu filmin ssenarisini hazırlayarkən onun da məsləhətlərindən yararlanmışıq. Nəhayət, tanınmış diplomat və tədqiqatçı dostumuz Ramiz Abutalıbovla əməkdaşlıq etmişik, onun məsləhətlərindən də bəhrələnmişik. Arxiv sənədləri ilə yanaşı Cümhuriyyət xadimlərinin xatirələrindən və əsərlərindən də istifadə olunub.

- Baxanda görünür olur ki, filmə xeyli maliyyə vəsaiti sərf olunub, kostyumlardan tutmuş, qrafika, montaj işinədək peşəkar səviyyədə həyata keçirilib. Filmin maliyyə dəyərini açıqlaya bilərsinizmi?

- Düzü, filmin büdcəsini açıqlamaq istəməzdim, heç bilmirəm də. Çünki mənim sahəm deyil. Bu işdə bizə BP Azərbaycan şirkəti böyük dəstək oldu. Yeri gəlmişkən, BP Azərbaycan şirkətinin bu işə xüsusi qayğı ilə yanaşan əməkdaşlarından Bəxtiyar Astanbəyliyə, Tamam xanım Bayatlıya və Zaur Cəbrayıla bir daha təşəkkür etmək istəyirəm.

- Ümumilikdə çəkilişlər harada aparılmışdır?

- Bildiyiniz kimi Məhəmməd Əmin Rəsulzadənin yaşlı dövrünü nəvəsi Rəis Rəsulzadə oynayıb və bununla bağlı çəkilişlər Türkiyədə aparılıb. Qalan çəkilişlər ölkəmizin şimal bölgəsində - Xaçmazda, Yalamada olub, Bakının bir sıra tarixi binalarından istifadə etmişik. Nəhayət, son iclasın keçirildiyi Əlyazmalar İnstitutunun binasında çəkiliş aparmışıq.

- Film çəkilişindən sonra bəzən aktyorlara ödənilən qonorarlar da müzakirə mövzusu olur. Aktyorlara yaxşı qonorar verildimi?

- Mən maliyyə məsələlərindən uzaq olduğum üçün bu barədə də nəsə deyə bilməyəcəyəm. Amma əminəm ki, aktyorlara normal qonorar verilib. Filmdə müxtəlif kateqoriyalı aktyorlar iştirak edir, əsasən gənclər üstünlük təşkil edirdi. Amma tutaq ki, Səmədağa Ağamalıoğlu rolunu oynayan tanınmış aktyorumuz Qurban İsmayılovla gənc aktyorun qonorarı eyni ola bilməzdi...

Reaksiya.az

Şərhlər