Rafiq Hüseynovun qızı atasının arzusunu yerinə yetirdi

“Leyli artıq tələbə adını qazanıb. Rəssamlıq Akademiyasının Qrafika fakultəsinə qəbul olunub. Bu fakultədə oxumaq hamımızın arzusu idi”. 

Azərbaycanın xalq artisti, mərhum diktor Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova övladının tələbə adını qazanmasına münasibət bildirərkən deyib.

Səbinə Hüseynova bildirib ki, Leylinin bu peşəni seçməsi atasının çoxdankı arzusu idi.

 
 

“Rafiq sağlığında Leylini rəssam görmək arzusunda idi. Hətta  sağlığında zamanı tələsdirirdi ki, Leylini rəssam görə bilsin. Həmişə deyirdi ki, “Leyli bircə tez böyüsəydi, onu rəssam görərdim”. Təəssüf ki, həyat biz istədiyimiz kimi olmur. Bu da bir qismətdir. Şükürlər olsun ki, Leyli atasının arzusunu gerçək edə bildi”.

Mərhum diktorun xanımı qızının gələcək planlarından da söz açıb.

“Leyli  hər 3 qabiliyyət imtahanından 10 bal aldı. İmtahanlarda yüksək nailiyyət əldə etdiyinə görə Leyli də, mən də çox sevinirik. Leylinin təhsili ilə bağlı arzuları böyükdür. Azərbaycan Rəssamlıq Akademiyasında təhsilin səviyyəsi çox güclüdür. İnşallah ki, Rəssamlıq Akademiyasında oxusun, gələcəkdə potensialından istifadə edər. Leylinin akademiyaya qəbul olunmasından sonra bir çox insanlar bizə zəng edib təbrik etdi. Hər kəs sağ olsun ki, Rafiqin övladının uğuruna sevinclə yanaşdılar”.

Qeyd edək ki, Azərbaycanın xalq artisti, tanınmış diktor, mərhum Rafiq Hüseynov 2017-ci ilin 30 oktyabrında 71 yaşında dünyasını dəyişib.

 

 

Reaksiya.az

Advertisement Banner

Şərhlər