“Doxsan yaşı tamam olan adam necə olar...” Yubiley təəssüratı...

05.02.2019 13:20     Artreaksiya     1559

Bu gün xalq artisti Əlibaba Məmmədovun doxsan illik yubileyidir. Əlibaba Məmmədov 1929-cu il fevralın 5-də Bakının Maştağa qəsəbəsində anadan olub. Moderator.az-a açıqlamasında xalq artisti öz xoş təəssüratlarını bölüşüb:
 
“Təbrikiniz üçün çox sağ olun. Bu gün doxsan yaşım tamam olur. Pasportda 1930-cu ildə doğulduğumu yazıblar, amma 1929-cu ildə doğulmuşam. Doxsan yaşını qeyd edən adam necə olar, sizcə? Ailəmlə birlikdə bu günümü qeyd edirəm”.
 
Xalq artisti səhhətindən də danışdı və bildirdi ki, özünü pis hiss etmir:
 
“Allaha şükür hələ ki, babatam. Yaşlı adamam səhhətimdə problemlərin olması da təbiidir. Bir daha diqqətinizə görə, hamınıza minnətdaram”. 
 
Xatırladaq ki, Ə.Məmmədov musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb. 1945-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə “Azkonsert birliyi”nin solisti olub. 1968-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə “Hümayun” xalq çalğı ansambılını yaradaraq rəhbərlik edib. Ə.Məmmədov 100-dən çox mahnı və təsnif yaradıb. Onun ifa etdiyi “Rast” “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəsgahlarının səs yazıları AzTV-nin Fondunda saxlanılır. 
 
Biz də qocaman sənətkarımızı yubileyi münasibəti ilə təbrik edirik. 
 

Şərhlər