“Məhəllə” 15 il sonra ekranlara qayıdır

Azərbaycan kino sənətinin incisi, kadrlardan tutmuş monoloqlara kimi hər kəs tərəfindən dillərdə əzbər olan “Məhəllə” filminin üçüncü hissəsi böyük ekranlara qayıdır. Məşhur filmin treyləri “Planet Parni iz Baku”nun rəsmi “Youtube” səhifəsində yayımlanıb.

Oxu.Az xəbər verir ki, filmin quruluşçu rejissoru Ramiz Fətəliyev, ssenari müəllifi isə Tahir və Cabir İmanov qardaşlarıdır.

İmanovlar peşəkar təqdimatda, bacarıqlı komanda ilə insanlara gülüş bəxş edən ekran əsəri ərsəyə gətiriblər. Onlar əmin edirlər ki, “Məhəllə-3” də digər “Məhəllə”lər kimi baxımlı olacaq. Çünki məkanlara, xüsusilə aktyor heyətinə diqqətlə yanaşıblar.

 

Filmdə həm özləri, həm də “Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadə, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Hacı İsmayılov yer alıb. “Məhəllə-3”ün qala gecəsi martın 3-də, Heydər Əliyev sarayında baş tutacaq.

Film kiçik bir məhəllə və bu məhəllənin sakinlərinin başına gələn məzəli əhvalatlardan danışır. “Məhəllə-3” filmi unudulmaz bəstəkar Süleyman Ələsgərov və həyat yoldaşı Ağgül xanımın 80 illik yubileylərinə ithaf olunub.

Qeyd edək ki, sözügedən filmin birinci hissəsi 2003-cü ildə geniş auditoriyaya təqdim olunub. Ekran əsəri kiçik bir məhəllə və bu məhəllənin sakinlərinin başına gələn məzəli əhvalatlardan danışır. Hadisələrin axışı Tofiqin (Coşqun Rəhimov) əsgərlikdən qayıtması ilə başlayır. Anası (Kübra Əliyeva) bircə oğlunu evləndirmək istəyir. Tofiqin gələcək qaynatası “professor”dur (Avtandil İsrafilov). Amma bu professor o professorlardan deyil. Mərhum aktrisa Nəsibə Zeynalovanın kinoda son işi də “Məhəllə” filmidir. 

 
Bir il sonra - 2004-cü ildə “Məhəllə”nin ikinci hissəsi tamaşaçıların ixtiyarına verilib. Bu filmdə Tofiqin (Coşqun Rəhimov) məktubu əsasında məhəllənin bütün sakinləri Moskvaya yollanır. Məqsəd isə Tofiqi bir “bəla”dan qurtarmaqdır. Film dahi sənətkar, səhnəmizin korifeyi, Azərbaycanın Xalq artisti, əvəzolunmaz Nəsibə Zeynalovanın əziz xatirəsinə həsr olunur. Filmdə “Xaç Atası”, “Anakonda” filmlərindən, “Deep Purple”, “Venus” qruplarının, Lou Beqa, R.Kellynin və Roy Orbinsonun repertuarlarından istifadə olunub.
 
Nəzərinizə çatdıraq ki, “Planet Parni iz Baku” daha bir konsert proqramı ilə tamaşaçıların qarşına çıxacaq. Belə ki, aprel ayının 19, 20, 21 və 22-də Heydər Əliyev Sarayında “Nataşa, mı prişla!” adlı konsert proqramı baş tutacaq. Zəngin proqram hazırlayan ölkənin məşhur yumor ustaları - Əməkdar artistlər Tahir və Cabir İmanov qardaşları bu dəfə də bir çox parodiyalarla izləyiciləri həm təəcübləndirib, həm də güldürəcəklər. Əgər siz də vaxtınızı səmərəli və şən ab-havada keçirmək istəyirsinizsə, şəhərimizin kassalarına yaxınlaşaraq, biletləri əldə etməyə tələsin.
 
 
Advertisement Banner

Şərhlər