Çexiya Respublikasında Azərbaycan “ANİMAFİLM” festivalının Əks-sədası tədbiri keçirilib

1-ci ANİMAFİLM Festivalının təşkilatçıları festivalın nəticələrinə bir daha nəzər salmaq, gələn festivaldan danışmaq və ən əsası, Azərbaycan animasıyasını tanıtmaq məqsədilə bu ilin martın 23-də Çexiya Respublikasinin Praqa şəhərində “ANİMAFİLM” I Bakı Beynəlxalq Animasiya Festivalının əks-sədası adlı tədbir keçiriblər. Tədbir "OLIEL Company" və Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin dəstəyi ilə Praqanın “Kino Pilotů” kinoteatrında keçirilib. Tədbirdə ən yaxşı xarici və Azərbaycan cizgi filmləri nümayiş etdirildi və xaricdə ilk dəfə “Azərbaycan animasiyası” kitabı təqdim olundu. Tədbirdə tək Azərbaycandan deyil, bir sıra xarici ölkələrdən də qonaqlar iştirak edirdi. Əsas iştirakçılar isə təbii ki, Çexiya animasiyası mütəxəssisləri idi, demək olar ki, Çexiyanın sanballı animasiya icması bu tədbirdə iştirak edirdilər. “ANİMAFİLM” festivalının direktoru Rəşid Ağamalıyev çıxış edərək qeyd etdi ki, bu tədbir ilk növbədə Azərbaycan və Çexiya animasiyası arasında münasibətləri daha da yaxınlaşdırdı və mədəniyyətlərimiz arasında birbaşa dialoq yaratdı. Tədbirdə hazırda Rusiyada çalışan animasiya ustadı rejissor Cahangir Süleymanov və Almaniyadan Azərbaycanda ən çox “Tıq-Tıq xanım” multfilminin rejissoru kimi məşhurlaşmış animasiya ustadı Məsud Pənahi xüsusilə fərqləndilər. Tədbirin gedişində bu rejissorların çıxışlarından sonra onların cizgi filmləri nümayiş etdirildi. “ANİMAFİLM” festivalının Əks-sədası tədbirinin proqramı “ANİMAFİLM” I Bakı Beynəlxalq Animasiya Festivalının qalibi, “OSKAR” mükafatına namizəd “Late Afternoon” (“Günortadan sonra”) da daxil olmaqla mükafat almış Azərbaycan, Rusiya, İran və Almaniya cizgi filmləri Çexiya Respublikasinda ilk dəfə nümayiş etdirildi. Filmin rejissoru İrlandiya Respublikasından Louise Bagnall tədbirə İnternetlə qatılaraq söylədi ki, “Late Afternoon”un Oskar mükafatına təqdim olunması onun tamaşaçılarının sayını xeyli artırmaq fürsətidir. Tədbirin Azərbaycan animasiyası adlı ilk hissəsində ən tanınmış Azərbaycan animasiya filmləri nümayiş etdirildi, sonra “Azərbaycan animasiyası” kitabının təqdimatı oldu. “Əks-səda”nın qonaqlarını Azərbaycanın milli şirniyyatları – paxlava, şəkərbura gözləyirdi. Bu jest ilə ANİMAFİLM komandası əziz bayramımız olan Novruz günlərində Azərbaycanın qonaqpərvərliyini bir daha nümayiş etdirdi. XATIRLATMA Çoxları yəqin 19-21 oktyabr 2018-ci il tarixlərində Bakı şəhərində keçirilən “ANİMAFİLM” I Bakı Beynəlxalq Animasiya Festivalını unutmayıb. Həmin festival ilk dəfə keçirildiyinə baxmayaraq müvəffəqiyyətlə başa çatdı. Festivala dünyanın 63 ölkəsindən 480 film, 15 ssenari təqdim edilmişdi. Festivalın proqramı çərçivəsində öz sözünü demiş tanınmış animasiya ustaları “ustad dərsləri” və “ReAnimasiya” sərgisi keçirildi və müxtəlif ölkələrin cizgi filmləri, retrospektiv filmlər nümayiş etdirildi, uşaqlar üçün animasiya vorkşopları və kukla tamaşası təşkil edildi. Əminliklə demək olar ki, bu festival Azərbaycanın mədəniyyət tarixində bir iz buraxdı. İKİNCİ FESTİVAL 2-ci ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı 18-20 oktyabr 2019-cu il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Festival üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları sevindirəcək, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır. Reaksiya.az
Advertisement Banner

Şərhlər

Çox oxunanlar